Faiq QİSMƏTOĞLU: DEYİN, HARDADIR?..

FAİQ QİSMƏTOĞLU
106730 | 2018-10-17 10:00
Müsahibimiz böyük bəstəkar və virtuoz musiqiçi Bəhram Nəsibovun oğlu Adil Nəsibovdur.

- Bəhram Nəsibov deyəndə gözümüzün önünə öncə çox möhtəşəm bir mahnı – «Deyin, hardadır?» gəlir. Sözün açığı, bu mahnı 70-ci illərin möhtəşəm mahnısı olub. Bizim gəncliyimiz elə bu mahnının üstündə köklənib. Bilmirəm, vətən sevgisidir, ata-ana sevgisidir, övlad sevgisidir, yoxsa nakam bir məhəbbətin sevgisidir, amma biz onu dinləyəndə həmişə tüklərimiz biz-biz olub…

- Atamın hansı mahnısını, hansı bəstəsini dinləyəndə elə bu cür duyğular, hisslər yaşamalı olur insan. Siz deyirsiniz ki, o mahnı tələbəlik illərinizin sevgisi, məhəbbəti və unudulmaz anlarıdı…

- Əlbəttə, biz belə düşünürük. Amma onu da düşünürük ki, bu mahnıya möhtəşəmlik gətirən Niyaməddin Musayev olub. Mahnı nə qədər möhtəşəmsə, ifa da bir o qədər rəngarəng və təkrarsızdı. 

Əvvəllər bu mahnını oxuyan olubmu?

- Niyə olmayıb, olub. Tükəzban İsmayılova və Təvəkkül Musayev bu mahnını zildə oxuyublar. Özü də yaxşı alınıb. Sadəcə olaraq, Niyaməddin Musayevin ifasında bu mahnı fərqli bir üslubda səsləndirilib və mahnı da milyonların ürəyində iz qoyub…

- Səhv eləmirəmsə, Bəhram Nəsibov Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. Həmin kənddən mənim bir tələbə dostum da vardı. Nizaməddin Rəfiyev. Çox istedadlı jurnalist idi. Nasosnuda «zborda» olanda ikimərtəbəli çarpayıda bir yatırdıq. Amma dünyasını dəyişəndən sonra bir qədər bədbinləşdim. Çünki o, çox gözəl jurnalist idi. çox gözəl insan idi və çox gözəl də dost idi. Çox vaxt Bəhram müəllim haqqında o mənə söhbət edərdi...

- Nizaməddin Rəfiyev bizim kəndçimiz olub. Heç xəbərim yox idi onun rəhmətə getməyindən. Siz dediniz, mənə də bu xəbərdən kədərləndim. Allah rəhmət eləsin! Yaxşı insan olub. Atamla da duz-çörək kəsib, dostluq eləyib...

- Bəhram Nəsibov çox qeyri-adi bir şəxsiyyət olub. O nə qədər böyük bəstəkar olsa da, bir o qədər də sadəliyilə seçilib...

- Atam olduğuna görə demirəm, o evdə də, ailədə də, eldə də, obada da həmişə səmimi olub. Nə qədər istedadlı idisə, bir o qədər də sadə idi. Və bu sadəliyi də onu camaata sevdirib…

- Uzun müddət Bəhram Nəsibov bəstəkar kimi qəbul edilməyib. Buna da bəhanə o olub ki, Koservatoriyanı bitirməyib. Ancaq Bəhram müəllim İncəsənət İnstitutunu qurtarıb. Bu da kifayət eləməyib ki, onu bəstəkar kimi qəbul eləsinlər. Ona görə də yazdığı mahnıların çoxu xalq mahnısı adıyla səsləndirilib.



- Sovet dövründə Konservatoriyanı qurtarmasıydın səni heç kəs bəstəkar kimi qəbul eləməzdi. Atamın nə qədər mahnıları, istedadı vardısa belə, yenə buna əhəmiyyət verilmirdi, gərək diplomun olaydı...

- Diplom dediniz, yadıma bir əhvalat düşdü. Bizim kənddən bir kişi pul verir, oğlunu jurnalistika fakültəsinə qəbul elətdirir. Özü də orda-burda deyir ki, oğlum şairlik məktəbində oxuyur, böyük şair olacaq. Məktəbi bitirir, diplom alır, nəinki şair, heç jurnalist də olmağı bacarmır. Çünki şairlik və bəstəkarlıq, eləcə də digər qabiliyyət adama Allah-Təala tərəfindən verilir. Bəstəkarlıq fakültəsini qurtarıb o qədər ortalıqda bekar-behtin gəzən var ki?!.

- Bax, görürsünüz, çoxlarının bəsit təfəkkürü müəyyən dövrlərdə istedadlı adamların qarşısına sədd çəkib. Yəni onların parlamasına və inkişafına imkan yaratmayıb. İstedadsızlar necə olsa özlərinə yol tapmağı bacarırlar. Çünki onların hər cür havadarları var, əyri yolları hamıdan yaxşı bilirlər. Bizdə çox vaxt əyri yolla gedənə arxa durublar. Amma çox nahaq yerə, bu əyri yolla gedən özünə bir gün ağlaya biləcək. Ancaq istedadlı adama kömək eləmək lazımdır ki, o parlasın və istedadıyla xalqına xidmət eləsin.

- İstedad dedinizi, yenə yadıma Bəhram Nəsibovun bir-birindən gözəl mahnıları düşdü. O mahnılar ki, yüz il bundan sonra da xalq tərəfindən seviləcək və böyük məhəbbətlə dinləniləcəkdir…

- Atamın gözəl mahnıları çoxdur. İstəyirsiniz adlarını sadalayım: «Qadan mən alım», «Gözlərin», «Var gülüşündə», «Səni qəmli görəndə», «Eşqimin baharı», «Ay dəli ceyran», «Xatırla məni», «Deyin, hardadır?», «Gecələr»… İstəyirsiniz yenə deyim…

- Yox, kifayət eləyər. Onun bəstələdiyi bir mahnı bəs eləyir ki, Bəhram Nəsibovun adı Azərbaycan musiqi mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılsın… Çox maraqlıdır ki, Bəhram Nəsibov həm mahnı bəstələyib, həm sözlərini yazıb, həm də gitarada gözəl ifa edib. Hələ bunlarla yanaşı, onun bir-birindən maraqlı novellaları, bəhri-təvirləri, hekayələri, səhnəcikləri də var.



- Atam olduğuna görə demirəm, elə bil Allah-Təala onu çox istədiyinə görə, heç nə əsirgəməmişdi. Ən birincisi onun çox böyük ürəyi vardı. Heç kimin qeybətini eləməz, paxıllığını çəkməzdi. Siz demişkən, onun bir-birindən gözəl bədii yaradıcılığı da var. «Ovda» bəhri-təvili yüksək mükafata layiq görülüb. Bir çox hekayələrini və səhnəckilərini indi çapa hazırlayıram.

- Böyük bəstəkar Bəhram Nəsibovun səhv eləmirəmsə, ansamblı da olub. Bilmirəm, bunu nə dərəcədə düz deyirəm, ancaq belə eşitmişəm…

- Düz deyirsiniz, o, 1970-ci illərdə «Şahnaz» ansamblı yaradıb və bu ansamblla da toydan çox xeyriyyə işləri ilə məşğul olub. Qocalar evində, əmək qabaqcıllarının qarşısında, o cümlədən sənətsevərlərin arasında gözəl çıxışları olub. İnanın, bunu mən demirəm, bunu onu tanıyan çoxlu sayda insanlar deyirlər.

- Türkiyənin TRT kanalında bir verilişə baxdım. O veriliş belə adlanırdı: «Türk dünyasında savaşların müzikdəki izləri». Sözün düzü, o verilişə baxandan sonra mənim bir daha böyük bəstəkar Bəhram Nəsibova sevgim və məhəbbətim daha da artdı. Çünki o, vətənini canından da çox sevirmiş...

- Orda göstərilən verilişdə iki Azərbaycan bəstəkarının – dahi Üzeyir bəyin «Çırpınırdı Qara Dəniz» və Bəhram Nəsibovun «Qarabağ» mahnıları proqrama daxil edilmişdir. Mən də həmin verilişə böyük həvəslə baxmışam və qürur duymuşam ki, bizim bəzi sənət adamları Bəhram Nəsibovu unutsa da, türk qardaşlarımız onu yaddan çıxarmayıb...

- Bu yaxınlarda istedadlı yazıçı-publisist Hidayət Elvüsalın bizim qəzetdə musiqi təhsili olmayıb, ancaq çox böyük istedadları olan Ələkbər Tağıyev, Bəhram Nəsibov, Razim Paşayey və bir də bizim tələbə dostumuz Rauf bəyin möhtəşəm mahnılarıyla bağlı maraqlı düşüncələri vardı. Yazının ürəyi, iç dünyası bundan ibarət idi ki, heç böyük bəstəkarların çoxu Konservatoriyanı qurtarmayıblar. Amma onların mahnıları konservatoriyanı qutaranların mahnılarından da möhtəşəmdi...

- Bu diqqətə görə, mən yazıçı-publisist Hidayət Elvüsala minnətdarlığımı bildirirəm. Heç Üzeyir bəy də Konservatoriyanı qurtarmayıb. Ancaq dünya musiqisində və şərq aləmində möhtəşəm bir iz qoyub. İstedadlar tək bir ailənin, bir elin sərvəti deyil, bu millətin, bu xalqın sərvətidir. Deməli, mənim atam da bəstələdiyi mahnılarla Azərbaycan musiqi tarixinə öz töhfəsini verib. Bu atamdan çox xalqın sərvətidir və onu da xalq qorumalıdır.

- Adil müəllim, eşitmişik ki, bu yaxınlarda Bəhram Nəsibovla bağlı ictimai birliyi rəsmi qeydiyyatdan keçirmisiniz…

- Bəli, onun adını daşıyan «Bəhram Nəsibov yaradıcılığının təbliği» İctimai Birliyi rəsmi qeydiyyatdan keçib. Bizim ilk işimiz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə «Əsrə bərabər 50 il» adlı silsilə tədbirlər həyata keçirməkdi. Bu məqsədlə Bəhram Nəsibov yaradıcılığında müasir Azərbaycanın qurucusu, Azərbaycançılıq ideologiyasının banisi və simvolu «Ulu Öndər Heydər Əliyevin vəsfi» adlı tədbirdə ona həsr olunmuş əlli mahnı və marşlardan toplu yaratmışıq. Hazırda on mahnı və marş seçmişik. Bir sözlə, bu mahnılar Ulu Öndərin həyatına, xalqına necə xidmət etdiyini vəsf edir.

- Yəqin onlardan bir neçəsinin adlarını səsləndirə bilərsiniz?

- Niyə səsləndirmirəm, əlbəttə, deyə bilərəm. «Gecələr», «Min yaşa, Heybər baba!», «Heydər bayrağının altından keçək», «Azərbaycan», «Mənim anam», «Naxçıvan», «Sənsiz», «Ayrılıq», «Naçar gedər», «Xan çinarlı Gəncəmiz», «Dağa qartal yaraşır», «Yad ellərdə», «Ey anam», «Ömür izləri», «İlk müəllim», «Dağlar», «Analar»…

- Sizə bir fikri də xatırlatmaq istəyirəm. Bu «Gecələr» mahnısıyla bağlıdır. Sözün düzü, bu mahnının yazılmasıyla bağlı müxtəlif fikirlər səslənir.

- Elə məni də bu müxtəlif fikirlər narahat edir. Mahnının sözləri xalq şairi Bəxtiyar Vahabzadənindir. Musiqisini isə atam yazıb. Kim nə istəyir deyə bilər. Amma tarix və keçmiş hər şeyi olduğu kimi göstərir. Mənim atamın heç kimin mahnısına, bəstəsinə ehtiyacı yoxdur. Çünki mənim atam Allahın sevdiyi bir insan idi və Allahın sevdiyi insana da Ulu Yaradan hər şey vermişdi: bəstəkarlıq vermişdi, şairlik vermişdi, yazıçılıq vermişdi, ifaçılıq vermişdi. Bundan böyük mükafat ola bilməz. Yüz il əvvəl də, yüz il sonra da atamın əbədiyaşar mahnıları həmişə səslənəcək, bu millət, bu xalq durduqca o mahnılar da yaşayacaq.

- Heç buna bizim də sözümüz yoxdu. O mahnılar ki, uzun illərdi yaşayır, deməli, bundan sonra da yüz illər boyu yaşayacaq, insanların ömrünə, həyatına sevgi, məhəbbət və sədaqət gətirəcək…

Söhbətləşdi: Faiq QİSMƏTOĞLU


TƏQVİM / ARXİV