adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Oktyabr 2018 00:13
14803
GÜNDƏM
A- A+

İLLÜZİYA

Oğlum Erola

İnsanlar həqiqət yox, onları yaşadacaq illüziya axtarırlar. Anais Nin

(Esse)

Loğman Rəşidzadə

(əvvəli ötən sayımızda)

Ta uşaqlıqdan bizim hüceyrə yaddaşımıza yalanı, yanlış təsəvvürləri pərçim edən faktorlardan biri də tərbiyəmizdə folklor amili olmuşdur. Bizdə, adətən, folklora uşaq təfəkkürü nisbətində adekvat yanaşma yoxdur. Uşaq çağlarından qorxulu nağıllar, yalan hadisələr və süjetlər üzərində qurulmuş əhvalatlar, sizcə, yalan tərbiyənin əsasını qoymurmu? Laylalarda, bayatılarda, beşik nəğmələrində bəzən elə primitiv sözlərə, ifadələrə, çaşqın, yayğın, yalan hadisə və kompozisiyalara rast gəlinir ki, bu, tərbiyələndirmək əvəzinə, əksinə, şüurun pozitiv koordinatlarını pozur. Bundan başqa, uşaqları qorxu və basqı altda saxlayan o qədər məişət remarkaları var ki... "Xoxan gəldi, qaç!", "Sakit ol, yoxsa səni cin aparar!", "Dinc otur, Süpürgəsaqqalı çağıraram!" Nə qədər qorxu və təzyiq vasitəsi olar? İnsan nə qədər qorxu ilə böyüyər? Uşaqlıqda molladan qorxurduq, qəbristanlıqdan qorxurduq, məsciddən qorxurduq... Bütün bunlar yanlış tərbiyənin nəticəsi deyilmi?.. Bu isə bumeranq simptomlar doğurur, yalana, yağmaya yol açır, mənəvi zərbələr vurur, qəlbimiz və ruhumuzda zaman-zaman əbədi bir sərgərdan substansiya kimi dolaşır...
Odur ki, həqiqətdən qaçmağa güclü bir meyl, illüziyayla yaşamaq, xəyal və xatirələrdə şirin arzulara qovuşub "xoşbəxt" ömür sürmək istəyi insan yaddaşının qədim, əbədi simptomlar kimi boy göstərir. Bütün bunlar isə ana bətnindən üzü bəri əzablı və uzun bir yol keçir. Axı, doğuluşun özü də bir illüziyadır. Ən böyük həqiqət isə ölümdür. İnsan ömrü həyat instinkti Erosla ölüm instinkti Tanatos arasında konkret bir mərhələdir (Yəni yalan və həqiqət arasında). İnsan doğulan andan ölümə - yalandan həqiqətə doğru gedir. Praktik baxımdan bu yalan və həqiqət tandemi eləcə ana bətnindən baş alıb gəlir. Ana bətnində bioloji yöndə milyonlarla xromosomdan biri, ya ikisi (nadir hallarda bunun sayı arta da bilər) canlı insana çevrilir.Milyonların içindən bizi seçdiyinə görə, əslində Tanrıya minnətdar olmalı, daim onun uca lütfünə sığınmalıyıq. Beləliklə, doğulan hər kəsin bu fani dünyaya gəlməsi nə dərəcədə zəruridirsə, bir o qədər də təsadüfidir. Ölüm isə mütləqdir. Burada seçim imkanı yoxdur. Doğum nə qədər qaçılan, idarə olunan, illüstrativ bir aksiyadırsa (təbii seçmə qanunları bir yana, hələ süni müdaxilələri demirik), ölüm qaçılmaz, idarəolunmaz məqbul bir hökmdür, aktdır. Qurani-Kərimdə də deyilir ki, bu dünya sınaq, axirət haqdır. Süfilərə görə bu dünya yığım, o dünya isə hesabatdır.
Kainatda hər şey əlaqə və harmoniyadadır. Başlanğıcdan hər şey bir-birinin törəməsi, davamı və nəticəsidir. Min illər boyu hansısa bir ağac, hansısa bir çiçək, quş, heyvan, son anda təbiətin bir parçası kimi insan yeddi (hətta yeddi min) arxadan dönən nəsil-nəcabətinin xassələrini, keyfiyyətlərini qoruyub saxlayırsa, bu, özü bəşəri harmoniyanın ən adi təsdiqi deyilmi? Maddənin itməməsi qanunu, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə çevrilməsi bəs nədir?.. Əbədi harmoniyanın elmi dəlillərlə sübutu deyilmi? Həyatda heç nə itmir, sadəcə formasını dəyişir. Əbədiyyət ismarıcı deyilmi?..
Ən ciddi və pozulmaz harmoniya olumla ölüm arasındadır. Bu, ilahi iradənin təsdiqidir. İslamda ifrat antropormorfizm (Allahı insan sifətində təsəvvür etmək) tərəfdarlarından fərqli olaraq guşənişinlər, zahidlər, sufizm tərəfdarları Tanrını xalis ruh hesab etmişlər. Burada ciddi bir məntiqlə üz-üzəyik. Əslində ilahi varlıq haqqında hipotez və müddəalardan ibarət olan bütün dinlərin bünövrəsi ruhani fəlsəfə əsaslıdır. Bütün nəzəri-praktik teoloji fikirlərdə Allah Ali Ruh kimi təqdim edilir. Bütün canlılar, cansızlar (əslində dərinə getsək, həyatda cansız heç nə yoxdur) Böyük Ruhdan qopub kainata səpələnmiş zərrələrdir. Böyük Yaradan hər bir canlıya yaşam üçün özündən nur payı, yəni ruh ayırıb verir. Zamanı çatanda həmin pay, yaxud bu əmanət yenidən onun özünə qaytarılır. XŞ əsr görkəmli sufi nəzəriyyəçilərindən İbn Teymiyyə yazırdı: "Xəlq edilmiş şeylərin varlığı Xaliqin varlığından başqa bir şey deyildir; hər şey ilahi vücuddan xəlq olur ki, ən nəhayət bu vücuda qayıtsın." İnsan həyatında ruh başlıca amildir. Ruh sirri-Xudadır, Böyük Yaradanın ən gizli saxlancı və mübhəmidir. Bu, elə bir gizli nəsnədir ki, Ulu Yaradan onun barəsində, hətta özünün sevgili Rəsuluna-İslam peyğəmbərinə də yalnız fəhm sızdırmış, eyham şəklində ismarıc vermişdir: "Səndən ruh haqqında soruşacaqlar. De ki, bu barədə mən az şey bilirəm." Müasir elm klonlaşdırılmış süni insanlar yaradır və ona insana xas bütün xüsusiyyətləri, məziyyətləri verə bilir. Ruhdan başqa. Elm burada acizdir. Elm qurtaran yerdə Allah başlayır. Ruhsuz insan, heç şübhəsiz, bütün möcüzəvi cəhətləri ilə müqəvvadır, yaradıcı deyil, quramadır. İnsan ölür, ruh yaşayır. Əbədiyyətin məntiqi də bundadır. Ruh heç vaxt ölmür, yeni dünyaya gələn başqa birisinə ərməğan edilir. Beləliklə də, yeni doğulan canlının ömür payından ilahi dərgaha uzanan yol olum və ölümün əbədi harmoniyasıdır.
Ana bətnində embrionun formalaşması, canlı insana çevrilməsi prosesi və müddəti Qurani-Kərimdə dəqiq göstərilmişdir. Müasir biologiya elmi bunu təsdiqləməkdən uzağa getməyib. Nütfənin laxta qana çevrilməsi, çeynənmiş əti xatırladan maddənin yaranması, qığırdağın - yumşaq sümüyün formalaşması və s. qırx gün müddətində cərəyan edir. (Qırx gün anlayışı həm ilahi, həm də praktik mənada dərin mahiyyət kəsb edir. Bu müddət müəyyən proseslərin nəticəsidir: guşənişinlərin maddi aləmdən və insanlardan kənarlaşaraq özünüdərki qırx gün çəkir, uşaq qırx gündə çillə çıxarandan sonra gözlənilən təhlükələrdən qurtulur, nağıllarda həmişə qırxıncı otağın sirrindən söz açılır, atı qırxa bağlayırlar və s. və i.a. Unutmayaq ki, sonuncu Peyğəmbər Məhəmmədə (ə.s.) də ilahi elçilik qırx yaşında verilmişdir. Bu barədə istənilən qədər misallar çəkmək, mülahizələr yürütmək olar...). Bu dövrdə hələ ki, canlı insan yoxdur, o, hələ adicə bir maddədir. Qırxıncı gün Allah öz mələyini göndərib onun vasitəsilə həmin maddi kütləyə ruh üfürüb ona can verir. Və insan yaranar. Bunu müasir elm də təsdiq edir. Beləliklə, qeyd etdiyimiz kimi, yaranan insan Allahdan qopan zərrə kimi dünyaya gəlir və öləndə də ondan ayrılan ruh dərgahda əbədi sahibinə qovuşur. Bunun özü də maddənin itməməsi qanununun dəlillərinə tam uyğundur. Görünür, eləcə ən böyük həqiqət ruhdur. Bu məqamda bir sual yarana bilər, ruh axı maddə deyil? Sual zahirən haqlı səslənir. Lakin unutmamalıyıq ki, ruh müstəsna statuslu, özəl mahiyyətli, hətta bizim təsəvvürlərimizdən kənar maddəyə bənzər bir substansiyadır. Bu, nur şəklindədir, işıq formasındadır və hətta onun görüntüsü, mövcud forması elmi dəlillərlə sübut olunmuşdur. Alimlərin eksperimentləri zamanı hər ölən adamın son nəfəsdə çəkisinin 40, 50 qram yüngülləşdiyi müəyyən olunmuşdur. Bu, həmin an bədəni tərk edən ruhun çəkisidir. Alimlər, hətta onun görüntüsünü də qeydə almışlar: son nəfəs kimi insanın ağzından çıxan bulud formasında yüngül, ağ-mavi rəngə çalan, bir az da mayeyə bənzəyən bir nəsnə, başqa sözlə, hətta gözlə görülə bilən xüsusi substansiya. Müəyyən qrup alimlər, hətta təbiətin istənilən bir canlısında ruhun mövcudluğu iddiasındadır. Bu mənada onlar belə bir təcrübə aparmışlar. Baltanı götürüb qəzəblə ağacın üstünə yeriyirlər və bunu həssas bir cihazla qeydə alırlar. Bu vaxt ağac dəhşətli dərəcədə həyəcan siqnalları verib, bu olayı, qorxunu əsl canlı kimi yaşayıb.
Qeyd etdik ki, insan ömrüylə həqiqət arasında müəyyən normativlər mövcuddur və bu da ölümlə tamamlanır. Biz öz ömrümüzə yalanlar qatdıqca, həyatımızı fəna etdikcə, Allahın bəxş elədiyi qiymətli nəsnələri taladıqca, bəzən ölümü də illüziyaya çeviririk. Yaradan insanlara normal yaş həddi seçib. Normal halda insan uzun ömür - 140-150 il yaşaya bilər (İncilə görə). Lakin insan müxtəlif eksperimentlərlə, hallünüyos düşüncələrlə ağlını və ruhunu talan edib lüzumsuz işlərə sərf edir, öz potensialını vaxtından əvvəl tükətmiş olur. Bəzən biliksizliyimizin, bəzən duyğusuzluğumuzun ucbatından ömrümüzə balta çalıb onu qısaldırıq. Düzgün qidalanmamaq, çirkli hava, su, insani münasibətlərdəki boşluq və pərakəndəliklər bu səbəblər zəncirinin ayrı-ayrı həlqələridir. Biz zaman-zaman bioloji həyatın parametrlərini nəzərə almırıq, sanki öz natural bədənimizdən uzaqda yaşayırıq. Öz davranış və həyat tərzimizlə, pis vərdişlərimizlə içimizi, mənəviyyatımızı ac saxlayır, ən çox da hüceyrələrimizi qidadan məhrum edirik. Bu da bizim birbaşa həm fiziki, həm də mənəvi süqutumuza aparıb çıxarır, ömrümüzün qısalması amilinə çevrilir. Əslində ölümün formaları fərqlidir. Bunun əsas təzahürləri öz içimizdə, daxilimizdədir. Sadəcə, bunu hiss etmirik. Hüceyrənin yaddaşında yer alan o "sehrli" həqiqi məlumatı görməzdən gəlirik. Elmin inkişafı nəticəsində hüceyrə DNT yaddaşında bəzi informasiyaları dəyişmək olur (NLP). Dəqiq, lazımi elmi məlumatlar olmadığı üçün bəzən ölüm aktını insanlar təhtəlşüur şəkildə müəyyən edir. Nəzərə alsaq ki, hüceyrələrimiz də təhtəlşüur işləyir və hər düşüncənin nə vaxtsa reallaşacağı mütləqdir, o zaman bu nüansları nəzərə almaq gərəkdir. Hər düşüncə özü bir duadır. İnsan hüceyrələri özü-özlüyündə bir kainatdır. Biz öz düşüncələrimizlə bu kainatın nizamını pozmamalıyıq. İnsan hər şeyə qadirdir. Hüceyrələrimiz bizə çox inanır və etibar edir. Onların şüuru olmasa da ruhu vardır. Biz onları öz yalan həyatımızla yükləməməli, yanlış informasiyalarla çaşdırmamalıyıq.
Biz az-çox nəyi idarə edə biliriksə, onu da sevir və özümüzə yaraşdırırıq. Ölümdən qorxuruq, çünki ölüm idarəolunmaz həqiqətdir. Həmişə bər-bəzəyə, təmtəraqa, bizi xoşbəxt eləyən yalana, illüziyaya da məhz buna görə can atırıq. Başqa sözlə: "Hər bir yalanın öhdəsindən yalanla gəlmək olar. Bircə ölümü yalanla aldatmaq olmaz." (Yusif Balasaqunlu).
L.A.Senekaya görə isə ölüm dünyəvi qanunla müəyyən edildiyi üçün o tamamilə şər (oxu: yalan) ola bilməz. "Həyat da tamamilə xeyir (oxu: həqiqət) ola bilməz. Həyat yalnız və yalnız əxlaqi əsas olduğu hallarda dəyərlidir." Bəli, bu dəyər-əxlaq olmayan yerdə yalan göyərir... Amma gəlin görək əxlaq yalana qalib gələ bilirmi? Əxlaq həqiqətdir. Həqiqət isə yalqız və məğmundur. Biz hər addımda bununla üzləşirik. Həm təbiətdə, həm ictimai həyatda, gündəlik məişətimizdə, həm də psixoloji halımızda.

Babamın mücadiləsi

O vaxtlar on-on iki yaşım olardı. Mehrimi kitablara salmışdım. Oxumaqdan doymurdum. Başqa işlər, əyləncələr də, təbii ki, var idi. Mal-qaranı örüşə aparıb otarmaq, çayda çimmək, futbol oynamaq... Kitablar isə ayrı aləmdi: nağıllar, dastanlar, romanlar, şeirlər... Günlərin bir günü qaş qaralıb toranlıq çökəndə evin bir küncünə çəkilib oxuduğum kitaba necə aludə olmuşdumsa, qaranlıq düşdüyünün fərqinə varmamışdım. Babamın kölgəsi bir xəyal kimi içəri düşdü, dayanıb diqqətlə ora-bura baxdı, gözü axır ki, məni aldı:
- A bala, işığı niyə yandırmırsan?..- dedi.
- Yandırmıram. Belə də yaxşıdır. - Məni yəqin ki, kitabdan ayırdığı üçün intiutiv olaraq sərt cavab verdim.

(ardı gələn sayımızda)