adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2018 17:07
34502
ƏDƏBİYYAT
A- A+

ƏLISƏFA AZAYEV: FLORA DÜNYASI

Bu yazı uzun müddət adsız qaldı. Çünki Flora Xəlilzadə adına, soyadına, onun keçdiyi yaradıcılıq yolunu xarakterizə edən sanballı bir ad tapa bilmirdim. Ona görə yox ki, onu yaxşı, yaxından tanımırdım. Yox... Ona gbörə ki, onun bir xanım, qadın, ana kimi şəxsiyyəti, şairə, yazıçı, publisist kimi sənəti onun üçün o qədər yüksəkdə dayanmışdı ki, ona kölgə salacağından ehtiyatlanırdı. Bu dünyaya qədəm qoymaq onun üçün çətin, əlçatmaz idi...

Flora xanımı yetmişinci illərdən tanıyır. «Azərbaycan müəllimi» qəzetinin ədəbiyyat şöbəsində işlədiyi vaxtlardan. Onda həmin şöbəyə sərt adam kimi tanıdıqları şair Cavad Cavadlı rəhbərlik edirdi. Bəlkə də onun bu sərtliyi elə Flora xanım üçün idi. İlk dəfə o da qapını açıb içəri girəndə sanki ay parçası tək işıqlı bir gənc xanımla qarşılaşdı. Salamlaşandan sonra soruşdu:

- Bizim şöbəyə gəlmisiniz?
- Bəli...
- Əyləşin...
Dinmədiyimi görüb xəbər aldı:
- Yazı gətirmisiniz?
- Hekayə...
- Verin baxım...

Beləcə, onda «Ərəb pulu» hekayəsini ona verdi. Ona kimi «Azərbaycan müəllimi» qəzetində bir kənd müəllimi kimi iki hekayəsi dərc olunmuşdu. Bu da o vaxtkı göstəricilərə görə böyük uğur idi. «Müəllim kövrəldi» hekayəsini şəxsən Cavad Cavadlının təşəbbüsü ilə çap olunmuşdu. Sonra o məzuniyyətə çıxdı. Müavini Hüseynbala Nemətzadə «Görüş» hekayəsini dərc etdirdi.
Bu da məzuniyyətdən qayıdıb gələndən sonra Cavad Cavadlının ciddi etirazına səbəb oldu. narazı halda deyirdi:

- Görünməyən bir işdir. .. Bir ayda iki hekayə... Camaat ildə birini çap etdirə bilmir...

Şair Cavad Cavadlı həqiqətən də o qədər ciddi, sərt adam idi ki, həmin şöbəyə çox seyrək hallarda , sıxıla-sıxıla gedərdi. Sanki bir gün ona təpinəcəyindən, qovacağından ehtiyatlanırdı. Yoxsa, Flora Xəlilzadə işləyən bir şöbəyə necə getməyəsən. O gənclik siması ilə sanki işıq saçır, üz-gözündən nur tökülürdü...

Bəlkə də ilk dəfə beləcə çox təsirlənmiş, həyəcanlanmışdı. Ancaq onun ni şanlı, yoxsa ailə sahibi olduğunu heç bilmədi. Daha doğrusu bunu onun özündən soruşmağa heç vaxt cəsarət etmədi. Nə də bir başqasından soruşmağa üzü gəlmədi. Elə bilirdi ki, o dəqiqə Flora Xəlilzadəyə çatdıracaqlar ki, sizinlə maraqlanan var.


«Azərbaycan müəllimi» qəzetinin əsil sükançılarından olan, təsirli qələm, söz sahibi şair Cavad Cavadlı isə hələ də vəzifə başında idi. Sanki qərargah rəisi idi... Onun qorxusundan Flora xanıma kim artıq-əskik bir söz deyə bilərdi? Bəzən qəlbən lap onun üçün narahat olardı: «Bunun yanında bu qız çətin ərə gedər...»

Bir gün ona xəbər verdilər ki, «Ərəb pulu» hekayən «Azərbaycan müəllimi» qəzetində dərc olunub. Əlbəttə, Flora xanım Xəlilzadənin xeyirxahlığı ilə. Bir ayda iki hekayəsi çap olunduğu üçün, Cavad Cavadlı tərəifndən onun hekayələrinə əsil mənada qadağa qoyulmuşdu.

Bəxt ulduzu o illərdə az-çox parladı. ADU-nun hüquq fakultəsinə qəbul olundu. 1979-cu ildə «Yeddi il sonra» hekaylər kitabı çap olundu. Bu vaxt da Flora xanım öz xeyirxahlığını bir bacı kimi ondan əsirgəmədi. Kitabı haqqında geniş bir yazı yazıb «Azərbaycan müəllimi» qəzetində dərc etdirdi.
On ilə yaxın müəllim işlədikdən sonra, iki il «Birlik» cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi, on beş il Kürdəmir rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri... Arada hakim məzuniyyətdə olanda onu əvəz edərək, Kürdəmir rayon məhkəməsinə sədrlik edirdi. İşi, ailə qayğıları da bir tərəfdən...

1983-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində "Şirmayı bıçaq” hekayəsi, 1987-ci ildə «Yazıçı» nəşriyyatında «Çin qızılgülü», 1991-ci ildə «Gənclik» nəşriyyatında «Gecəyarı sui-qəsd» povestlər kitabı böyük tiracla çap olundular. Başı beləcə qarışdı. Əsil mənada Flora xanım Xəlilzadədən uzaq düşdü. Ondan xəbərsiz olsa da, mətbuat səhifələrində yazılarını, şeirlərini oxuyurdu. Bir müddət sonra da eşitdi ki, ailə qurub, iki oğlu var. «Azərbaycan qadını» jurnalının redaktorudur.

Doxsanıncı illərin ağır günlərindən söhbət açmağa ehtiyac olmasa da, yaxşı tanıdığı bir rayon qəzetinin əməkdaşı əlacsız qalıb oğlu ilə şəhərdən çörək gətirib satırdı. Bir gün də onu kənd yolunda maşın vurduğunu eşitdilər. Gözləri önünə onun qanına bulaşmış çörək gəldi. Bax belə ağır günlər idi o günlər. Heç kimin bir-birindən xəbəri yox idi. Əlaqələr kəsilmişdi, üzülmüşdü...

Taley üzünə güldü... Uzun illərdən sonra ixtisası üzrə işlə təmin olundu. Siyəzəndə dövlət notariusu işləyirdi. Həm də orada hakimi əvəz edərək, məhkəməyə sədrlik edəsi oldu. Kitabları çap olunurdu...
Bir gün eşitdik ki, Flora xanım «Azərbaycan» qəzetində işləyir, ədəbiyyat şöbəsinin müdiridi. Heç bilmirdi ki, yanına necə getsin, onunla necə qarşılaşsın. Gör aradlan neçə illər keçmişdi... Qapını sakit halda döyüb, içəri girdi. İlahi, o necə də dəyişib, sanki başqa bir xanım olmuşdu. Güləş simasını indi qaradinməzlik əvəz etmişdi. Sakit halda soruşdu:

- Siz kimsiz?!. Əlisəfasız?..
- Bəli... - deyəndə səsi titrəşdi...
- Ay qardaş, xoş gəlmisən, əyləş... Üzünü görək, belə hardasan ki?..
Onun bu xoş sözlərindən təsirlənmiş halda dilləndi:
- İndi Siyəzəndəyəm... Sağ olsun prezidentimiz Heydər Əliyevi, ədliyyə naziri Südabə xanım Həsənovanı... Onların hesabına işləyirəm də...
- Naxçıvanlılar həmişə xeyirxah olub...

Bu sözlərində sanki bir giley duysa da, üzə vurmadı. Flora xanım ondan bir neçə yaş kiçik olsa da, onu özünə ən yaxın bir adam, bacı bilirdi. Vaxtında çox əziyyətini çəkmişdi. O vaxtlar ki, qəzetlərdə yazı çap etdirmək, söz demək çox çətin idi. O isə onun hekayəsini, kitabı haqqında xoş sözlər yazıb dərc etdirmişdi. Daha bundan çox yaradıcı adama nə kömək etmək olardı ki?!.
Flora xanım əsil mənada onu söz atəşinə tutsa da, o susur, ona tikanlı bir söz demək istəmirdi. O isə elə hey deyirdi:

- Nə yaşlaşmısan, qocalmısan belə?
- Ömür, günlər keçir də...
- Bir özünə fikir ver də...
- İnşallah... Çoxdandır bir-birimizi görmürük. Ona göbrə sizə belə gəlir.
- Təki yaxşı olasınız... Hamısı zarafatdı...
- Bilirəm...
- Cavanlıqda sənə sahib çıxmağa çalışanlar çox idi. Biri də bizdə vardı, hər gələndə səni görməyə imkan, girəvə axtarırdı...

Daha o deyə bilmədi ki, Flora xanım elə sən öz yaraşıqlı, gözəl simanla çoxlarının başını gicəlləndirən kimi idin. Elə biri o... Sənə hekayə yazmaq istəmişdi. Adı da: «Qara kişmiş». Deməyə, bu barədə söhbət açmağa ehtiyat elədi. Düzdü, o, bir o qədər qara deyildi. Naxçıvanlılar kimi elə qarabuğdayı, ağbəniz idi... Ancaq nədənsə onda həmin hekayəni o elə belə adlandırmaq istədi. Çünki məşhur misalda deyildiyi kimi: «Qara kişmişi cibə tökərlər, ağ ayranı çölə»... Bu misalda həmin sözü «itə» ilə əvəz edənlər də olur.

Bir gün heç gözləmədiyi halda Flora Xəlilzadənin onun haqqında yazdığı «Həyatdan ədəbiyyata» yazısının şəkli ilə «Azərbaycan» qəzetin dərc edildiyin gördü. Flora xanımın qələminin kəsərinə çoxlarımız bələddi. Bu yazı da çox gözəl alınmışdı. Xüsusilə tənqidçi Qulu Xəlilovun fikrinə, sözlərinə isnad etməsi lap yerinə düşmüşdü.

Bəli, mərhum tənqidçimiz bu vaxtlar hekayələr kitabına rəy yazmışdı. Onun sözlərindən təsirlənib ona məktub yazdı. O da cavab məktubunda onu evlərinə dəvət etdi. Sonra da 1993-cü ildə Respublika Yazıçılar Birliyinə üzv qəbul olunanda ona zəmanət verdi. Zəmanətin birini də şair Hikmət Ziya vermişdi. Xeyirxahı isə vaxtında yazıçı Əlfi Qasımov olmuşdu. Hərbi xidmətdən yazdığım məktubla tanış olmuş, «Xatirə» hekayəsi, əsgər şəkililə «Uğur olsun, əsgər oğlan!» yazısı ilə 1974-cü ildə «Azərbaycan gəncləri» qəzetində dərc etdirmişdi.

Sonradan yanında olanda, həmin yazı barədə söhbət düşdü. Dedi: - Prezident aparatında da həmin yazını bəyənmişdilər. Dedilər ki, elə bölgələrdən olan yazarlara geniş yer vermək lazımdır.
Flora Xəlilzadənin əsərlərinin tam külliyyatı çap olunanda, onun haqqında yazdığı «Həyatdan ədəbiyyata» yazısı da birinci cildə daxil edilmişdi. Yaxşı deyi rlər ki, nəinki yazı, mürəkkəb ləkəsi belə yadigar qalır. Bu yazı üçün də ona minnətdardı. Yaradıcılığını kifayət qədər dolğun xarakterizə edərək, onu oxuculara bir daha tanıtdırmışdı.

Yazını qəzetdə ilk dəfə oxuyub, ona zəng çalanda, demişdi:
- Bu sözlər elə daha çox özünə deyilməlidi. Yaxşı yazırsan ki, haqqında yazılır.
Çap olunan hər kitabından ona təqdim etməyə çalışardı. «Vahimə» povestinin də üstünü yazıb ona təqdim etmişdi. Bir gün «Ədalət» qəzetində onun haqqında yazdığı yeni bir yazını oxudu. Altmış illiyini təbrik edirdi.
Altmış beş yaşı tamam olanda heç bir tədbir keçirmək fikri yox idi. Rəfael Hüseynovun yanında olanda bu barədə söhbət oldu. Bir gün də Ədəbiyyat İnstitutunun Aran regional şöbəsinin müdiri Yaqut xanım Əşrəfova yanına gəldi. Tədbirin keçirilməsinə razılıq vermək istəmədi.
- Nə üçün?! - soruşdu.
- Hər dəfə bu barədə söhbət düşəndə bir hadisə baş verir.
Yaqut xanım onu razı salmağa çalışdı?
- Bir iş idi də, onda oldu...

Altmış illikdə geniş tədbir planlaşdırılıb hazırlanmışdı... Onun əvvəlki günü Kürdəmirdə böyük şairimiz Səməd Vurğunun 100 illik yubiley tədbiri keçirilirdi. O da Siyəzəndən dəvət olunmuş, iştirak edirdi. Hətta ona çıxış verildi. Sözləri başçıya da xoş gəldi. Aşağı düşəndə: «Əlisəfa müəllim, çox sağ olun...» - dediyi sözləri eşitdi. Bəlkə də bu fikri idi onu təsirləndirən. Demişdi ki, Böyük Vətən müharibəsi vaxtı partizanları ruhlandırmaq üçün şairin «Ukrayna partizanları» şeiri yüz minlərlə nüsxə çoxaldılıb təyyarələrdən onların başı üstünə , meşələrə səpilərdi». Bir də dedi ki, Səməd Vurğun Kürdəmirə çox bağlı olub. Onun ayaq izlərinə burada abidə qoymağa dəyər... O haradan bilsin ki, şair bir vaxtlar Qazaxda birinci katib işləmiş, Qırmızı körpünün təmirində, bu hala gətirilməsində min bir zəhməti olmuş əslən kürdəmirli olan İslam Məmmədovla yaxın, ailəvi dost olubmuş. Hətta böyük şair onun ölümünə «İslam» balladası yazaraq ağı deyib. Polşada, Vrotslav şəhərində sülh konfransında olarkən, qardaşlıq qəbristanlığında onun məzarə ilə qarşılaşıb, təsirlənmiş halda bu sözləri yazıb:

Bir məzar önnüdə baş əyirəm mən,
Gbrürəm üstündə yazılmış «İslam...»
Qəmlər bulud-bulud keçir qəlbimdən
Od tutub alışır sinəmdə ilham...

Nə isə... 65 illik tədbirinə Flora xanımı da dəvət etməli oldu. Açığı heç inanmırdı ki, o gələ. Çünki həmişə özü çox fikirli, nisgilli olardı. Demə, anasını ermənilər qətlə yetiriblərmiş. 

Ancaq, o, etibarlı bir dost, bacı kimi Kürdəmirə, həmin tədbirə gəldi. Mustafa Çəmənli, Kərəm Kürqıraqlı olan maşında gəlmişdi. Onu görəndə lap kövrələn kimi oldu. Sanki ömrü bir kino lenti kimi bir anlıq gözləri önündən keçdi. Gör onu gördüyü ilk vaxtdan nə qədər müddət keçmişdi...
Heydər Əliyev mərkəzi təmirə dayandığı üçün, tədbir Atakişili kənd orta məktəbin təzə binasının zalında keçirildi. Öyünməyə dəyiləsi bir yer idi. Qonaqların da çox xoşuna gəldi. Müstəqilliyin uğurları bu idi... Onda çoxları kimi Flora xanım Xəlilzadə də çıxış edərək onun haqqında xoş söz dedi. Onun ürəkdən gələn xoş sözləri yenə də ona bir kövrəklik gətirdi. «Ərəb pulu» hekayəsinin «Azərbaycan müəllimi» qəzetində dərcini, ilk «Yeddi il sonra» kitabına yazdığı sözlərin həmin qəzetdə işıq üzü görməsin xatırlatdı.

Tədbirdən sonra qonaqlar Kürdəmirin mərkəzində olan həyət evlərinə gəldilər. Ora düz İcra Hakimiyyətinin yanı idi. Süfrə arxasında əyləşəndə, Flora xanım bir bacı qayğıkeşliyi ilə onun kitablarından söhbət açdı, hətta dedi:

- Xəbərin varmı ki, sənin o «Ərəb pulu» hekayəni oğlumgil universitetdə oxuyanda səhnələşdirmişdilər. Bizdə lenti var. Verərəm, baxarsınız.
Mən ondan ayrılanda, sanki doğma, yaxın bir adamdan ayrıldım. Hətta dedi:
- Flora xanım sizin yaradıcılıq gecəniz Naxçıvanda olsa da, imkan tapıb gedəcəm, məni unutmayın.
Flora xanım yol çəkən bir qədər qəmli, kədərli gözləri ilə uzaqlara baxırmış kimi dedi:
- Yox, ay Əlisəfa... Nə gizlədim, mən belə şeydən çox da xoşlanmıram...
- Elə əslinə qalsa mən də... Yaxınlar, dostlar təhkid etdilər, mən də razılıq verdim.
Ancaq nə bilsin ki, Flora xanım həm də ana tərəfdən qəlbdən yaralıdı... Ermənilər onun anasını qətlə yetiribmiş.  Bu dərdlərə o necə dözür, ilahi! Ona kömək ol... Qardaş itkilərini bəlkə də oğlanlarının, nəvələrinin nəvazişi ilə əvəz edə bilər. Bəs ana nisgili?.. Bunu nə ilə ödəmək, duruş gətirmək olar?!

Bağışla məni, bacı!.. Uzun illərdən sonra sənin üzündəki o qəm-qüssənin, kədərin əsil səbəbini tapa bildim... Özü də 65 illiyim münasibətilə keçirilən tədbirdə öz sözlərində:- «Mənim anamı ermənilər qətlə yetirib...» Bundan böyük ağrı varmı həyatda?! Mən ancaq anam dünyasını dəyişəndə belə kədərlənib, qəm-qüssəyə batmışdım. İndi də eləcə!.. Sənin anan sənin xətrini istəyənlərin anası, ölümü, yoxluğu onların da acısıdı!.. Gələcəyimiz, nəvələrinizin xoşbəxtliyi naminə üzünüz gülsün!..