adalet.az header logo
  • Bakı 18°C
17 Oktyabr 2018 22:30
10045
ƏDƏBİYYAT
A- A+

XIRDA-XIRDA ŞEİRLƏR


Yarpaq olmaq istəmədi-
xiffətdən saralıb,
xəzələ döndü.
...
Bu səhər
bir nəfər
onuncu mərtəbədən yıxıldı yerə.
Yaman sevindim-
zirzəmidə yaşadığıma görə.
...
Balıq bürcündənəm mən-
Tez-tez tora düşürəm.
...
Mürdəşir də adamdır-
balası var onun da,
çörək qazanmalıdır.
...
Ətəyindən yapışdım-
elə bahalıydı ki,
paltarına qıymadı,
əlimi kəsdi zalım!
...
Ömür boyu alışdım,
qızındılar istimə.
Höyüş oldum bircə yol,
deyindilər tüstümə.
...
Bir şeir qoşdum sənə,
sözsüz idi o şeir-
səssiz mahnılar kimi.
...
Bu gün ilhamın
gözü kor oldu,
ölü sözlərə
sinəm gor oldu.
...
Tərpətmək istəyəndə
mən əl-qolumu,
mentalitet o anda
kəsir yolumu.
...
Oxumadın qəlbimi,
sənə nə deyim?-
Köhnə əlifbayladır,
axı ürəyim.
...
Çox başa kül ələnər,
hər saça dən düşməz ki?
...
Məni sevsəydin əgər,
dağılmazdı bu dünya-
sevmədin, biz dağıldıq.
...
Adama oxşayan
saxta adamlar,
abırdan, həyadan
axta adamlar-
yaltaq adamlar!
...
Içini neynirəm mən,
çölünü görmüşəm ki?
...
Bu gün yaman havalıyam-
havam çatmır, boğuluram.
...
Çat verdi ürəyim,
ağrı sızdı içindən.
...
Qarışqa da olaram-
daşımağa dən olsun.
...
Çən-çisəkdi çöldə yenə,
gülüm, çiçəyim nəmlənir.
Qəhərlənib, sənin gözün,
mənim ürəyim nəmlənir.
...
Vay dədə, bu yaş da
əllini keçdi,
mən hələ ömrümü
başlamamışam!