adalet.az header logo
  • Bakı 7°C
18 Oktyabr 2018 12:09
14359
DÜNYA
A- A+

KONSULLUQDA QƏTL

Türkiyə polisi "jurnalist ovu” üçün qaçaraq Ər-Riyaddan İstanbula gələn adamların kimliyini müəyyənləşdirib. Səudiyyə Ərəbistanı konsulluğunun qarşısında quraşdırılmış video kameralardakı görüntüləri incələyən polis onların adlarını da açıqlayıb. ABŞ-ın nüfuzluNew York Times qəzetisə "bu adların izinə düşərək” sensasiyalı məlumatlar toplayıb. Məlum olub ki, həmin şəxslərin bir çoxu vəliəhd şahzadə Məhəmməd bin Salmanla sıx bağlırdır. Qəzet yazır ki, türk polisinin adını çəkdiyi Mahir Əbdüləziz Mütrəb vəliəhdin ən yaxın adamlarından biridir. Məhəmməd bin Salmanın xarici səfərlərindəki videoarxiv materiallarından görünür ki, o bu səfərlər zamanı daim şahzadənin yanında olub. Vəliəhdin Paris, Madrid, Hyuston, Boston və Nyu York səfərlərində bunu sübut edən xeyli görüntülər sübut kimi təqdim edilib. Həmin görüntülərdən məlum olur ki, o hətta təyyarənin trapından da Mahirlə birlikdə enirmiş.

New YorkTimes daha sonra yazır ki, Mahir Mütrəb 2007-ci ildə Böyük Britaniya səfirliyində diplomat kimi çalışdığı vaxtlardan daim şahzadəni xarici səfərlərdə müşayət edib. Bundan başqa qəzet videogörüntülər vasitəsilə kimlikləri müəyyən edilən digər şəxslərin – Tahir Qalib əl Həribinin də, Əbdüləziz Məhəmməd əl Həvsarinin, Məhəmməd Səid Əlzahraninin də vəliəhdin yaxın çevrəsinə daxil olduqlarını sübut edən materiallar verib.

Qeyd edək ki, vəliəhdin təcili İstanbula ezam olunmuş "dostları” arasında həkim də olub. O, konsulluğa qeyri-adi bir missiya ilə, jurnalistin cəsədini binadan rahat çıxartmaq üçün onu mişarlamağa göndəlibmiş. Bu fakt da hələ ki, geniş ictimaiyyətə təqdim olunmamış və nə vaxtsa təqdim olunacağı şübhə doğuran səs yazısında öz əksini tapıb.

Camal Qaşıqçı olayına aydınlıq gətirmək üçün prezident Trampın tapşırığıyla Ər-Riyada gedən dövlət katibi Maykl Pompeo artıq səfərini başa vurub. Geri qayıdarkən o, Ankarada dayanıb və Esenboğa hava limanında Moldovaya səfərə yola düşən Türkiyə prezidenti R.T. Ərdoğanla görüşüb. Lakin 40 dəqiqə çəkən görüş barədə mətbuata heç bir bilgi verilməyib. Səudiyyə rəsmiləriylə görüşlə bağlı dövlət departamentinin Pompeonun adlndan yaydığı rəsmi açıqlamada isə konkret heç nə yoxdur. Burda o, sadəcə, "Səudiyyə Ərəbistanı bütün faktların araşdırılmasına ciddi şəkildə meyillidir”, "yüksək ranqlı məmurlar da daxil olmaqla hər kəsi məsuliyyətə cəlb etməyə hazırdır”, "kral və vəliəhd İstanbul konsulluğunda baş verənlərdən məlumatlı oımalarıyla bağlı deyilənləri qəti şəkildə rədd etdilər”, "mən hərtərəfli, şəffaf, operativ araşdırma aparılmasının vacibliyini Səudiyyə rəsmilərinin nəzərinə çatdırdım və onlar buna boyun oldular” kimi ümumi ifdələrlə kifayətlənib.

Bu da səbəbsiz deyil. Qaşıqçı olayı meydana çıxandan bəri prezident Tramp məsələyə ehtiyatlı münasibət sərgiləməkdə və Səudiyyə Ərəbistanının ABŞ üçün vacib partnyor olduğunu vurğulamaqda davam edir. Hiss olunur ki, hər hansı bir jurnalistin qətlinə görə o, Səudiyyə kimi bir "pul dağarcığıyla” münasibətlərinə sərinlik gətirmək fikrində deyil. Təəsüf ki, Tramp başqa məsələlərdə olduğu kimi burda da sırf biznesmen təfəkkürüylə çıxış edir. Görünən budur ki, nə bu qətlin özü, nə də onun hətta orta əsrlər dövrü üçün də utanc sayılacaq müdhiş bir formada törədilməsi dünyanın super dövlətinin başçısını əsla narahat etmir. Bu isə bilavasitə pula və biznesə bağlı adamların siyasi hakimiyyət olimpinə yüksəlməsinin çağdaş dünya üçün necə ciddi təhlükələrə yol aça biləcəyinin əyani göstəricisidir.

Bu arada türk polisi Səudiyyə konsulluğundakı təhqiqatını başa vurub. 9 saat davam edən və sübhə kimi çəkən təhqiqatın nəticələri barədə rəsmi açıqlama verilməsə də artıq mətbuata bəzi informasiyalar sızıb. Konsulluqdakı axtarışda iştirak edən bir yetkili adının çıkilməməsi şərtilə Assoşeyted Press agentliyinə bildirib ki, araşdırma zamanı jurnalistin konsulluğun binasında öldürülməsi və sonra cəsədinin şaqqalanaraq ordan çıxardılması barədəki ilkin versiyalar əlavə sübutlarla təsdiq olunub. Xatırladaq ki, konsulluğun dipliomatik toxunulmazlıq hüququ olduğu üçün Ər-Riyad rəsmilərindən axtarışa icazə alınmalı, onların da nümayəndələrinin prosesdə iştirakı təmin edilməliydi. Bütün bunlar isə xeyli vaxt tələb edirdi. Nəticədə kriminalistlərin "hadisə yerinə” baxışı təxminən iki həftə yubanmış,"isti izlər soyuyandan” sonra baş tutmuşdu. Konsulluqda axtarışın bu səbəbdən ləngiməsinə münasibət bildirən BMTİnsan Hüquqları üzrə baş komissarı Mişel Baçelet isə, ümumiyyətlə, Səudiyyə konsulluğunun toxunulmazlıq hüququnun qaldırılmasını tələb etmişdi. Bizcə xanım Baçelet haqlıydı. Divarları arasında bu cür dəhşətli qətl törədilən diplomatik nümayəndəlik öz toxunulmazlığını, səudların sevimli istilahıyla desək, bakirəliyini onsuz da itirmişdi.

Trampın məsələyə yumşaq münasibəti də Səudiyyə rəsmilərinin əl-qolunu xeyli açır. Hər çıxışında tələsməməyi, araşdırmaların sona çatmasını gözləməyi tövsiyyə edən ABŞ prezidenti çox güman ki, konsulluqda nəyin və necə baş verdiyini artıq çoxdan bilir. Ancaq buna baxmayaraq o bu vacib tərəfdaşla münasibətləri pozmağın ABŞ-ın maraqlarına zidd olduğunu, təzə bağlanmış 110 milyardlıq silah satışı müqaviləsinin taleyinin təhlükəylə üzləşə biləcəyini və nəticədə həmin müqavilədən dolayı Amerikada açılası yüz minlərlə yeni iş yerlərinin itiriləcəyini qabardır. Hərçənd, artıq ABŞ mediyasında bu 110 milyard dollarlıq müqavilənin də söz-söhbətdən başqa bir şey olmadığı, Trampın Səudiyyə səfəri zamanı cəmi 7 milyard dollarlıq müqavilə imzalandığı barədə məlumatlar yayılır.

İsrail ərəblərlə kəskin ziddiyyətlərinə və düşmənçiliyinə baxmayaraq, ən zəngin ərəb dövləti olan Səudiyyə Ərəbistanıyla çox yaxın münasibətdədir. Elə ona görə də Yaxın Şərqdə baş verən istənilən hadisəyə dərhal münasibət bildirən Təl-Əviv iki həftədir dünyanı silkələyən bu olay barədə susur. Hadisə haqqında İsrail qəzetlərində də çox az məlumatlar yayınlanır. Yalnız bu günlərdə həmin ölkənin xüsusi xidmət orqanlarının bir mənsubu Londanda nəşr olunan, Səudiyyə Ərəbistanına aid "İlaf” qəzetinə bəzi açıqlamalar verib. Adının çəkilməməsi şərtilə qəzetə danışan həmin şəxs hadisə haqqında yayılan məlumatların əsasən Türkiyədən gəldiyini bildirərək deyib ki, onlar daha çox Səudiyyədən gələnxəbərlərə güvənirlər. O öz ölkəsinin Ankara və Ər-Riyadın yaratdığı təhqiqat qrupunun yekun rəyini gözlədiyini söyləyərək məsələ ətrafında mətbuatda yazılanların dəqiq mənbələrə yox, sosial mediya üzərindən paylaşılan məlumatlara əsaslandığını önə çəkib. İsraildə çıxan "Maariv” qəzetisə xeyli qalmaqallı bir versiya irəli sürüb. Vaxtilə Parisdə Mərakeşli müxalifətçi Mehdi ben Berkanın itkin düşməsində İsrail kəşfiyyatının roluna işarə vuran qəzetin şərhçisi Yossi Nelman yazıb: "Ümid edirəm ki, Qaşıqçı olayında MOSSAD-ın barmağı yoxdur”.

Hazırda Səudiyyə Ərəbistanında FII konfransına ciddi hazırlıq görülür. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə ilk dəfə keçən il keçirilmiş bu konfransın əsas məqsədi dünya maliyyə nəhənglərini 2030 ilə kimi ölkədə həyata keçirilməsi planlaşdırılan böyük iqtisadi layihələrə investiya qoymağa cəlb etməkdir. Camal Qaşıqçı olayından sonra artıq bir sıra iri şirkət və korporasiyaların,beynəlxalq maliyyə qurumlarının başçıları həmin tədbirə qatılmaqdan, media orqanları isə onun işini işıqlandırmaqdan imtina ediblər. Onların arasında Dünya Bankının, İMF-in, Chasenin, Blackrockun, Blackstonenin, Google Cloudun, London Birjasının, SNN-in, New York Timesın,CNBC-in, Financial Timesın, Huffington Postun ve Bloomberginvə onlarla başqa qurumların rəhbərləri və əməkdaşları da var. Bu imtinalardan sonra konfransın, ümumiyyətlə, baş tutub-tutmaması isə ciddi sual altındadır.

Səudiyyə Ərəbistanı nə qədər mühafizəkar ölkə olsa da həmişə biznes dünyasının marağını cəlb edən bir ölkə olub və dünya biznes nəhəngləriylə isti təmaslarıyla fərqlənib. "Demokratiya”, "insan hüquqlarının aliliyi” kimi kəlmələrin ən yaxşı halda yüngül istehza doğurduğu bu ölkə rəsmiləri üçün "ənənəvi dostların” belə münasibəti, heç sübhəsiz ki, çox ağır zərbədir.

Qaşıqçı olayı elə şahadənin özü üçün çox ağır zərbə oldu. Məhəmməd bin Salman vəliəhd təyin olunduğu vaxtdan bəri qatı mühafizəkar Səudiyyə cəmiyyətində liberal yönlü bir sıra yeniliklərə, "ilk”lərə imza ataraq beynəlxalq ictimai rəydə az-çox rəğbət qazanmışdı. Ancaq o bu cür iyrənc və amansız bir iş görməklə (araşdırmaların hansı nəticəyə gələcəyindən və onun ictimaiyyətə necə təqdim olunacağından asılı olmayaraq dünya durduqca bu olayın onun adıyla qoşa çəkiləcəyi, çox güman ki, haqlı olaraq qoşa çəkiləcəyi qətiyyən şübhə doğurmir) qısa zaman ərzində qazandıqlarının üstündən birdəflik xətt çəkdi.

ADALET.AZ