adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Oktyabr 2018 22:10
31910
LAYİHƏ
A- A+

Dünyanın tanıdığı Xudu Məmmədov

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Xudu müəllimin Mərzilidə olduğu günlərin birində yenə söhbət məktəbdən, elmdən, təhsildən, təhsilin əhəmiyyətindən düşür. Söhbətin gedişini təsdiq edirmiş kimi bir nəfər deyir:
-Bəli Xudu müəllim, Lenin də deyib ki, oxumaq, oxumaq, yenə də oxumaq.
Bu zaman Xudu müəllimin qohumlarından olan Xəlil söhbətə qoşulur:
-Bilirsiniz, Lenin o sözü peyğənbərimizdən götürüb, amma nədənsə düz deməyib. Peyğəmbər deyib ki, oxumaq, oxumaq, qəbr evinədək oxumaq.
Xudu müəllim də deyir:
-Lenin səhv etməyib, o, uzaqgörən idi, bilirdi ki, qəbri olmayacaq.

***
Bir dəfə şairdən, şairlikdən söhbət gedərkən Xudu müəllim deyib: "...Şairin beynində ulduz yoxdursa, onu görə bilmir..."
***
Yalnız imkanlı və tanınmış adamlar xəstələnəndə müalicə olunan "Leç komissiya" deyilən xəstəxanada 80-ci illərin əvvəllərində Xudu müəllim də yatası olur. Və xəstəxanadan çıxanda yanındakı tələbələrinə deyir ki, bu dünyada bir cəhətdən varlı ilə kasıbın heç bir fərqi yoxdur. Soruşanda ki, hansı cəhətdən? Onda da Xudu müəllim qayıdır ki, varlıya, imkanlıya həkim deyir ki, yağlı yemək, ballı yemək, ikra yemək olmaz, ucuz şor ye, qatıq iç, kasıbın da olanı elə budu də...

***
Mərzilidə olduğu günlərin birində yenə də Xudu müəllimin ətrafına çoxlu adamlar toplaşır. Xudu müəllimə lap yaxın olan adamların eyni məzmunlu, darıxdırıcı danışıqlarını görənlərin bir səbirsizi deyir ki, ay Xudu müəllim, danışan adamların ağıllı olduğunu və ya olmadığını bilmək üçün neynəmək lazımdı? Xudu müəllim də cavabında deyir ki, sadəcə dözümlü olub onları dinləmək lazımdır...

***
Erməni həyasızlığına bariz nümunələrdən birini Xudu müəllim vəfatından bir neçə ay əvvəl - 1988-ci ilin yayında Şuşada olarkən şair dostlarından birinə danışıb. Deyib ki, mən Londonda məşhur ingilis alimi Con Bernalın tələbəsi olarkən çalışdığım instituta, laboratoriyaya çoxlu elm adamları olan qonaqlar gələrdi. Bir dəfə də Amerikadan, Almaniyadan, SSRİ-dən böyük elmi nümayəndə heyətinin gələcəyini xəbər verdilər. Con Bernal təklif etdi ki, qonaqları qarşılama zamanı gül buketini nümayəndə heyətinin başçısına Xudu versin. Odur ki, gül buketini mənə verdilər. Mən də razılaşdım. Gülü Amerika aliminə verməli, özümü təqdim edərək adımı və soyadımı deməli idim. Qarşılama zamanı irəli çıxdım. Birdən bizim laboratoriyada çalışan Aşot Bəyləryan adlı erməni irəli çıxaraq əlimdəki buketi aldı, onu verib özünü təqdim etdi. Elə bil məni ildırım vurdu... Bu səhnəni görənlər erməninin bu cür gözə girməsinə təəccüb etdilər. Əsl ermənilik, əsl erməni məkrliyi və həyasızlığı belə olur.
***
Səfəvilər imperatorluğunun qurucusu, şair Şah İsmayıl Xətaidən söhbət gedən məclisdə Xudu müəllimin Şah İsmayıl haqqındakı söhbətini dinlədikdən sonra xətaişünaslardan Tamara xanım deyir ki, mən Xudu müəllimin bu çıxışından sonra Şah İsmayılın fəaliyyəti, bədii yaradıcılığı ilə bağlı olaraq İtaliyada-Roma arxivlərində işlədiyim 4 ilə təəssüf etdim.

***
Şair Bəxtiyar Vahabzadə hələ Xudu müəllimin sağlığı dövründə həmsöhbətlərinə deyir ki, bir vaxt Xudu kəndlərində "günəbaxan" olub (kolxozda əmək günü qeydlərini aparan işçilərə kənd camaatı qısaca belə deyirdi və Xudu müəllimə də gəncliyində qısa vaxt ərzində olsa da, bu iş həvalə edilibmiş- Y.M.). İndi isə Xudu gündür. Xalq, aləm ona baxır.

***
İsti keçən yay günlərinin birində Xudu müəllimə yaxın olanlardan bir nəfər onu xahiş-minnətlə rayonlarına dəvət edir. Xudu müəllim də onların səfalı dağ kəndlərinə getməyə razılıq verir. Günün ikinci yarısında birbaşa danışılan maşınla yola düşürlər. Həmin gün də kənddə toy varmış. Xudu müəllimi qonaq dəvət edən şəxs Xudu müəllimdən həmin toya da baş çəkməsini xahiş edir və məqsədi də bu olur ki, Xudu müəllimin əhval-ruhiyyəsi bir az da yaxşılaşsın. Həmçinin, Xudu müəllim kimi bir insanın bu toyda olması ilə də toya və toy adamlarına şərəf gətirmiş olar...
Toy mağarına yaxınlaşarkən bir saz aşığının ifa etdiyi mahnının səsi eşidilir.
Saz havasının hədsiz dərəcədə naşılıqla çalınmasını duyan Xudu müəllim deyir ki, balam, bu kimdi belə nala-mıxa vurur?
Bunu eşidən kimi Xudu müəllimi dəvət edən şəxs cavab verir ki, düz deyirsiniz, Xudu müəllim, o, əvvəllər nalbənd olub.
***
Bir dəfə yuxarı mərtəbədə açıq qalan kranın suyu Xudu müəllimin kabinetinə axaraq iş stolunu, telefonu və digər əşyaları xoşagəlməz hala salır. Bundan xəbər tutan Qurban Qasımov su islatmış əşyaların hamısını silib təmizləyir. Bunu görən Xudu müəllim gülümsəyərək deyir ki, telefon-zad hamısı tər-təmiz oldu, hərdən belə su axıtsalar pis olmaz.
***
Ürəyi Cənubi Azərbaycan, Təbriz həsrətilə təşnə olan Xudu müəllimə 1980-ci ildə dostları vasitəsilə Araz çayı sahilinə gəlmək, Arazın cənubuna ayaq basmaq qismət olur. Bu zaman keçirdiyi hisslərini dostlarına üz tutaraq belə ifadə edir:

Dərd gələr tapar bizi,
Təndirə yapar bizi.
Araza gətirmisən,
Təbrizə apar bizi.

***
70-ci illərdə Xudu müəllim Bakıda təhsil alan qohumu Allahverdi Şöhlətoğlunun qabiliyyətinə bələd olduğundan ona deyir ki, vaxtın olanda mənim saçımı sahmana sal. Allahverdi də cavab verir ki, Xudu müəllim, axı mən mükəmməl usta deyiləm, tay da xarab edərəm, yaxşı olmaz.
Xudu müəllim də Allahverdiyə yumorla cavab verir:
-Allahverdi, sən narahat olma. Yaxşı olsa deyəcəm ki, ustam Allahverdidi. Pis olsa deyəcəm ki, ustam erməniydi.
***
Mənfur qonşularımızın xalqımıza qarşı ərazi iddiaları 80-ci illərin ortalarından hər bir vətənsevərin, hər bir ziyalının, necə deyərlər, yuxusunu ərşə çəkmişdi. Məlumdur ki, vətənlə, xalqla bağlı olan problemlərin həlli üçün o problemlərin üstünə ilk gedənlərdən biri də böyük alim Xudu Məmmədov olardı. Xudu müəllim bunu 1962-ci ildə "MAQ"ın ("Milli Azadlıq Qərargahı"nın) yaradıcılarından olarkən sübut etmişdi...
Xudu müəllimin 1988-ci ildə də baş verən hadisələrlə əlaqədar olaraq daha tez-tez Qarabağa gedib-gəldiyini hamı bilirdi. Bu barədə professor Rafiq Əliyev deyir ki, Xudu müəllim Bakıda olmayanda bilirdik ki, Qarabağdadır. Həmçinin, professor əlavə edir ki, 1988-ci ilin bir payız axşamı saat 8-9 radələrində evimizə zəng vururlar. Ona deyirlər ki, Rafiq müəllim Famil Mehdigildədir. Bu zaman Bəxtiyar ağlaya-ağlaya Familgilə zəng edir ki, Xudu müəllim şəhid oldu. Bu ağır xəbəri eşitcək Famil Mehdi də deyir ki, Xudu bizə yol açdı...

***
Xudu müəllimin bibisi oğlu Süleymanın qızlarından birinin adı Reyhandır. 70-80-ci illərdə də məşhur bəstəkar Fikrət Əmirovun bəstələdiyi "Dağlar qızı Reyhan" mahnısı çox məşhur idi.
Tez-tez Azərbaycan radiosu ilə səsləndirilərdi. Hətta türk müğənniləri də şövqlə bu mahnını oxuyardılar...
"Dağlar qızı Reyhan"ın oxunduğu məqamların birində Xudu müəllim yaylaqda Süleymangilin qonağı olur. Bu zaman Xudu müəllim Süleymanın 2-3 yaşlı qızı Reyhandan soruşur ki, adın nədir? Mahnının sözlərini özünə aid bilən balaca Reyhan da qayıdıb nə desə yaxşıdır:
-Adım "Dağlar qızı".
Uşağın bu gözlənilməz cavabı Xudu müəllimə hədsiz dərəcədə xoş gəlir. Həmin gün onu sevindirən bu xatirə yaddaşına həkk olmuşdu...