adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Oktyabr 2018 14:18
21614
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ALMA AĞACLARINI BULDOZERLƏ ÇIXARTDI

Hər bir insanın öz məşğuliyyət növü var. Kiminin çörəyi ticarətdən çıxır, kiminin çörəyi elmdən çıxır, kiminin də çörəyi əkib-becərməkdən və mer-meyvə yetişdirməkdən hasil olur. Onsuz da Allah-Təala heç kimi ümidsiz qoymur. Yəni əziyyət çəkirsən, tər tökürsən, sonra da onun bəhrəsini görürsən. Ancaq nə etmək olar ki, bəzən onun bəhrəsini görməyən insanlar da var.

Uzun illər əziyyət çəkib alma bağı salır, onu becərir, başına pərvanə kimi dolanır, məhsul yetişdirir. Amma bu məhsul da bəzən çəkilən əziyyətə və zəhmətə dəymir…

Belə də olanda təbii ki, həmin insanlar ümidsizliyə qapılır və çəkdiyi əziyyətə heyfi gəlir. Zarafat deyil, bir alma ağacını böyütmək, becərmək üçün hər hansı fermer aylarla, illərlə alın təri tökməyə məcburdur. O da görəndə ki, qışın oğlan çağında, yayın istisində çəkdiyi əziyyət qara qəpiyə dəymir, bax onda həmin insanlar istər-istəməz hər şeydən küsürlər.

Bu yaxında bir qubalı fermer də becərdiyi mer-meyvəni sata bilmədiyinə görə bərk əsəbləşib. Heç onu da qınamalı deyil. İlboyu ümidini mer-meyvəyə dikib, o da gəlib belə çıxıb. Yəni bir kiloqram almaya heç 15 qəpik də pul verən yoxdur. Biz həmin fermerlə maraqlandıq və onunla söhbət də elədik. Sonra gördük ki, fermerin əsəbləşməsi, hövsələdən çıxması elə-belə deyilmiş. Fermer o qədər əsəbləşib ki, axırda alma ağaclarını qırıb məhv eləmək fikrinə düşüb. Və bu məqsədlə də buldozerlə neçə-neçə alma ağacını kökündən çıxarıb: «Bunu nə üçün etmisiniz?» sualımıza fermer belə cavablandırdı: «İlboyu ailəlikcə əziyyət çəkib məhsul yetişdirmişik. İndi isə onu alan tapılmır. Alan tapılsa da, 18 qəpikdən artıq pul vermir. Heç bu onun maya dəyəri eləmir. Bilirsiniz, ilboyu meyvənin bol olması üçün nə qədər xərc çəkmişik? Düzdür, Allah-Təala biz istədiyimiz bol məhsulu verib. Ancaq nə etmək olar ki, onu gəlib alan yoxdur. Alan da elə qiymət deyir ki, heç satmağa dəymir. Biz o meyvələri nə qədər pul verib yığdırmışıq, səliqə ilə yeşiklərə düzdürmüşük. İndi isə ona qəpik-quruş verirlər. Mən deyiləm, sizsiniz, zəhmətiniz zay olsa nə edərsiniz?!»

Haqlı suala nə deyəsən. Sonra fermer söhbətini davam elətdirir: «Öz bağımdır, istəyərəm ağacların hamısını çıxararam. Əgər bir şeydən xeyir görmürəmsə, onun əziyyətini niyə çəkməliyəm? Bəzən deyirlər ki, bir az səbrli ol, gələn il yaxşı olacaq. Amma hər şey əksinə cərəyan edir. Ötən il yenə bir az qiymətlər babat idi. Bu il ondan da pisdir. Mən də düşünürəm ki, ziyanın yarısından da qayıtmaq xeyirdir. Alma ağaclarını çıxarıb onun yerinə taxıl, ya da yonca əkim. Bəlkə bu məhsullarla ailəmi birtəhər dolandırmağı bacardım».

Qubalı fermerin alma ağaclarını buldozerin ağzına verdirməsi xəbəri ölkənin hər yeriən yayılıb. Təkcə həmin fermer deyil, məhsulu bağlarda qalıb zay olan çox insan onun kimi çətin anlar yaşayırlar. Axı bu adamların günahı nədir ki, ilboyu əziyyət çəkdikləri və becərdikləri meyvələr qəpik-quruşa gedir. Qubalı fermerin hərəkətindən sonra adiyyəti qurumlardan reaksiya gəlib. Deyilənlərə görə, Kənd Təsərrüfatı Nazirliyinin hansısa idarəsindən gedib həmin fermerin təsərrüfatına baxacaq və onun ucuz qiymətə bağlarda qalan almasına müştəri tapılacaqdır. Tutaq ki, bu müştəri tapıldı. Bəs onlarla digər fermerlərin taleyi necə olacaq?! Onların da bağlarında qalan almalarına alıcı tapılacaqmı? Bax, bunu dəqiq deyə bilmərik.

Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları çox plansız əkilir. Bir də görürsən ki, bir məhsuldan həmin il əkilmədi, onun qiyməti qalxıb durdu kəllə çarxa. Məsələn, ötən il ölkədə sarımsaq qıtlığı yaranmışdı. Hətta sarımsağın bir kiloqramının qiyməti 6-7 manata çatmışdı. Bu il isə sarımsağın bir kiloqramı bir manatdan artıq deyil. Bu nəyin nəticəsidir? Məhz bu da plansız təsərrüfatın və əkinin bəhrəsidir.

Bəyənmədiyimiz sovet hökumətinin dövründə planlı təsərrüfat vardı. Yəni hər rayon öz iqtisadiyyatına uyğun məhsul istehsal edirdi. Biri çay yetişdirir, biri kartof istehsal edir, biri bostan-tərəvəz məhsulu becərir, biri də subtropik bitki yetişdirirdi. Bunların da hər birinin alıcısı vardı. Və rayonlarda emal müəssisələri, fabrik, zavodlar fəaliyyət göstərirdi. Üstəlik də ölkədə kooperativ qurum mövcud idi. O kooperativ qurum rayonlardan mövsüm vaxtı pomidor, xiyar, soğan və digər bostan-tərəvəz məhsullarını ucuz qiymətə alıb əhaliyə də ucuz qiymətə satırdı. Təsəvvür edin, bir kiloqram pomidorun, xiyarın, kartofun qiyməti 15 qəpik idi. Həm satan sevinirdi, həm də alan.

Müstəqillik dövrundə bu meyarlar yaddan çıxdı. Daha doğrusu, torpaqlar kəndliyə veriləndən sonra əvvəlki sistem dağıldı və yeni sistem də bu günə qədər yaradılmayıb. Ona görə də Azərbaycan fermeri ən yaxşı halda ümidini Rusiya bazarlarına bağlayıb. Rusiya bazarlarına çıxa biləndə heç olmasa yetişdirdikləri məhsulları babat qiymətə sata bilirlər. Öz bazarımıza qaldıqda isə, yazıq fermerlərin qara günləri başlayır. Yəni onların yüz tonlarla məhsulları ya bağlarda qalıb zay olur, ya da hansısa dələduzlar qəpik-quruşa tonlarla alma, armud və digər meyvələri alıb gətirib bazarlarda baha qiymətə satırlar. Heç uzağa getməyək. Quba bağlarından kiloqramı 10-15 qəpiyə alınan almanı Bakı bazarlarında işbazlar 60-70 qəpiyə satırlar. İndi görün, yazıq o fermerlər hansı əziyyətlə üzləşirlər. Bax, burda deyirlər ey, kim qazana, kim yeyə!

Bizim məmləkətdə Kənd Təsrrüfatı Nazirliyi də var və o Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda çox qəşəng, gözəl idarələri də. Hökumət milyonlarla pul xərcləyib rayonlarda kənd təsərrüfatı idarələri tikdirib və orda rəis də var, müavin də və nə qədər əməkdaşları da. Hər bir kənd təsərrüfatı idarəsinin deyilənlərə görə, icarə götürdüyü torpaq sahələri var. Onlar həmin torpaq sahələrindən çox yaxşı istifadə edir və qaz vurub qazan doldurur. Ancaq çətin vəziyyətdə olan, məhsulu çürüyüb gedən fermerlərə heç bir kömək əli uzatmırlar. Bəs onda bu idarələr və Nazirlik nəyə lazımdır? Hər bir fermer Nazirlik, idarələr tərəfindən maarifləndirilməli, onlara kömək edilməlidir. Bir faktı deyək ki, bu işlər çox bərbad vəziyyətdədir. Bunu tək biz demirik, bunu yetişdirdikləri məhsulları əllərində qalıb zay olan fermerlər deyirlər.

Nə vaxta qədər ki, fermerlərə lazımi köməklik göstərilmir, plansız təsərrüfat mövcuddur və onlarla öncədən gələcəkdə yetişdirəcəkləri məhsulların alışı ilə bağlı müqavilələr yoxdur, bax, həmin fermerlər də bu cür əziyyətlər yaşayacaq. Yəni istehsal etdikləri məhsulları əllərində qalacaq.
Cənablar, doğurdan da siz vermerlərə şərait yaratmaq istəyirsinizsə, öncə onları boş-boş vədlərlə deyil, konkret köməkliklə sevindirin. Yəni məhsul istehsal edən sahibkara, fermerə satacağı bazarı yaradın. Əgər o bazar yoxdusa, yüzlərlə fermerin becərdiyi məhsullar sahələrdə qalıb məhv olacaq, bundan qazanan isə ikinci, üçüncü şəxslər olacaqlar.

Belə də olanda qubalı fermer kimi bəziləri əsəbləşib alma ağaclarını buldozerin ağzına verəcəklər. İllüziya yaratmaq lazım deyil. Onsuz da o qədər yalançılar mövcud olub ki, hələ də onların əlindən qurtara bilmirik. Bolluq demirdiniz? Yazıq bu fermerlər bu bolluğu yaradıb da! Nə desən Azərbaycan kəndlərində var. Amma onu gətirib bazarlara çıxartmağa imkan lazımdır. Qoy əsl fermer öz məhsulunu bazara çıxara bilsin. Bax onda bazarlarda kiloqramı bir manat əlli qəpiyə satılan alma 20-30 qəpikdən artıq ola bilməz. Axı bu, inhisarçılara sərf eləmir. Amma əsl zəhmətkeşlərə və alıcısına çevrilən kasıb insanlara çox sərf eləyir.