adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Oktyabr 2018 22:20
28020
ƏDƏBİYYAT
A- A+

Mənim rus dili müəllimim

Mirzəbəy Vəliyevin ad gününə

Lerikdən o yana ucadır dağlar,
Lerikdən o yana haçadır yollar.
Mən uşaq olanda uçardı dağlar,
Əlimdən sivişib qaçardı yollar.

Mənim doğulduğum, ilk təhsil aldığım kənd həqiqətən Lerikdən o yanadır. Rayon mərkəzindən təxminən 18-20 kilometr uzaqlıqda. Sərt qayalıqların, ucu şiş zirvələrin əhatəyə aldığı Rvarud bu farslaşmış toponimi hardan, nə zaman götürüb, adında əbədiləşdirib, bilmirəm. Ancaq məlum şəcərəmizdə vurğulanır ki, kəndin indiki ərazisi vaxtilə əsrarəngiz məkan, yaylaq yeri olub. Və ulu babalarımız bu yurda Ərdəbildən köçüb, daimi məskunlaşıblar.
Ötən yüzilliyin 60-cı illərinin ortalarıydı, dəqiq desək, 1965-ci ilin sentyabrı. Dərslər başlanmışdı, məktəb qarışqa kimi qaynayırdı. Səs-küy, hay-haray ikimərtəbəli kiçik məktəb binasını lərzəyə gətirmişdi. Zəng çalındı. Bir anda büsbütün ətraf sükuta qərq oldu. Direktor Barat Abbasovun (hazırda təqaüdçü müəllimin yaşı 90-ı haqlayıb) sərt xasiyyəti, ötkəmliyi hər kəsə bəlli olduğundan dərhal hamı səsini kəsdi, qınına çəkildi. Həyətdəki kiçik yığıncaqda direktor təbrikdən sonra bildirdi ki, Rvarud məktəbinə təyinatla yeni rus dili müəllimi göndərilib. Mirzəbəy Rəhman oğlu Vəliyev. Ali təhsillidir, kəndimizin yetirməsidir.
Qısa təqdimatdan sonra bütün şagirdlər öz siniflərinə dağılışdılar. İlk dərsimiz rus dili olduğu üçün bizim nəzərlərimiz isə qapıya dikildi. Daha doğrusu, rus dili fənnini tədris edəcək Mirzəbəy Vəliyevi intizarla gözləməyə başladıq. Az keçməmiş sağlam gövdəli, qalıstuklu, tərtəmiz ütülü kostyumda üzügülər cavan oğlan ehmalca qapını aralayıb, içəri daxil oldu. O, adəti üzrə rus dilində salam verdi. Dərhal Azərbaycan dilində hal-əhval tutdu, qəribə tərzdə tanışlıq başlandı. Əlbəttə, Mirzəbəy müəllim Rvaruddan idi və kənd camaatını yaxşı tanıyırdı. Sadəcə, uşaqların hansı nəslə mənsubluğunu dəqiqləşdirmək istəyirdi. Bunun üçün isə Amerika kəşf eləmək lazım deyildi, o, ustalıqla cizgilərinə, sifət qurluşuna görə şagirdləri seçib ayırırdı. Rus dili müəllimi tanışlığa elə pedaqoji ustalıqla körpü salırdı, heç kəsin ruhu incimirdi. Beləliklə, qısa müddət ərzində ilk dərsdəcə biz ona, o bizə isinişib doğmalaşdıq.
Mirzəbəy müəllim rus dilində ibtiadi biliyimizi yoxladı. Sadə cümlələr qurdu, tərcüməsini soruşdu. Rus dilinin Avropada ikinci ən çox yayılmış dil olduğunu nəzərimizə çatdırdı. Lüğət tərkibinin genişliyi, zənginliyi və dolğunluğu haqda məlumat verdi. Birinci dərsdə belə bir tapşırıq verdi. "Əgər rus dilini öyrənmək istəyirsinizsə, çoxlu sayda söz öyrənin, mənasını yadda saxlayın. Bu əsas şərtdir. İkincisi, çəkinmədən danışığa üstünlük verin. Ola bilsin nələrisə səhv deyəsiniz, bu hal müvəqqətidir, sonra özünüz səhvinizi düzəldərsiniz. Əsas odur ki, Puşkinin, Lermontovun, Qoqolun, Turgenevin, Nekrasovun, Tolstoyun, Dostoyevskinin, Çexovun dilinə ürəyinizdə məhəbbət olsun".
Sinifdə oğlanlı-qızlı 19-20 nəfər vardı. Yada düşənlərin ad və soyadlarını xatırlayıram; Səxavət Salayev, Ruhulla Həsənov, Xanlar Talıbov, Zakir Nəbiyev, Fəxrəddin Salayev, Bəxtiyar Vəliyev, Azad Babayev, Əsmər Abbasova, Mirnisə Talıbova, Mirzəmməd Həsənov, Xanım Talıbova, Qəhrəman Babayev, Nəsibə İbrahimova, Teyyübə Həsənova, Sərvnaz Salayeva və başqaları. Mirzəbəy Rəhman oğlunun bu qeyri-adi dərsindən sonra sanki qanad taxıb göyün yeddinci qatında süzürdük. Asimanda başqa bir dünyanın adamları olmuşduq. Ürəyimizdə bu gənc müəllimə o qədər rəğbət oyanmışdı, özümüzdən asılı deyildi. Bütün digər sevimli müəllimlərimiz bir yanaydı. Sevil və Mirəhməd İsgəndərovlar, Mürüvət Abbasov, Aydın Bəhmənov, Vəliəhəd Quliyev, Qəzənfər Babayev, Ağabəy Vəliyev, Fərman Bağırov, rus dili müəllimimiz bir yana. Şübhə yeri yox idi, bircə gündəcə biz onu, o bizi kəşf eləmişdi, qəlbimizi ələ almağı bacarmışdı, sinfimizi sehrləmiş, ovsunlamışdı. Səbəbini isə uşaq ağlımız dərk etməkdə çətinlik çəkirdi.
Həmin gün axşamtərəfi kiçik kənd məktəbinin bütün pedaqoji kollektivi günəşli yay günündə məktəbin həyətinə cəmləşmişdi. Mirzəbəy müəllim ədəbiyyatdan, söz sənətindən, Bakıda tanış olduğu yazıçılardan, alimlərdən söz açmışdı. Deyəsən, müəllimi Asif Əfəndiyevdən danışırdı. Mənim üçün bu söhbətlərin məzmunu maraqlıydı. Mirzəbəy Vəliyevin təmiz Azərbaycan və rus dillərində ifa elədiyi şeir nümunələrinin təsiri həqiqətən bambaşqaydı. O, şeiri adicə nəzm parçası kimi yox, səlis deyirdi, yüksək pafosla və intonasiya ilə söyləyirdi. Bəxtiyar Vahabzadənin o zaman qadağan olunmuş "Gülüstan" poemasından parçaları şövqlə oxuyurdu. Görünür, "Gülüstan" barədə söz-söhbət qırağa çıxmasın deyə, dərhal başqa şeirinə keçirdi.

Ömrün payızı fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi,
Düşür saçlarıma dən yavaş-yavaş.

Bəxtiyar Vahabzadənin "Şəbi-hicran" poemasının adını da ədəbiyyat müəllimindən deyil, ilk dəfə məhz Mirzəbəy Vəliyevdən eşitdim. Əsər yenicə yazılmışdı, "Azərbaycan" jurnalında çap olunmuşdu. Mənim bir dəfə diqqətlə kənardan ona qulaq asdığımı görüb yanına şağırdı. Gülə-gülə soruşdu: "şəbi-hicran"-nə deməkdir? Təbii, çətinlik çəkdim, mənasını dürüst deyə bilmədim, utandım. Mirəhməd müəllim köməyimə çatdı. Səmimiyyətlə bildirdi ki, Ağacəfər şeirlər, poemalar əzbər bilir, gözəl yaddaşı, hafizəsi var. Mən rus və Azərbaycan dillərində şeirlər söylədim, iki-üç yerdə Mirzəbəy müəllim səhvlərimi düzəltdi. "Bu yaşda başlanğıc üçün çox yaxşıdır, sonra işləri korlamasa" və şəbi-hicranın izahını verdi: ayrılıq gecəsi. Təhlilində dedi ki, böyük şairimiz Məhəmməd Füzulinin "şəbi-hicran yanar canım" misrasıyla başlayan qəzəli var. Ədəbiyyatımızın tarixində forma etiabrı ilə bu qəzəl həm də gəraylı aşıq şeirinin növü kimi düşüb. Çünki
Şəbi-hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?-beytini dörd yerə bölsək, klassik qəzəl bu formanı alar:

Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfqanım,
Qara bəxtim oyanmazmı?

Biz daha öyrəşmişdik, hər dəfə rus dili müəllimimizdən bir yenilik gözləyirdik. Davranışında olduqca mədəni, alicənab təsiri bağışlayırdı. Sadəliyinə söz yox idi. Məktəbliyə qətiyyən təzyiq eləməyi xoşlamır, əsasən sərbəst buraxırdı. Ancaq istədiyini almayınca əl çəkmirdi. Bəzən qan-tər içində mövzunu izah edir, başa salır, təkrar-təkrar soruşurdu. Ən zəif şagirdi belə danışdırmağı, dinləməyi bacarırdı. Görəndə ki, uşaqda zərrə qədər həvəs var, bu həvəsi söndürmür, əksinə, gücləndirirdi. Özünəməxsus metodları vardı, yaxşı oxuyana daha tələbkarcasına yanaşır, artıq mövzulara yükləyir, zəifə həssas münasibət bəsləyirdi. Elə bil oxuyub-öyrənmək üçün onun könlünü alır, irəlicədən yalvarıb-yaxarırdı.
Mirzəbəy müəllimin pedaqoq-mütəxəssis kimi başqalarından bir üstünlüyü də ondaydı ki, dərsi çərçivəyə salmır, qəlib tanımır, standartlaşdırmırdı. Həmişə dərsini geniş aspektdə keçir, şagirdlərə çoxlu əlavə məlumatlar, informasiyalar ötürürdü. Məsələn, əgər mövzu Aleksandr Sergeyeviç Puşkinin kiçik bir şeiri idisə, o, dahi rus şairinin bütün həyatını nəql edir, zəmanəsinin mənzərəsi fonunda faciəsini açır, ən yaxşı əsərlərinin adlarını çəkirdi. Mən "Yevgeni Onegin" haqqında ilk dolğun məlumatı məhz rus dili müəllimimdən eşitmişəm. Bu faktı da Mirzəbəy müəllim çatdırıb ki, nəzmlə yazılmış "Yevgeni Onegin" romanını Azərbaycan dilinə Səməd Vurğun tərcümə edib. Elə Çexov kimi hekayə ustasını da müəllimimin təqdimatında tanımış və sevmişəm. Tolstoyu da, Qorkini də, Bloku da, Yesenini də, Mayakovskini də, Tvardovskini də eləcə....

Bircə ondan razıyam ki,
Özümdən narazıyam....

Bəxtiyar Vahabzadənin bu məşhur misraları onun həyat devizi idi. O, ləzzətlə parçanı söyləyir, ondan həzz alırmış kimi təbəssümlə gözlərini üzümüzə dikirdi. Əlbəttə, Mirzəbəy müəllim hiss edirdi ki, bədii söz başqalarına nisbətən mənə daha tez çatır. Ayağa qaldırırdı, həvəsləndirmək üçün ya rus, ya da Azərbaycan dilində əzbərlədiyim şeirlərdən soruşurdu. Bərk acığı tuturdu, vay o gündən ki, şeiri pis deyəsən, intonasiyanı pozasan, sözləri təhrif edəsən, qol-qabırğasını sındırasan. Dərhal dayandırır, səhvini düzəltdirirdi. Ona görə də özümü yığıb-yığışdırır, şeirləri kitablardan öyrəndiyim kimi tələffüz etməyə çalışırdım. Mirzəbəy müəllim söyləyirdi: "uşaqlar, şeir söz sənətidir. Bu sənət ağlın, hissin-həyəcanın vəhdətidir. Bənzərsiz, ağlagəlməz fikir poeziyanın mayasıdır". Mikayıl Müşfiqin bir məşhur rübaisini xatırladırdı:

Dünən bir şairin keçdim yanından,
İldə bir söz çıxmaz xəsis canından.
Hissi, həyəcanı olmayan kəslər,
Çıxsın birdəfəlik söz meydanından.

Hərdənbir Mirzəbəy müəllim tutulurdu. Asta-asta sanki kimsə qulaq asmasın deyə bizə eşitdirirdi. Bəxtiyar Vahabzadə haqq edib "Gülüstan"ı yazıb. Bir xalqı ikiyə bölmək günahdır. Gülüstan müqaviləsi də, Türkmənçay da Azərbaycanın faciəsidir. Məmmədhüseyn Şəhriyarın "Heydər babaya salam" poemasından parçalar söyləməklə sükutu pozur, təsəlli tapırdı:

Heydər baba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda.
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.

Heydər baba, gün belini dağlasın,
Üzün gülsün, bulaqların ağlasın.
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana.
Bəlkə mənim yatmış bəxtim oyana.

Daha bir xoş xatirə: ötən əsrin 80-ci illərin əvvəlləri idi. O vaxt mən müntəzəm surətdə radio və televiziya jurnalistikasıyla məşğul olurdum. Efirdə telesüjetlərim, verlişlərim gedirdi. Radionun uşaq və məktəb adlanan redaksiyasının baş redaktoru Rafiq Ağayevlə (Savalan) təsadüfən rastlaşdım. O, xahiş etdi ki, ixtisasca müəllimsən, pedaqoji sahəni yaxşı bilirsən. Bir nəfər kənd müəllimi tap, təcrübəli, səriştəli olsun, nitqi də yerində. Onun haqqında həftənin sonunda süjet hazırlayıb efirə verək. Mən Mirzəbəy müəllimin Bakıya gəlişindən istifadə edib onu tapdım. Rafiq Savalanla görüşdürdüm. Gənc jurnalist dostlarımla - Kamillə, Şamxalla, Nizamiylə tanış etdim. Olduqca savadlı danışan, ədəbiyyatı mükəmməl bilən, nitqi rəvan Mirzəbəy Vəliyev az müddətdə baş redaktorun rəğbətini qazandı. "Əhsən belə kənd müəlliminə, professor qədər bilgisi var" - dedi.
Mirzəbəy Vəliyev hazırda təqaüdçü müəllimdir. Vətənimiz üçün gözəl övladlar yetişdirib. İki oğlu Mehman və Şahin Rusiyada-Qərbi Sibirdə çalışırlar. Qız balaları ailə həyatı qurub. Səhhəti ilə əlaqədar doğma Leriki tərk edib, Bakının 8-ci kilometr qəsəbəsinə köçüb. Neçə il öncə ömür-gün yoldaşı Gülxanımla Həcc ziyarətində olublar. Təəssüf ki, tale üzünə gülməyib. Az sonra uşaqlarının vəfalı anasını itirib. Təbiətən çox nikbin şəxsiyyət təsiri bağışlayan Hacı Mirzəbəy "Allah bilən məsləhətdir"-deyə özünü ovundurur. Həqiqətən belədir, kim dünyanı tutub duracaq. Daim nəvələri ilə əylənən, onlarla zarafatlaşan təqaüdçü müəllimi oğlanları qətiyyən yaddan çıxarmır, daim onun qayğısına qalırlar. Mehman da, Şahin də valideyn təəssübünü çəkməyi bacaran qeyrətli oğlanlardır.
Dağından, meşəsindən, çayından-çeşməsindən gen düşən Mirzəbəy Rəhman oğlu o yerlərin xiffətini çəkən, darıxan adamdır. İndi bütün mehr-məhəbbətini poeziyaya bağlayıb. Bu yaxınlarda maliyyəçi qohumumuz, el ağsaqqalı, ziyalı Məzahir Ağazadə və qardaşı oğlu Seyranla müəllimə baş çəkdik. Böyük qardaşı Hacı Ağabəy də yanındaydı. Şuxluq, dirilik, qıvraqlıq təbiətində, ruhunda yaşayır. Bizi görən kimi qırışığı açıldı, dizləri sızıldasa da (bunu üz cizgilərindən hiss elədik) ayağa durdu, hər ikimizi bağrına basdı. Yataq yerinin yanında xeyli kitab vardı: Məmməd Arazın, Nəriman Həsənzadənin, Söhrab Tahirin, Əliağa Kürçaylının. Rus poeziyasının nəhənglərinin də əsərlərinə rast gəlmək olardı. Əli Kərimin şeirlər toplusu isə açıq idi. Şairin "İki sevgi" poemasını yarımçıq qatlayan Mirzəbəy müəllim, "bu kitablardır ömrümü az-çox uzadan və şeirdir məni yaşadan", bildirdi bir də unudulmaz Məmməd Arazın "Dünya sənin dünya mənim, dünya heç kimin" misrasını pıçıldadı.
Biz də əlavə elədik: "Afərin, sizin kimi nadir insanın ürəyindəki həyat eşqinə", Mirzəbəy müəllim!
Ağacəfər Həsənli