DEYƏSƏN BU ÖLKƏDƏ MƏMURLAR NƏ iCTiMAi RƏYi VECiNƏ ALIR, NƏ DƏ MiLLƏTi

AQİL ABBAS
33220 | 2007-03-09 23:49
Baxıram, son zamanlar bütün qəzetlər bizim milli futbol takımımız haqqında ölkə ictimaiyyətinin rəyini dərc edirlər. Amma deyəsən ölkə ictimaiyyətinin rəyi milli takımımızın baş məşqçisinin tükünü də tərpətmir, yəni qarabağlılar demiş, filan yerinə də deyil. Məsələ nədir? Azərbaycanın milli takımında səkkiz nəfər qeyri-azərbaycanlı oynayır, hətta zəncilər.
   
   Və dünən də qəzetdə oxudum ki, bizim bu "milli" takımımız "Paxtakor"u udub. Milli takım deyəndə gözümüzün önünə "Neftçi" gəlir. Kim nə deyir-desin, "Neftçi" takımı on illər Azərbaycanın şərəfini qoruyub və bu gün də pis-yaxşı qoruyur. Mən şəxsən "Qarabağ" takımını tuturam, amma "Neftçi"nin oyunlarına həvəslə baxıram və "Neftçi"yə azarkeşlik edirəm. Səbəbi də məlum, cocuqluğumuzdan "Neftçi"yə sevgi ilə böyümüşük. Və onu da bilirəm ki, "Neftçi" həmişə "Paxtakor"u udub. Hətta An, Fyodorov, Pşeniçnikov kimi futbolçular "Paxtakor"da oyanayanda da onları udmuşuq. Qısası, bu dəqiqə çayxanalardan 13 uşaq yığaram və "Paxtakor"u udaram. Ən azı ona görə ki, biz psixoloji cəhətdən "Paxtakor"u udmalıyıq.
   
   Faciə nədi? Kimisə Azərbaycan vətəndaşlığına qəbul etmək yalnız prezidentin səlahiyyətindədi. İndi Şahin Diniyev prezidentin səlahiyyətlərini mənimsəyib, heç kim ona gözün üstə qaşın var demir ki, dostum, sənə kim səlahiyyət verib ki, səkkiz nəfər qeyri-azərbaycanlını Azərbaycanın milli takımına qəbul edəsən?!
   
   Və Azərbaycan ictimaiyyəti də qınaya-qınaya elə qınayır, ayrı bir hərəkət eləmir. Belə qərara gəldik ki, "Ədalət" qəzeti olaraq prezidentin səlahiyyətlərini mənimsədiyinə görə, Şahin Diniyevi məhkəməyə verək. Ola bilər ki, hakimlərimiz də Şahin Diniyev ağılda ola və biz uduzaq. Eybi yox, sadəcə olaraq, doğrudanmı Azərbaycanda elə bir hakim tapılacaq ki, Azərbaycan prezidentinin səlahiyyətlərini mənimsəyən şəxsin xeyirinə qərar qəbul eləsin. Əgər edərsə, deməli, o əjdahadır.
   
   Bütün qəzetçiləri də bizə dəstək olmağa çağırıram.
   
   Sonda. " Paxtakor"u udsaq da yüz faiz sizi əmin edirəm ki, seçmə oyunlarda bir setka topla qayıdacağıq. Bir dəfə qəzetimizin işçiləri məndən bir lətifə yazmışdılar (məndən çox yazırlar, mən də incimirəm, necə ki mən çoxlarından yazıram incimirlər, biri mənim çox xoşuma gəlir, hətta bunu televizyonlarda da söyləmişəm).
   
   Lətifə belədi. Oğlum Tuncay orta məktəbdə oxuyanda yazmışdılar.
   
   Tuncay atasına deyir"::
   
   - Ata, riyaziyyat müəllimi dedi ki, indən belə məsələləri atan həll eləməsin, özün həll elə. Mən də soruşdum ki, niyə?
   
   Müəllim"::
   
   - Onsuz da özün də iki ala bilirsən də!
   
   İndi dostum Şahin Diniyev, onsuz da "2" alacaqsan, heç olmazsa qoy məsələləri özümüz həll edək də. 8 yabançı ilə "2" almaqdansa elə özümüzünkülərlə "2" alaq. Niyə?! Dünya elə bilər ki, Azərbaycan azərbaycanlıların deyil.

TƏQVİM / ARXİV