adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Oktyabr 2018 00:06
4165
GÜNDƏM
A- A+

SƏUDİYYƏ KAŞIKÇININ ÖLDÜRÜLDÜYÜNÜ ETİRAF ETMƏYƏ HAZIRLAŞIR

CNN-in məlumatına görə, Səudiyyə Ərəbistanı "Vaşinqton Post" qəzetinin əməkdaşı Camal Kaşıkçının İstanbuldakı Baş konsulluğa gəlməsindən sonra dindirilərkən məlum olmayan səbəbdən ölməsi barədə açıqlama verməyə hazırlaşırlar.
Bununla bağlı məruzə hazırlamaqla jurnalistin ölümünü etiraf etmək planlaşdırılır. Mənbələrin məlumatına görə, jurnalist Türkiyədə oğurlanmaqla gizli surətdə Səudiyyə Ərəbistanına aparılmalıydı. Lakin dindirilmə zamanı "nəyinsə düz alınmaması" nəticəsində Kaşıkçı dünyasını dəyişib.
Telekanal təsdiq edir ki, bununla bağlı hazırlanan məruzədə hansısa dəyişiklik ola bilər. Bu günə olan məlumatlardan belə aydın olur ki, Kaşıkçının ölümü əvvəldən planlaşdırılmayıb. Güman edilir ki, günahkarlar məsuliyyətə cəlb olunacaq.
"Reuters" isə bildirir ki, Səudiyyə Ərəbistanı jurnalistin ölümündə kəşfiyyat orqanlarının əməliyyatı keçirən əməkdaşlarını günahlandıra bilər. Kralın varisi yəqin ki, Camal Kaşıkçının dindirilməsinə və ya Səudiyyəyə gətirilməsi məsələsinə razılıq verib. Buna baxmayaraq, Səudiyyə hökuməti varisi müdafiə etmək məqsədilə əməliyyatın uğursuz alınmasında yəqin ki, kəşfiyyat əməkdaşlarını günahlandıracaq.
ABŞ prezidenti Donald Tramp jurnalistin konsulluğun ərazisində öldürüldüyü təsdiq olunarsa Səudiyyə Ərəbistanının "ciddi cəzalandırılacağını" bəyan edib. Bununla bağlı o, dövlət katibi Maykl Pompeonu şəxsən Ər-Riyada və Ankaraya iki dövlət arasında hazırda baş verən gərginliyin müzakirə edilməsi üçün göndərib.
ABŞ-ın Təhlükəsizlik Şurasının nümayəndəsi Türkiyə hökumətinə Səudiyyə Ərəbistanı ilə birlikdə Kaşıkçının ölümü ilə bağlı ciddi araşdırmalar aparılmasının vacibliyini bildirib. Türkiyə tərəfi hesab edir ki, jurnalist Baş konsulluğun binasında qətlə yetirilib və onun bədəni xüsusi mişarlarla parçalanaraq qara furqonda binadan çıxarılıb.
Kaşıkçı Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanı daim tənqid etməsinə baxmayaraq, özünü heç vaxt dissident saymayıb. O, bundan əvvəlki iki Səudiyyə şahzadəsinin məsləhətçisi işləyib və bir çox hallarda, məsələn, Yəmənlə müharibə aparılmasını, ölkədə söz azadlığının məhdudlaşdırılmasını tənqid edib. Bununla yanaşı, o, yeni şahzadənin apardığı sosial reformaları dəstəkləyib.
Əslində ABŞ-da yaşayan Camal Kaşıkçı boşanma problemlərini Səudiyyə Ərəbistanının bu ölkədəki diplomatik korpuslarının birində də həll edə bilərdi. Amma nədənsə o, bu məsələnin həll edilməsi üçün nəyə görə İstanbula yönləndirilməsi məsələsinə də aydınlıq gətirilməlidir.
Rusiya KİV-ləri jurnalistin bilərəkdən İstanbula yönləndirilməsi və Səudiyyə Ərəbistanı rəhbərliyinin bununla bağlı məlumatlandırılması barədə məlumatlar yayır. Kaşıkçının İstanbuldakı Baş konsulluğa gəlməsi və tez bir zamanda kəşfiyyat əməkdaşlarının orda peyda olması faktı da çox şeydən xəbər verir.
Rüstəm HACIYEV