Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Aslan Quliyev romanlar, povestlər müəllifidir, amma yaradıcılığa başladığı hekayə janrını da unutmur. Onun mürəkkəb süjetli romanları, o əsərlərdə təsvir olunan obrazlar bir romançı kimi artıq kamilləşdiyini sübut edir. Amma hekayələrində Aslan daha mükəmməldir, romanda onun gördüyü "quruculuq" işi, bəlkə qabaqcadan planlaşdırdığı süjet, kompozisiya, təsvir etdiyi obrazların qarşılıqlı münasibətləri hekayələrinin çoxunda qətiyyən nəzərə çarpmır.
Elə bil, bu hekayələr lap əvvəldən elə belə qələmə alınmalıymış. Elə bil, qabaqcadan heç nəyi planlaşdırmadan, süjet xəttini haradan haraya aparıb çıxarmadan hazır bir həyat hadisəsi yazıya gəlir. Hadisələrin axarı, obrazın düşüncə tərzi, həyata, baş verən olaylara münasibəti təbii bir axarla davam edir. Aslanda xarakter yaratmaq istedadı qabarıq nəzərə çarpır ki, bu da yaxşı bir hekayənin yaranması üçün ilkin şərtlərdən biridir. Onun "Halallıq" hekayəsinin ("Ulduz", 2017, iyul) qəhrəmanı çox maraqlı bir tipdir. Mürəkkəb daxili aləmi var bu tipin. Atası öləndə qəbristanda, hamının qarşısında deyir ki, mən atama haqqımı halal eləmirəm.
Siz belə bir hadisə ilə üzləşmisinizmi? Oğul atasının dəfnində ailəsinin-anasının, bacısının, qardaşının və kənd camaatının illərdən bəri sabitləşmiş halallaq ənənəsinə xilaf çıxır. Əlbəttə, bu hadisə göydəndüşmə deyil və illərdən bəri ATA-OĞUL arasındakı az qala düşmənçilik həddinə çatan ziddiyyətin nəticəsidir. Hekayənin məzmununu, ata ilə oğul arasında baş verən münaqişəni qətiyyən nəql etmək fikrində deyilik. Ancaq məlum olur ki, ata oğlu ilə qəddarcasına rəftar edirmiş, öləndə belə ona halallıq verməyib. Bu yerdə oğula haqq qazandırmaq olarmı? Onu dinləyək: "Demək, vermədi, son nəfəsinə qədər kin saxladı, bağışlamadı.Vermədi, anası təsdiq elədi, çox dedim, yalvardım, amma faydası olmadı. Gərək atanın sözündən çıxmazdın. Oğullar var e, oxuyurlar, əllərinə qurban, ay dədə! Deyirlər kaş atamız sağ olaydı, yenə də bizi döyəydi, təpik-yumruq altına salaydı. "Ana, kim oxuyur, özü üçün oxuyur. Niyə təpik-yumruq altına salmalıymış? Olmazmı saçımı oxşasın, xoş sözlər desin? Niyə görə məni döyən əllərə qurban olmalıyam? Səyəm? O məni bağışlamasın, halallıq verməsin, mən onun əllərinə qurban olum?". Deməli, münaqişənin kökü ataya gedib çıxır. Sonra məlum olur ki, oğula qarşı bu münasibətdə hamı ata ilə həmrəydir. Bibisi bircə göbələk üstündə maşanı necə vurursa, bir ay sol ayağını yerə basa bilmir. "Anam məni o qədər döyməyib, sən o qədər döyübsən". Əmisinin bağından ikicə dənə alma dərdiyi üçün qovulur, qaçanda şalvarı səpərin tikanına ilişir, əmisi o qədər onu döyür ki, bədənində salamat yer qalmır. Bax, bütün bu hadisələr, oğula qarşı sanki vərdiş halını almış bu döyülmələr ziddiyyətləri kəskinləşdirir. "Mənim bir prinsipim var, pislik eləyənə pislik elə, yaxşılıq eləyənə yaxşılıq. Ay unut, ay kin saxlama, ay o pisliyindən əl çəkmir, sən niyə yaxşılığından əl çəkirsən kimi sözlər mənim üçün deyil"- bu "prinsip" oğulun həyat devizinə çevrilir və o, kəndə, atasının dəfninə gələndə bu "prinsipi" elan edir. Əlbəttə, hekayədə oğulun alim qaynatasından əxz elədiyi "prinsiplər" də açıqlanır, alim qaynatanın kənd məişətinə, adət-ənənələrinə qarşı neqativ münasibəti oğul üçün həyat meyarına çevrilir. Bax, bu nöqtədə hekayədə bir boşluq nəzərə çarpır. Niyə alim qaynata kəndə, kənd adamlarına, adət-ənənələrə müştəbehcəsinə yanaşır, Füzulidən nəsə deyən mollanın saqqalını didişdirir?
Hekayəni oxuya-oxuya düşünürsən ki, oğul atasına halallıq verməyib şəhərə qayıdacaq. Amma bir gecə ata oğulun yuxusuna girir. "Sənə qarşı haqsızlıq eləmişəm. Oğlum, boynunda nə haqqım varsa, halal xoşun olsunq! Xeyir-duanı verirəm, xoşbəxt olasan. Allah səni balarınla, ailənlə imtahana çəkməsin!". Bu yuxu əhvalatı ilə hekayənin axarı dəyişməyə üz qoyur. Oğul atasıyla bağlı ən xoş məqamları xatırlayır. "Bir dəfə meşədən qayıdanda qar yağmağa başladı, o yorulmuşdu, yeriməyə ayaqlarında güc yox idi. Atası onu qucağına götürdü və o uzaq yolu bircə dəfə də yerə qoymadan evə gətirdi. Bir dəfə də onuncu sinifdə oxuyanda sətəlcəm olmuşdu, ara həkimi onu yalnız ayı yağının sağalda biləcəyini demişdi. Atası tüfəngini götürüb meşəyə getdi və bir həftə soyuq, qarlı qış meşəsində gəzib axtardı, yalnız ayı vurandan sonra kəndə qayıtdı. Doğrudan da, ayı yağı onu sağaltdı".Daha bir neçə belə xatırlamalar və beləliklə, inadkar oğulun qəlbində bir halallıq işığı yanır: "Əlini nəm torpağın üstünə qoydu. Heç kim eşitməsin deyə astadan dedi. "Ata, nə haqqım varsa, hamısını sənə halal eləyirəm. Sən məni bağışladın, mən də səni bağışlayıram".
Bu halallıqdan sonra arvadı cib telefonundan ona zəng eləyb deyir ki, həkim xəstə uşağımızı müayinə elədi, dedi, əsl möcüzə baş verib, uşaqda xeyli irəliləyiş var, əməliyyata ehtiyac yoxdur. Hekayə burdaca bitir.
Əlbəttə, Aslan Quliyev maraqlı bir hekayə yazıb,onun roman və povestlərində nəzərə çarpan bir xüsusiyyət bu hekayədə də diqqətdən yayınmır, o, həyatın sərt görünən həqiqətlərinə üz tutur, təqdim etdiyi obrazı da bu sərt həqiqətlərin qoynuna atır. Vaxtilə onun "Keçmiş döyüşçü və oğlan" və "Yazıçının savaşı" povestləri haqqında bir yazımda da qeyd etmişdim ki, Aslan Quliyev daxilən temperamentli qəhrəmanları nəsrə gətirir.
Ancaq bu qəhrəmanları mühit, yaşadıqları cəmiyyət, onlara qarşı soyuqluq, laqeydlik o həddə çatdırır ki, hətta cinayət aləminə yuvarlanırlar. "Halallıq" hekayəsində də qəhrəmana xas olan temperament dərhal özünü büruzə verir. Amma hekayəni oxuyandan sonra belə bir sual meydana çıxır: o, haqlıdırmı? Bu suala da birmənalı cavab vermək mümkün deyil. Məsələ burasındadır ki, hekayənin qəhrəmanı ilə onun ailəsi arasındakı konflikt yalnız qəhrəmanın haqlı olduğuna dəlalət edir, çünki anası, bibisi, əmisi, qardaşı onun haqlımı, haqsızmı olduğunu söyləmirlər. Bu da ikinci tərəfin - konfliktin ikinci qütbünün çox passiv təqdim oluqmasıyla bağlıdır. Digər tərəfdən, hekayənin qəhrəmanı sanki alim qaynatasının diqtəsiylə hərəkət edir, onun kənd adamlarına qarşı qeyri-etik münasibətini bir prinsip kimi qəbul edir. Amma mənim də, Aslanın da, elə onun təsvir elədiyi qəhrəmanın da kəndi hekayədəki kənd deyil.