adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Oktyabr 2018 22:25
9774
ƏDƏBİYYAT
A- A+

YAŞIL DUYĞULARIN TƏRƏNNÜMÇÜSÜ

Oqtay RZA

Tağı Sadiqi görkəmli istehsalat və yeraltı nəqliyyat rəhbəri kimi çoxdan tanıyırdım. Amma onunla şəxsi tanışlığım son ilə aiddir. Biz bir sıra ictimai-siyasi, ədəbi-bədii yığıncaqlarda, kitab təqdimatlarında, yubiley mərasimlərində rastlaşırdıq. Nəhayət, elə bir məqam yetişdi ki, biz hətta paytaxtdan müxtəlif bölgələrə səfərlərdə yol yoldaşı olduq. Məsələn, Şirvanda, Muğanda, Qaraçalada, Salyanda maraqlı tədbirlərin iştirakçısı kimi görüşdük . Xüsusən, Qaraçalada keçirilən Türkçülük bayramı bizim daha da yaxın ünsiyyət saxlamamıza səbəb oldu. Beləliklə, söhbətlər zamanı hörmətli Tağı müəllim bəzən şeir nümunələrini dilə gətirir, təsirli misralar söyləyirdi. Soruşanda ki, bunu nə vaxt yazmısınız? - deyirdi ki, cavanlıq çağında qoşduğum sevgi sətirləridir. Başqa misralarını səsləndirəndə məlum olurdu ki, onları elə bu günlərdə düzüb-qoşub, hətta heç kağıza da köçürməyib. Mən bir dəfə Tağı müəllimə dedim: - Bəlkə uzun müddət ərzində yazıb-yaratdığınız nümunələri bir kitab halında çap etdirəsiniz? Cavabı belə oldu: - Bu haqda heç fikirləşməmişəm...
Mən mütəmadi surətdə Dövlət Radiosunun "Gəl, səhərim" proqramına daimi dinləyicitək qulaq asıram. Bu yaxınlarda aparıcının "Poeziya buketinə keçirik" sözlərini eşitdim. Lirik misralardan ibarət şeir çox xoşuma gəldi. Sonuncu misrada müəllifin adı çəkilir, yəni, Sadiq kəlməsi səslənirdi. Bir müddətdən sonra Tağı müəllimin ikinci, üçüncü və s. nümunələrini eşitdim. Fərəhlənib Tağı müəllimə zəng etdim: - Sizin məhəbbət mövzusunda nə yaxşı lirik şeirləriniz var! Bəlkə bunları topluya çevirəsiniz? Tağı müəllim dedi: - Artıq qələm məhsullarım kitab halında işıq üzü görüb. Mən məmnuniyyətlə, bir nüsxəsini sizə bağışlayaram. Buyun, gəlib götürün.
Tağı Sadiqin şeirlər kitabı belə adlanır: "Gülüm, gözlə sən məni". 2018-ci ildə "Zərdabi" nəşriyyatı tərəfindən buraxılmış topluda müəllifin 100-ə yaxın qələm məhsulu yer alıb. Doğrudur, əksər mövzular sevgi-məhəbbət motivləri ilə əlaqədardır, lakin Vətən, torpaq, məmləkət, xalq ruhlu şeirlərə də yer verilib. Məsələn, "Azərbaycan", "Naxçıvan", "Bakı" şeirləri qeydlərimizə misaldr. "Azərbaycan" şeirində oxuyuruq:

Yer altı, yer üstü sehri-sərvəti,
Səs salıb cahana Azərbaycanın.
Yayılıb dünyaya muğam sənəti,
Layiqdir ad-sana, Azərbaycanım!

Yaşadığı, işlədiyi və böyük uğurlar qazandığı ölkə paytaxtı Bakıya aid misraları da maraqlıdır:

İndi sən daha da gözəl olmusan,
Bütün şəhərlərin gözüsən, Bakı!
Gələn qonaqları heyran qoymusan,
Şairlərin şirin sözüsən, Bakı!
"Bakı" şeirində Odlar Yurdu ölkəsinin möhtəşəmliyi, gözəlliyi, qədimliyi öz əksini tapıbdır.
Bu da şairin Vətənə, torpağa, paytaxtımıza olan sevgisinin sonsuzluğundan xəbər verir.
"Gülüm, gözlə sən məni" kitabındakı şeirlərin böyük əksəriyyəti sevgi-məhəbbət tərənnümünə aiddir. Özü də maraqlıdır ki, həmin şeirlərin çoxuna ölkəmizin tanınmış bəstəkarları musiqi bəstələyib və bu nəğmələr də Azərbaycanın tanınmış müğənniləri tərəfindən böyük şövqlə ifa edilir.

Səni salıb yadıma,
Düşürəm eşq oduna.
Mələk dedim adına,
Gülüm, gözlə sən məni!

Tağı Sadiqin kitabında bir oxucu kimi mənim diqqətimi çəkən bir-birindən maraqlı lirik nümunələr kifayət qədərdir. Onlardan "Ceyranım", "Ürəyim", "Axtaracaqsan", "Səni gözləyirəm", "Məhəbbət", "Səni sevəndən bəri", "Yoxsan yanımda", "Sənə qurban" və sairə. Həmin nümunələrə diqqət yetirsəniz, onda siz də mənimlə razılaşarsınız.

Gözdən axan mirvaridi, ya ləldi,
Ürək hey çırpındı, coşdu, ləlidi.
Söz deyən dil tutulmuşdu, lal idi,
Elə bil donmuşdu dilin dəhanı,
Necə çatım harayına, ceyranım!

Və yaxud,

Dedi ki, dəryada batarsan, girmə,
Hər yetən gözələ özünü vermə.
Qəvvas olsan, bu gəmidə gəl üzmə,
Mənimlə gəl ülfət bağla, ürəyim!

Və yaxud,

Bir təsadüf olsun, ömür yoluymuş,
Qəlbimizə ülfət saldı məhəbbət.
Təsadüfdə qismət payı olurmuş,
İllər ötdü, ancaq qaldı məhəbbət.
Və yaxud,

Səni sevəndən bəri,
Ürək özümün deyil.
Çəkirəm dərdi-səri,
Yoxam, gülüm, elə bil.

Və yaxud,

Yaradan yaradıb necə xoş gündə,
Günəşdən nur alıb yanırsan, gözəl!
Bilirsən yox tayın, odur özün də,
Aşiqinə çox naz satırsan, gözəl!

Və yaxud,

Eşqimdən küsürsən, bağışla məni,
Qoyma intizarda sevən qəlbimi.
Eşqimə sadiqəm, sədaqətliyəm,
Barışaq, ol mənim könül həmdəmim.

Kövrək, həzin duyğuların tərənnümçüsü, poetik səmimiyyəti kifayət qədər uğurla sətirlərə köçürən Tağı Sadiq bu gün həm də öz oxucusu, öz dinləyicisi olan nəğməkar şairlərimizdəndir. Mən də öz növbəmdə Tağı Sadiqə can sağlığı və yaradıcılıq uğurları diləməklə bir daha vurğulamaq istəyirəm ki, onun şeirlərinin bir hissəsi də onun doğulub, boya-başa çatdığı Naxçıvanla bağlıdır.
Şair yazır ki:

Batabat, Qanlı göl, Salvartı düzü,
Əcəmi vüqarı Naxçıvandadır.
Odlar Yurdumuzun mərd oğlu, qızı,
Dostluğa ilqarı Naxçıvandadır.