adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Oktyabr 2018 19:00
5723
GÜNDƏM
A- A+

Lerikdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Lerik rayonunda sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, əsas kapitala yönəldilən vəsait 140,2 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiyanın həcmi 180,6 dəfə artmış, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq İncəsənət Məktəbi əsaslı təmir olunmuş, Dövlət Bayrağı Meydanı, "Uzunömürlülər” Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, 50 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, Lerik şəhərinin su təchizatı sistemi və 12,6 MVt-lıq Lerik elektrik yarımstansiyası yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, istehsal və emal müəssisələri yaradılmış, 6 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd edilir ki, Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə 3,0 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.