AŞIQ ŞƏMŞiRi DƏ KüRD ELƏDiLƏR

AQİL ABBAS
38555 | 2007-03-09 23:49
Bu dəqiqə Azərbaycanda çox böyük bir bölücülük siyasəti gedir. Türkiyədə də belədir. Və buna görə ABŞ, Avropa dövlətləri və Soros külli miqdarda pul buraxır":: xalqın sevdiyi, inandığı, and yeri olduğu adamları ləkələyin, gözdən salın, nüfuzdan salın və sair və ilaxır.
   
   Mən dəfələrlə yazmışam və yenə yazıram, kürd olmaq eyib deyil, kimsə kürddüsə, kimsə ərəbdisə, farsdısa və sair və ilaxır burda eyib olacaq bir iş yoxdur. Və Azərbaycanda heç vaxt türk-kürd söhbəti olmayıb, amma indi yuxarıda saydıqlarım dövlətlərin maliyyələşdirdiyi qəzetlər, təkcə qəzetlər deyil, həm də siyasətçilər Azərbaycanda bölücülük yapırlar. Və işləri də uğurla gedir. Çox təəssüf ki, Türkiyədə hüquq-mühafizə orqanları belə söhbətlərə müdaxilə etdiyi halda, Azərbaycanın hüquq-mühafizə orqanları, Rafiq Tağını, Samir Sədaqətoğlunu hansısa bir səhvə görə həbsə atan hüquq-mühafizə orqanları, daha böyük cinayətlərə əl atanlar haqqında susur. Deyəsən onlardan qorxurlar. Deyəsən yox, elə doğrudan qorxurlar. Niyə?! Çünki Azərbaycanı öz qanunları ilə deyil, ABŞ-ın, Avropa dövlətlərinin və SOROS-un qanunları ilə idarə eləyirik.
   
   Deyirəm, sabah qəzetdə Azərbaycanda yaşayan hansısa bir etnik azlıqla bağlı Allahın bir lətifəsini yazsam, məni məhkəməyə verərlər, amma türkün dədəsinə söysəm də heç kəs məni məhkəməyə verməyəcək. Azərbaycandakı qeyri-türklər özlərini öz adları ilə çağırmaqdan çəkinmirlər, amma türklər özlərini öz adları ilə çağırmaqdan qorxurlar. Faciəyə baxın. Bu təkcə faciə deyil ey, dəhşətli bir şeydir.
   
   İndi qəzetlərin birində Azərbaycanın çox böyük bir el sənətkarı, çox böyük bir aşığı və şairi, ağsaqqalı Aşıq Şəmşir haqqında yazırlar ki, kürddür. Aşıq Şəmşir elə bir zirvədəydi ki, əgər o, kürd olsaydı sağlığında özünə kürd deməkdən çəkinməzdi, bu bir. Çünki Kəlbəcərdə kürd olanlar vardı və onlar Aşıq Şəmşirin topuğundan da deyildilər, özlərinə kürd deyirdilər və heç kəs də onları qınamırdı. Və Azərbaycanda həmişə kürdü türk biliblər.
   
   İkincisi, dünyada elə şeylər var ki, o minillik bir qandan gəlir. Məsələn, Rüstəm İbrahimbəyov əsərlərini rusca yazır, eləcə də Oljas Süleymenov və ya Çingiz Hüseynov, onların əsərlərini oxuyanlar dərhal hiss edirlər ki, bu əsərlər rus təfəkkürünün məhsulu deyil, bu əsərlərin müəllifi qeyri-rusdur. Yaxud Nizami Gəncəvi farsca yazıb-yaradıb və dərhal hiss olunur ki, əsərlər farsca yazılsa da, yazan türk təfəkkürünün adamıdır. Sən farscanı Azərbaycan dilindən gözəl bilərsən, amma sənin düşüncə tərzin, sənin təfəkkürün Azərbaycan-türk təfəkkürüdür.
   
   Və bir də dünyada elə şeylər var ki, onu yalnız həmin millətin nümayəndəsi ifadə edə bilər. Yəni Azərbaycan dilini çox gözəl bilən, hətta Azərbaycanda doğulan, hətta öz dilini bilə bilməyən bir rus (mən Ağdamda rus dilində oxuyurdum, içində elələri var idi ki, öz dillərini yaxşı bilmirdilər), yaxud hansısa başqa bir millətin nümayəndəsi yüz çalışsa da "Simayi-Şəms"i oxuya bilməz. Çünki onun boğazı, onun qırtlağı azərbaycanlı boğazı və azərbaycanlı qırtlağı deyil. Və o boğaz, o qırtlağ "Mənsuriyyə"ni oxumaq qabiliyyətində deyil, hər hansı bir azərbaycanlı bir ərəb və ya bir ingilis mahnısını oxuya bilər, amma müəyyən detalları edə bilməz. Niyə? Çünki onun da boğazının qırtlağı ərəb və ya ingilis qırtlağı deyil.
   
   Yəni heç bir qeyri-azərbaycanlı (ola bilsin şer yazsın, Azərbaycan dilində roman yazsın) dodaqdəyməzi, təcnisi, qoşmanı, yaza bilməz, deyə bilməz. Görürsünüz ermənilər deyirlər kamança bizimdir, hətta deyə bilərlər tar da bizimdir, amma saz bizimdir demirlər və deyə bilmirlər də! Çünki saz türklərlə bir yerdə doğulub. Sazda elə guşələr, elə yerlər var ki, onu yalnız türk edə bilər.
   
   Aşıq Şəmşir təpədən-dırnağa türkdür, Azərbaycan türküdür. Bunu araşdırmaq üçün heç bir şeyə ehtiyac yoxdur, sadəcə olaraq onun əsərlərini oxumaq kifayətdir. Məsələn, Mirzə Ələkbər Sabiri rusca tərcümə eləmək mümkün deyil. Çünki ordakı o kinayə, o sarkazm, o istehza, o düşüncə tərzi nəinki rus dilinə, heç bir dilə tərcümə olunmur. Özümüzü öymək olmasın, ərəb dilini çıxmaq şərtilə, dünyanın bütün başqa dilləri türk dilindən zəifdir. Yəni başqa dillərdə olan əsərləri Azərbaycan dilinə çevirmək mümkündür.
   
   Mən bircə misal gətirim. Buyursunlar, rusu və qeyri-dilləri bilənlər bu misranı tərcümə eləsinlər. Qohumbazlıq eləmirəm, sadəcə olaraq yazı yazanda yadıma Məmməd Arazın bu misrası düşdü"::
   
   VƏTƏN GÖYÜ, GÖYLÜYÜNDƏ DURULDUM.
   
   Kimlərsə kimlərisə sevməyə bilər. Kiminsə Cavid Qurbanovla problemi varsa, problemini getsin Cavid Qurbanovla həll etsin. Cavid Qurbanov nazir statuslu bir məmurdur və təbii ki, işində nöqsanlar da var. Buyurun, o nöqsanları qoyun ortaya. Amma böyük bir el sənətkarına Cavid Qurbanovun babası olduğuna görə şər atmaq, ləkələmək ayıb olan bir şeydir. İnsanlar ruhlardan qorxmurlar, amma dünyada ruh var, o ruh adamı tuta bilər. Aşıq Şəmşirin düşmən işğalında olan goru od tutub yanar və ona ləkə atanları tuta bilər.
   
   Mirmahmud ağanın bir yaxşı sözü yadımdadı, ağır seyiddi, çox təhqirlərə məruz qaldı. Bir dəfə soruşdular ki, sizi təhqir edənləri cəddinə tapşırırsınızmı? Dedi ki, yox. Mən cəddimdən yaxşı şeylər xahiş eləyirəm.
   
   Aşıq Şəmşir də özü seyid deyil, amma əslində Azərbaycan ədəbiyyatının ağır seyidlərindən biridir. Yəqin ki, onun da ruhu onu təhqir edənləri bağışlayar. Və bu, bəlkə də səhvdir.
   
   Qaldı Cavid Qurbanovun Boz qurd olmağına, vaxtilə Azərbaycanda bozqurdçuluq ideyasını yayanlardan biri olmuşam və bu gün də bu ideyanın həm daşıyıcısıyam, həm də yayanıyam. Azərbaycanda kimin Boz qurd olub-olmadığını da çox gözəl bilirəm. Boz qurd olmaq da kiməsə utanc gətirmir. Elə Boz qurd ola bilmirik deyin tülkülər, çaqqallar üstümüzə ayaq açır. Bir dəfə rəhmətlik Barış Manço ilə söhbətimdə belə bir söz söylədi":: "Ən böyük Boz qurd Heydər Əliyevdi". Və sonra da izah elədi ki, Boz qurd - Vətəni sevmək, milləti sevmək, torpağı sevmək, dövləti sevməkdir və Heydər Əliyev də bunun ən böyük daşıyıcısıdır. Yəni hamımız Boz qurd olmalıyıq, o cümlədən Cavid Qurbanov da. Amma sadəcə olaraq, Azərbaycanda o bozqurdçuluq söhbəti olan dövrdə Cavid Qurbanov nə o partiyanın, nə də o cəmiyyətin üzvü olmayıb. Bunu hamıdan yaxşı bilənlərdən biri də mənəm. O vaxt bir "Boz qurd" qəzetini çap edirdim, orda orduya, cəbhəyə yardım edənlərlə bağlı məlumatlar verirdim və bir dəfə də Cavid Qurbanovun, deyəsən o vaxt hansısa bir trestin rəisi idi, cəbhəyə yardımı haqqında bir məlumatı çap eləmişəm. O da mənə telefon açdı ki, Aqil, cəbhəyə kömək eləmək hamımızın borcudur və mən bu köməyi ona görə eləmirəm ki, qəzetdə yazalar, hamı bilsin və desinlər Cavid yaxşı oğlandı.
   
   Və ən maraqlısı budur ki, bir türkə həm ləkə atasan ki, türk deyil, həm də deyəsən ki, Boz qurddur. Bu necə olur?
   
   Mənim çəkinəcəyim bir şey yoxdur. O vaxt Barış Manço demişdi":: "Heydər Əliyev ən böyük Boz qurddur".
   
   İndi də mən deyirəm, bu gün İlham Əliyev ən böyük Boz qurddur. Elə onun dünən Bakıda türklərin forumunu keçirməsi buna bir sübutdur, əslində Türkiyə bizdən daha böyük dövlətdir, bu forumu onlar keçirməliydi. Amma bunu İlham Əliyev keçirtdi, atasının, Ulu Öndərimizin yolunun davamçısı kimi.

TƏQVİM / ARXİV