adalet.az header logo
  • Bakı 20°C
17 Oktyabr 2018 12:45
8677
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: CAMAATI SINAĞA ÇƏKƏNLƏR

Belə bir deyim var: «Su həyatdır». Əlbəttə, su olmayan yaşayış yerində – binada, evdə adamlar hansı çətinliklərlə üzləşir, bunu heç kim bilməsə də, suyu gəlməyən insanlar daha yaxşı bilirlər. Çünki deyirlər ki, lalın dilini anası bilər. Gəlin bir faktı deməkdən çəkinməyək. Bakıda bir çox yaşayış sahələrinin sakinləri demək olar ki, elə il boyu «su, su» deməkdən lalıyırlar. Xüsusən də isti yay günlərində su gəlməyəndə həmin adamlar canlarını qoymağa yer tapmır, hətta yuyuna bilmirlər. Hər adamın da yaxın qohumu yoxdur ki, gedib onun evindəki hamamda yuyunsun.

Nədənsə bizim millətin su sarıdan bəxti gətirməyib. Bəziləri deyə bilərlər ki, müəllim, sən düz danışmırsan. Odey, bizim binada sutkanın 24 saatı su verilir. Buna sözümüz yoxdur. Bakıda elə yaşayış yerləri və binaları var ki, həqiqətən də ora daimi su ilə təchiz edilir. Hələ bir balaca imkanı olanlara rəhmətlik Zeynalabdin Tağıyevin çəkdirdiyi su kəmərindən su verirlər. Axı, ikinci kəmər də səhv eləmiriksə çəkilib. Yəni indi Bakıya Qubanın dağlarından süzülüb gələn tərtəmiz göz yaşı kimi bulaq suyu gəlir. Bu su da təbii ki, hər evə və hər binaya verilmir. Bunlarla işimiz yoxdur. Kim hara su verir, necə verir özü bilər.

Amma bir onu bilirik ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Məmməd Araz küçəsinin sakinləri ilboyu su sarıdan əziyyət çəkirlər. Onlara on beş gündən bir su veriləndə papaqlarını göyə atıb sevinirlər. Sevinirlər ki, nə yaxşı heç olmasa, on beş gündən sonra su verildi. Özü də həmişə Məhərrəmlik ayında sanki Su Kanal İdarəsi bu sakinləri sınağa çəkir. Bax, onu bilmirik ki, niyə Məhərrəmlik ayında bu insanları su ilə imtahan eləyirlər?

Düz on beş gün idi ki, yuxarıda göstərdiyimiz ünvana əlaqədar qurum tərəfindən su verilmirdi. Həmin massivin sakinləri isə İcra hakimiyyətindən tutmuş Su Kanal İdarəsinə qədər şikayət etdilər. Bir neçə dəfə həmin qapıları döyməyə məcbur oldular. Bəzi məmurlar onlara su verilməsilə bağlı vəd versə də, ancaq bu vədə əməl olunmurdu. Sakinlər bu cür yalançı vədlərdən boğaza yığılaraq yenə dəfələrlə adiyyəti qurumlara üz tutdular. Çox get-gəldən sonra axır ki, oktyabr ayının 16-da gecə saatlarında həmin yaşayış massivinə su verildi. Təbii ki, bundan ən çox sevinən də həmin massivdə yaşayan insanlar oldu. Biz həmin massivdə yaşayan bir neçə sakinlə söhbət elədik. Namaz Məmmədov adlı yaşlı bir ağsaqqal onların problemi ilə maraqlandığımızı görüb sevindi. Dedi ki, ay oğul, kaş hamı sizin kimi bizim dərdimizlə maraqlanaydı. İnanın, bu ahıl çağımızda mən və qonşularımız həftələrlə su gəlməyəndə adiyyəti qurumların qapısına getməkdən əldə düşmüşük. Nə yaxşı ki, bu qədər etirazdan sonra suyu verdilər. Hələ indiyə qədər görməmişik ki, bizim yaşadığımız yerə gündüz saatlarında su verilsin. Gecə saatlarında su veriləndə sözün açığı, bəzi sakinlərin bundan xəbəri olmur. Səhər yuxudan oyananda qonşular deyir ki, bəs gecə su verdilər. Həmin adamlar da qalırlar mat-məəttəl. Gərək bir də neçə gün gözləyəsən ki, yaşayış sahəsinə su versinlər, sən də çənini doldurasan və özünə su ehtiyatı yığasan.

Biz həmin yaşayış sahəsindəki neçə-neçə insanların su ilə bağlı giley-güzarlarını dinlədik. Gördük ki, həqiqətən də bu insanlar ayrı-ayrı vəzifəli şəxslərin məsuliyyətsizliyi üzündən həftələrlə, hətta daha çox müddətə susuz qalırlar. Həmin insanlar bizimlə söhbətlərində bir daha dedilər ki, onların su sarıdan olan narazılıqlarını Abşeron rayon Su Kanal İdarəsinə çatdıraq. Çünki sakinlər deyirlər ki, biz gedib onlara etiraz eləyirik, ondan sonra bir müddət keçmiş bizə su verirlər. Özü də bəhanələri bu olur ki, təyziq aşağıdır, ona görə də su zəif gəlir. Hansı ki, ölkə rəhbərliyi tərəfindən hər il adiyyəti qurumlara milyonlarla vəsait keçirilir. Qoy adiyyəti qurumlar da zəhmət çəkib bu vəsaiti düzgün xərcləsin və suyun təyziqini artırsın. Bəhanələrlə adamları yola vermək, aldatmaq heç də yaxşı iş deyil.

Göründüyü kimi, Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Məmməd Araz küçəsində yaşayan sakinlərin su problemi bir neçə günlük öz həllini tapıb. Ancaq sakinlər bildirdilər ki, bu müvəqqəti xarakter daşıyır. Ona görə də adiyyəti qurumlar bu barədə ciddi düşünməli, yuxarıda göstərdiyimiz yaşayış sahəsinin sakinlərini fasiləsiz su ilə təmin etməlidilər. Bu, onların vəzifə borcudu.