adalet.az header logo
  • Bakı 7°C
18 Oktyabr 2018 11:14
21980
GÜNDƏM
A- A+

Tanınmışlar Müstəqillik gününü belə xatırladılar… - XATİRƏ

Bu gün Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Adalet.az bu gün münasibətilə yazarların münasibətini öyrənib. Müstəqillik günü hardaydınız? O günü necə xatırlayırsınız? Müstəqillik elan edilən anı necə təsvir edərdiniz?



Yazıçı Səfər Alışarlı: "Həmin gün mən də camaatla birlikdə Ali sovetin binası qarşısındakı mitinqdəydim. İçəridə 400-də artıq deputat həmin sənədi müzakirə edirdi. Bu, yeni seçilmiş Ali sovet heyətinin müzakirə etdiyi ilk ciddi sənəd idi. Həmin akta görə Azərbaycan SSR-in qanunları SSRİ qanunları qarşısında üstünlük qazanırdı. Çox adam bunun məna və mahiyyətinə varmırdı, hesab edirdi ki, SSRİ-nin əleyhinə olan hər şey bizim xeyrimizədir. Rusların deputat və məmur agentləri dirəşib aktın qəbul olunmasını əngəlləyirdilər. Ancaq xalqın basqısı güclü olduğu üçün bunu bacarmadılar.

Televiziya birbaşa yayım verirdi iclasdan və mən orada təsadüfən qarşılaşdığım bir köhnə dostumun maşınındakı televizordan onu izləyirdim. Yadımda qalan o olub ki, nəhayət, sənəd qəbul olunandan sonra özümdə xeyli yüngüllük hiss etdim.




Jurnalist, Filologiya elmləri doktoru Qulu Məhərrəmli: "O günlər bütün ölkə gərginlik içində idi, indikindən fərqli olaraq cəmiyyət ölkənin taleyi, xüsusən Qarabağ məsələsində çox həssas idi. Həmin dövrdə mən AzTV-də Xəbərlər baş redaksiyasında çalışır, həm də gecə efirə çıxan "1000” informasiya proqramını aparırdım. Təbii ki, həm də bu səbəbdən ölkədəki ictimai prosesləri, o cümlədən həmin ilin avqustun 30-da qəbul edilmiş Müstəqillik bəyannaməsindən sonra Ali Sovetdə gedən prosesləri diqqətlə izləyirdim. Bir tərəfdən parlament hakimiyyətin gerçək qoluna çevrilirdi, digər tərəfdən burada xalqın, demokratik qüvvələrin səsi eşidilirdi. Təbii ki, parlamentin üçdə ikisini zəbt etmiş partnomenklatura da gedən proseslərə ciddi dirəniş göstərirdi. Müstəqillik aktı belə ciddi siyadi mübarizənin nəticəsində meydana çıxmışdı. Mən həmin Aktın elan olunmasını çox həyəcanla ekrandan izləmişəm. Bu barədə çəruzə efən profesdor Hacıbaba Əzimovun tribunadakı dayanışı indi də gözlərimin qabağındadır. Böyük tarixi an idi və təbii ki, düşünə bilən hər kəs Azərbaycanın taleyində hansı hadisənin baş verməsinin fərqində idi.




Filoloq-alim Məti Osmanoğlu: "Azərbaycanın rəsmi müstəqillik gününün elan edilməsi 1991-ci ilin oktyabr ayına düşür. Yəni elə bir vaxta ki, artıq iş-işdən keçmiş, SSRİ faktiki olaraq dağılmışdı. Azərbaycan isə həmin günə qədər öz müstəqilliyini əldə etmişdi. Bununla belə, müstəqilliyimizin əleyhinə olan "buyruq qulları” da kifayət qədər idi. Tarixin təkərini isə geri döndərmək mümkün deyildi. Müstəqillik aktının rəsmən qəbul edilməsi mənim üçün gözlənilməz olmamışdı və xüsusi bir eyforiya yaşadığım da ağlıma gəlmir. O vaxt Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışırdım və özümü həmin günə qədər müstəqil dövlətin vətəndaşı kimi hiss edirdim.”




Yazıçı Şərif Ağayar: "Yekə kişiydim. Bığ yerim tərləmişdi. Tarix fakültəsində oxumağım üçün atamdan 40 min sovet rublu istəmişdilər və mən pulla oxumaqdan imtina etmişdim deyə tale məni cəzalandırmışdı. Çobanlıq edirdim. Qanuni. Maaşlı-zadlı. Ağcabədinin Boyat kəndi yaxınlığındakı pambıqlıqda qoyun otarırdım. Nəmişlik idi. Atın üstündə mürgü vura-vura hərlənirdim. Yəhərdən sərt yağış qoxusu gəlirdi. Birdən kolxozun maşını sürüyə yaxınlaşdı, sürücü qapını açıb düşdü və gülə-gülə dedi: "Axşam Azərbaycanı müstəqil elan elədilər.”

Müstəqilliyin ilk illəri iki ciddi hadisə ilə yadda qaldı:

1. Laçın işğal olundu.

2. Testlə universitetə qəbul olundum.

Elçibəy parlamentdə siqaret çəkəndə hamıya və hər şeyə inamımı itirdim. Ayaz Mütəllibovun konstitusiya aktına atdığı imzanı həp xəyalımda canlandırdım. İri, cəsarətlə yazılmış xətt kimi xəyal edirdim. Sonralar baxdım, sadə bir imza imiş. Elə bil 20 manat qonorar üçün çəkilmişdi.”



Şair Aqşin Yenisey: "Müstəqillik Aktı” qəbul olunanda mən kənddə 5-ci sinifdə oxuyurdum. Kəndimizdə cəmi iki televizor işlək vəziyyətdə idi, biri kəndin yuxarı başında, biri də bizdə, kəndin aşağı başında. Yadımdadır ki, qonşu kişilər hər gecə bizə yığışıb o vaxt parlamentdə gedən müzakirələrə baxırdılar. Hərənin azarkeşlik etdiyi bir deputat vardı. Onu da deyim ki, parlamentdə olduğu kimi, bizim kənddə də ikitirəlik yaranmışdı o günlərdə. Bəziləri sovet imperiyasının dağılmasını istəmirdilər, yiyəsiz qalmaqdan qorxurdular. Onlar Elçibəyə "Keçibəy” deyənlər idi. Bəzi kəndlilər isə əsl azadlıq aşiqləri kimi Azərbaycanı müstəqil görmək istəyirdilər. Bu ikincilər 1989-cu ildə Cəlilabadla İran arasındakı sərhədləri sökənlər idilər. Təxminən belə bir qarmaqarışıq xatirəm var bu gün haqqında.