adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
15 Oktyabr 2018 14:39
3181
GÜNDƏM
A- A+

MBD metropolitençiləri Bakıda toplaşdı

"Bakı Metropoliteni" QSC-nin üzvü olduğu "Metro” Beynəlxalq Assosiasiyasının MDB məkanı ölkələri metropolitenlərində və dəmir yollarında tətbiq edilən yeni texnika və qabaqcıl texnologiyalara və sistemlərə həsr olunmuş növbəti müşavirəsi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə assosiasiya üzvləri olan metropolitenlərin işarəvermə və rabitə xidmətlərinin rəhbərləri, həmçinin dünyanın aparıcı şirkət, təşkilat və müəssisələrinin, tanınmış elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbər-mütəxəssis heyəti iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd Prezident İlham Əliyevin 18 mart 2011-ci il tarixli "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına, eləcə də dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, Bakı metropolitenində tətbiq edilmiş ən müasir və yüksək dünya standartlarınn tələblərinə cavab verən yeni texnika və qabaqcıl texnologiyaların təqdimatı, son illərdə həyata keçirilən yeni layihələrlə bağlı geniş təcrübə və fikir mübadiləsi aparmaq olub.

"Park İnn" otelinin konfrans zalında keçirilən tədbir iştirakçılarını "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov salamlayıb və müşavirədə müzakirə olunacaq məsələlərin həllində onlara uğurlar arzulayıb.

”Metro” Beynəlxalq Assosiasiyasının baş texnoloqu Vyaçeslav Kurışev bildirib ki, bu toplantının iştirakçılarını Bakıya gətirən başlıca səbəb Bakı metropolitenində son illər, xüsusən də işarəvermə və rabitə sahəsində tətbiq edilən yeni texnologiyalarla tanışlıq, onların verdiyi texniki, iqtisadi səmərə və bunun nəticələrinin şahidi olmaqdır.

"Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov çıxışında təmsil etdiyi qurumda görülən işlər barədə danışıb.

Metronun işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov metronun işarəvermə və rabitə xidməti barədə tədbir işçilərinə məlumat verib.

Tədbirdə ”Nəriman Nərimanov” elektrik deposunun rekonstruksiyası, Bənövşəyi xəttin avtomatika, "Tetra”, multiservis rabitə şəbəkələri, SCADA idarəetmə sistemləri barədə məruzələr dinlənilib.

İki gün davam edən müşavirədə "Metro” Assosiasiyasına daxil olan metropolitenlərdə hərəkət təhlükəsizliyinin möhkəmləndirilməsi, hərəkətin təşkili və idarə olunması sahəsində tətbiq edilən ən son yeniliklər barədə çıxışlar edilib, problemli məsələlər üzrə fikir mübadiləsi aparılıb. Müşavirə iştirakçıları Bakı metrosunun "Avtovağzal”, "Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarına baxıblar, əmək şəraiti, əməyin elmi təşkili, müasir texnologiyalardan faydalanmaq imkanları ilə tanış olublar.