adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Oktyabr 2018 22:22
6538
GÜNDƏM
A- A+

İCTİMAİ FƏAL

Yaqut xanım Əşrəfova əslən Kürdəmir rayonunun Sor-sor kəndindəndir. "Azərbaycan tarixi" kitabında vaxtilə bu tayfaların çox üsyankar, dalaşqan olduğu göstərilir. Bəlkə də kəndin adı da elə oradan götürülüb. Hər şeyi qətiyyətlə həll etmək!
Bu işgüzarlıq, fəallıq Yaqut xanımın fəaliyyətində də həmişə özünü göstərib. ADU-nun jurnalistika fakultəsini qurtarıb, Kürdəmirdə çıxan "İrəli" rayon qəzetinə gəlişi bugünkü kimi yadındadı. Orta boylu, qarabuğdayı, qıvraq bir qız! Hər bir hərəkətində səmimiyyət, işgüzarlıq vardı. Sanki, o, bir civə yığını idi. Hey hərəkətdə...
Onun rayon qəzetində dərc olunan yazılarını çox həvəslə oxuyardı... Bu yazılar ona görə belə maraqlı idi ki, Yaqut xanım onları otaqda təsəvvür edib yazmırdı. Hər bir əməkçinin, zəhmətkeşin yanına gedir, onunla iş başında görüşür, münasibəidə olur, yazılarını qələmə alırdı.
Həqiqi mənada Yaqut Əşrəfova pambıqçı qızların sevimlisi idi. Onu görcək başına cəm olur, öz iş problemlərindən, qayğılarından söhbət açırdılar. Eləsi olardı ki, lap ona zarafat edər, deyərdi:
- Yaz bacı, bizdən də yaz... Jurnalis qələmini nahaq yerə kəsərli balta adlandırmırlar ki... Bu cəmiyyəti elə düzəltsəniz siz düzəldəcəksiniz.
O vaxtın burokratik qayda-qanunları çox şeyi yazmağa imkan verməsə, bir sirr pərdəsi arxasında saxlamağı sevsə də, Yaqut xanım çox da qoruq-qaytaq bilməz, mətbuat səhifələrində öz sözünü deyərdi. Bəlkə də elə bütün bunlar onun gizli heyranlarını ortalığa çıxardı. Onun ictimai fəallığı öyülməyə, tədqir olunmağa başladı.
Yadında idi... O vaxt qəzetin redaktoru əslən İsmayıllıdan olan Faiz Həmidov idi. Bu adam öz mövqeyi, münasibətilə həmişə rayon rəhbərliyinə yaxın olar, büro üzvü seçilərdi. Bir dəfə ona qəribə bir söhbət elədi. Şair Musa Yaqub və başqa bir yoldaşla Şimali Qafqazdakı sanatoriyaların birindən qayıdanda, onları qonaqpərvər bir adam kimi evə gətirir. Səhər durub görürlər ki, maşının yük yerindəki əşyaları yoxdur, oğurlanıb.
Onda Fariz müəllimə təsəlli versə də, olan olmuşdu. Çox dilxor idi... O vaxt onun yazıları qəzetdə çap olunurdu. Arada fasilə verilən kimi oldu. Yaradıcı bir adam kimi incə bir üsula əl atdı. Əlisəfa Asayev yox, Ə.Kürdəmirli imzası ilə qəzetə yazı göndərməyə başladı. Ünvanı da öz evlərininkin yox, qayınatasıgilin ünvanını göstərdi: Dizerjinski küçəsi, 28.
Bir gün qəzetin əməkdaşı Tofiq Abdullayevlə qarşılaşanda dedi:
- Fariz müəllim yamanca əsəbləşib. Deyir ki, hamını qovub, o Ə.Kürdəmirlini gətirəcəyəm. Qəzeti çıxarmaq üçün elə o mənə bəsdir.
Onda Ə.Kürdəmirli o olduğunu deyəndə, Tofiq müəllim heyrət içində qaldı. Hətta dedi:
- Yaqut Əşrəfova kimi əməkdaşı qəzetdən necə uzaqlaşdırmaq olar?! Hələ sizi demirəm...
Həqiqətən də, onların hər ikisi çox zəhmətkeş, fəal jurnalistlər idi. Hələ redaktor müavini İslam Məlikov... Allah rəhmət eləsin ona... Gözəl insan idi. Bir gün qəzetdə adından yazı getdiyini gördü. Ateizmlə bağlı idi. Lap dilxor oldu. Redaksiyada olanda İslam müəllim dedi:
- Ay Əlisəfa müəllim, bu yazı tutduğun vəzifə ilə əlaqədardı.
- Yenə də məlumatım olmalı idi də... Məni az qala dinsiz bir adam kimi təqdim etmisiniz...
Onda "Bilik" cəmiyyəti rayon təşkilatının məsul katibi işləyirdi. Sonradan Kürdəmir rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri təyin olundu. Hekayələri o vaxt Respublika mətbuatında çap olunurdu. 1978-ci ildə "Yeddi il sonra" hekayələr kitabı çap olunmuşdu.
"Çin qızılgülü" kitabı 1987-ci ildə çap olunanda Yaqut Əşrəfova artıq rayon partiya komitəsinin işçisi idi. Təlimatçı işləyirdi. O vaxt birinci katib olan Adil Məmmədovun tapşırığı ilə rayonun Karrar kəndində R.Axundov adına kolxozda onun kitabının müzakirəsi təşkil olunub keçirildi. Özü də kolxozun Bakı-Qazax yolunun sağ tərəfindəki müasir tarla düşərgəsinin ikinci mərtəbəsində...
Bu tədbirdə də Yaqut xanım Əşrəfova öz fəallığı ilə seçilirdi. O gündən yadigar qalan şəkilə baxanda, istər-istəməz o həyəcanlı anları xatırlayır... Belə bir həyəcanlı anı o rayondakı Nəqliyyat təşkilatına gedəndə də yaşamışdı. Elə o təşkilat da həmin asfalt yolun yaxınlığında, sol tərəfində yerəlşirdi. Onda gərək ki, şair Qaçay Muradxanlı da onlarla idi. Onlar şer dedilər. O nasir idi, əlacsız qalıb "Mən də fəhləyəm" adlı şeirini söylədi. İllər sonra həmin şerə nəzər saldı. Heç də pis alınmayıbmış. Sonrada yubiley tədbirində onlardan televiziya üçün verdi. Eldost Bayramov veriliş boyu onlardan bir neçəsini oxudu...
Yaqut xanım ictimai fəal kimi tək onun yox, Respublikamızın sayılıb- seçilən yaradıcı adamlarını rayona dəvət edər, onların görüşlərini təşkil edib keçirərdi. Bir də ki, artıq müəyyən vaxtdan sonra ona etimad göstərildi... Əsl mənada rayon partiya komitəsinin adsız katibi oldu... El dili ilə ona üçüncü katib deyirdilər. "Bilik" cəmiyyətinin "Qaz-24" maşını ilə gəzirdi.
Bu maşın həmin təşkilatda, o, məsul katib işlədiyi dövrdən verilmişdi. Ona qismət oldu... Bir vaxtlar rayonda həmin cəmiyyətin sədri Şiringül Əkbərova idi. Sonradan icrakoma müavin gəldi. Siyəzənə dövlət notariusu təyin olunub gedəndə, otağındaca şirniyyat süfrəsi açdırmışdı. Qəhərli halda dedi: "Bircə ona təəssüflənirəm ki, rayonda sözünü deyə bilən bir adam da azaldı..."
Yaqut xanım Əşrəfovanı da az-çox sözünü deməyi bacaran bir kadr kimi tanıyırdı. Şair Nüsrət Kəsəmənlinin rayona gəlişi, onunla keçirilən görüş zamanı cəbhəçilər çox fəallıq, ağ edirdilər. O qədər şairi ittiham etdilər ki... Guya onlara səs vermədiyi üçün. Onda bəlkə də Nüsrət Kəsəmənlidən çox o təsirləndi. Axı bunlar şairdən nə istəyirdilər?! Bəyəm hər adam siyasətçi olur? Onda Yaqut Əşrəfova öz söz- söhbəti ilə məclisə bir sakitlik, aydınlıq gətirdi.
Elə Məmməd İsmayılla keçirilən görüşdə də... Üsyankar şair Nüsrət Kəsəmənlidən fərqli olaraq öz sözlərini dedi. Hətta o da onu müdafiə etmək istədi. Ancaq buna imkan olmadı. Danışan, söz demək istəyən çox idi.
Bir insan, şair kimi Məmməd İsmayılın xətrini çox istəyirdi. Onu bir vaxtlar onun müdiri olduğu təşkilat şöbəsinin təlimatçısı olan, "müsavatçı" adlandırdıqları lətafət Məlikova dəvət etmişdi. Gərək ki, həm də kitabsevərlər cəmiyyəti rayon təşkilatının məsul katibi idi.
Siyəzəndə dövlət notariusu olanda Məmməd İsmayıl, həmin görüş yadına düşdü, ona məktub yazdı. Bir gün dedilər ki, Məmməd İsmayıl bu münasibətlə şeir yazıb: "Hardasan, Məmməd İsmayıl?!". Özü də həmin şeir "Müsavat" qəzetində dərc olunub. Sonradan həmin şeir onun adı və familyası göstərilməklə Türkiyədə çap olunan kitabında dərc olundu. İnternetdə təsadüf elədi.
Doxsanıncı illər bizə çox ağrı-acılı günlər yaşatdı. Cəsarət Baxşıyevin, belə gözəl bir jurnalistin kəndləri yaxınlığında qəzaya düşüb dünyasını dəyişməsini eşidəndə uşaq tək kövrəldi. Xətrini çox istəyirdi. Onu bir dəfə Bakıdan oğlu ilə çörək alıb gətirəndə görmüşdü. Hətta fikirli halda dedi: "Nə edək, satıb başımızı saxlayırıq da... Dolanmaq lazımdır..."
Beləcə, o illərin ağrı- acısını hamımız çəkdi. Elə Yaqut xanım Əşrəfova da... Onda o da elmi işə meylləndi. Elmi rəhbəri professor Murtuz Ələsgərov idi. Aspiranturanı qurtarsa da, müdafiə edə bilmədi. Daha doğrusu, elmi işi hazır idi. Konstitusiyanın dəiyşməsi işləri korladı. Onun isə daha vaxtı harada idi? Siyəzəndə hakim tutulmuş, onu əvəz edirdi... Bir yandan da bədii yazıları...
Yaqut xanım Əşrəfova isə bu işdə həqiqi mənada ardıcıl olub, müdafiə edərək, filologiya elmləri namizədi, alimlik dərəcəsi aldı. "Həsrət", "Vurğunam nəğməyə, sözə", "Qoca Şirvanın balasıyam mən", "Aşıq Əhməd yaradıcılığı" kitablarını yazdı...
Kürdəmir şəhər 2 saylı orta məktəb onun üçün əziz bir məkandı. Bir vaxtlar orada məktəbdə oxuyub. ADU-nun jurnalistika fakultəsindən əlavə, həm də Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu da bitirib...
Yaqut xanım Əşrəfova fəal bir xanım, ictimaiyyətçi kimi hazırda AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Aran Regional şöbəsinin müdiri vəzifəsində işləyir. 2007-ci ildə AMEA Folklor İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qəzəl Qələm" mükafatı laureatıdır. Ailəlidir, iki qızı var. Həyat yoldaşı Əlicandan çox razılıq edir. Qızları Əsmər, Nərmin, nəvələri Dəniz, Günəş onun ömrünün bəzəyidirlər.
Milli Məclisdə Rəfael Hüseynovun qəbulunda olanda, ədəbiyyatdan, sənətdən söhbət düşdü. Yaradıcılığı ilə maraqlandı. Yubiley tədbiri keçirib - keçirməyəcəyini soruşdu. Hələlik belə bir fikri olmadığını dedi. Onun gəlişi daha çox "Prezident" kitabı ilə əlaqədar idi. Onu oxumaq üçün deputatın köməkçisinə vermişdi ki, ona çatdırsın.
Bir gün rayonda olanda ona dedilər ki, Yaqut xanım səni axtarır. Deyib ki, rayona gələndə onunla əlaqə saxlasın. İctimai fəal kimi yenə də, o, onu qabaqladı. Düz evlərinə gəlmişdi. Səmimiyyətlə görüşəndən sonra dedi:
- Sizin 65 illiyi qeyd etmək istəyirik.
Həyat yoldaşı Rahilə də bu söhbətdə iştirak edirdi. Dedi:
- Yaqut xanım, çox sağ olun. Ancaq məsləhət bilmirəm.
O, heyrətlənən kimi oldu:
- Axı nə üçün?!
- Mənim tədbirlərimin düşər-düşməzi olur da...
O gülümsər halda dilləndi:
- Ay müəllim, o da bir iş idi də... Olmuşdu da...
İstər-istəməz xəyal onu o ağır günə apardı. Allah heç kimə belə bir ağrılı anlar, faciə yaşatmasın. Həmin gün rayonda böyük şairimiz Səməd Vurğunun 100 illik yubiley tədbiri keçirilirdi. 2006-cı ilin xoş bir günü idi. Siyəzəndən o da bu böyük tədbirə dəvət olunmuş, çıxışlar vaxtı ona da söz verilmişdi. Hətta çıxışdan sonra o vaxtlar rayon başçısı olan Fəxrəddin Məlikovun sözlərini eşitdi: "Çox sağ olun, Əlisəfa müəllim!" Bəlkə də onu təsirləndirən Səməd Vurğunun "Ukrayna partizanları" şeiri barədə dediyi sözlər oldu. Axı Böyük Vətən müharibəsi illəri həmin şeir yüz min tirajlarla çap edib, partizanları ruhlandırmaq üçün təyyarədən onların başı üstünə səpərlərmiş. Bir də bir vaxt Qazaxda raykom katibi olmuş İslam Məmmədovla onun dostluğundan, qardaşlığından danışdı...
Onda onlarda "Qaz-31" maşın vardı. Bəlkə də bunu başçıya demişdilər. Tədbirdən sonra evdə idi. Mədəniyyət şöbəsinin müdiri Vaqif Alıyev zəng çalıb soruşdu:
- Əlisəfa müəllim, haradasan?
- Evdə...
- Təcili Kürdəmir şadlıq evinə gəl. Başçı gözləyir. Maşının yoxsa, maşın göndərim...
- Yox, var... Yaxşı, gəlirəm...
Şadlıq evinin kiçik, xudmani otaqlarından birində cəmləşmişdilər. Prokuror, hakim, polis rəisi, hərbi komissar,şair İlyas Tapdıq, şairə Zenfira Əlişqızı burada idilər. Sağlıq deyiləndə o içmək istəmədi. Həqiqətən də gedəsi yeri vardı. Başçı rəhbərliyin sağlığına badə qaldıranda, istər-istəməz dilləndi:
- Gənc Prezidentimizin sağlığına içmək olar!..
Onlar da onun bu fikrini bəyənən kimi oldular. Qədəhlərin səsi eşidildi. Xoş əhval-ruhiyyə içində yeyib-içdilər, məclis yola verildi. Ayrılanda Fəxrəddin müllim soruşdu:
- Bakıya gedirsiz də?..
- Bəli...
- Onda şair İlyas Tapdıq da sizinlə getsin də...
- Lap yaxşı...
Şair İlyas Tapdığın xətrini həmişə çox istəmişdi. Ağır adam, gözəl həmsöhbət idi. Yol boyu elə söhbət etdilər... Qobustan ərazisində zəng gəldi. Danışan Yaqut Əşrəfova idi:
- Əlisəfa müəllim, xoşəgəlməzlik... Qaz balonundan Urman müəllimgilin evi od tutub yanıb... Urman müəllimin vəziyyəti də heç yaxşı deyil... Səhər də sizin tədbiriniz...
Altmış illiyi qeyd olunacaqdı. Bu sözləri eşitcək o an dilləndi:
- Saxlayın... İndi mən özüm də gəlirəm...
- Elə biz də bu fikirdəyik.
- Əlbəttə ki... Belə vəziyyətdə yaxşı deyil.
- Bilirsiz də... Onlar Rəfail Hüseynova münasib adamlardı.
- Bilirəm...

(ardı gələn sayımızda)