EFİR SƏRHƏD TANIMIR

ƏLÖVSƏT BƏŞİRLİ
176309 | 2018-10-12 22:50
Əməkdar jurnalist İlyas Adıgözəlli - 80

YUBİLEY

Əlövsət BƏŞİRLİ

Hava çiskindir. Maşını yolun kənarı ilə yavaş-yavaş sürür, fikirləşirəm. Birdən yağmur kəsir, gün çıxır. Həmin günəşli yay günü yadıma düşür. 1957-ci ilin sentyabrı, tələbəliyin ilk günü. O günün təəssüratı indi də yaddaşımda olduğu kimi qalır. Dərsdən sonra bulvara getdik, sevincimizi bölüşmək, sahildə gəzmək üçün. Sonralar buna adət etdik.
Seminarların sorğu-suallarından, mühazirələrin yorğunluğundan, imtahanların çək-çevirindən sonra tez-tez sahilə gələrdik. Rayondan yenicə gəlmiş bizlər üçün bu qərib şəhərdə qapıları həmişə üzümüzə açıq olan doğmadan doğma bir ünvan idi Xəzər - əsəblərimizə məlhəm, arzularımıza qanad olan bənzərsiz ünvan.
Universitet təhsili, tələbəlik illəri bizi büsbütün dəyişdi. Bu, bizim üçün başqa bir aləm, hər müəllim isə məktəb, bilik xəzinəsi idi: akademiklər Həmid Araslı, Cəfər Cəfərov, professor, görkəmli yazıçı Mir Cəlal, dilçi alimlər Səlim Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz - jurnalistika kafedrasının müdiri Həsən Şahgəldiyev, tədqiqatçı jurnalistlər Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Nüsrət Bağırov, Seyfulla Əliyev, Nəriman Zeynalov...
Qrupumuz da ürəyimizcə idi. Səmimi, mehriban, çalışqan həmyaşıdlarımız özlərilə Azərbaycanın müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər. Qrup nümayəndəsi - sinifkomumuz qazaxlı Əkbər bizdən bir qədər yaşlı idi, əsgərliyini çəkib gəlmişdi, müəyyən həyat təcrübəsi var idi. Biz ona hörmətlə "Qağa" deyirdik. Müxtəlif xasiyyətli tələbələr arasında ünsiyyət yaratdığına, dil tapa bildiyinə, tələbkar və qayğıkeş olduğuna görə hamımızın hörmətini qazanmışdı. O, bizə - səninlə mənə xüsusilə məhrəm idi. Yeri düşəndə ərk eləyirdik, çətinliyimiz olanda ürəyimizi açırdıq, "sirrimizi", ağrı-acımızı bölüşürdük.
Yəqin yadındadır, bir dəfə pulumuz, "azuqəmiz" - ərzaq ehtiyatımız qurtarmışdı. Sonuncu üçlüyü də xərcləmişdik, bilet alıb futbola getmişdik, "Neftçi" uduzub qanımızı qaraltmışdı.
Stadionun tünlüyündən çıxıb qalan bir manata dəyirmi çörək, bir az da pendir aldıq. Nəqliyyata pulumuz qalmadığından, yataqxanaya piyada gedəsi olduq və yolda da çörəyi yeyib qurtardıq. Səhər dərsə də piyada getdik. Tənəffüsdə "qağa"nı yanladıq. Rəhmətlik arif adam idi. Dərhal hiss eləsə də, zarafatla söz atdı:
- Hə, yenə beynəlxalq vəziyyət qarışıb?
Sən də "ənənəmizə" uyğun cavab verdin:
- Yaman qarışıb, Afrikada aclıqdır, ABŞ da yardım eləmir.
Mən də həmyerlimiz Xəlil Rzanın o vaxt dilimizin əzbəri olan şeirindən məşhur misranı pıçıldadım: "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!".
Əkbərin dodağı qaçdı. Eyni tərzdə pıçıldadı: "Bəs nə istəyirsən ə? Amerikaya getmək..."
Sözünü ağzında qoydum:
- Ora uzaqdı, qağa, lap yaxına, Salyana, yol pulu da ikicə manat. Borçalı, Qazax deyil ki, təqaüdün yarısını avtobusa verəsən... Qağa, sən "dabro" ver, mən indicə aradan çıxım, sabah qayıdım, dolu zənbillə: Kür balığı, təndir çörəyi, nehrə yağı, əncir mürəbbəsi, yəni Allah verəndən. Xərcliyimiz də öz yerində. 
Əkbər uğundu. Əlini cibinə salıb yol pulunu verəndə dönə-dönə tapşırdı: "Yolda ehtiyatlı ol, ləngimə".
Sonrasını özün yaxşı bilirsən. Əlimiz təqaüdə çatanacan dolandıq. Ayın axırında yenə kasadlıq oldu. Və çox keçmədi ki, maddi çətinliyin daşını atdıq... Allah rəhmət eləsin, o vaxt imzaları mətbuat səhifələrindən düşməyən gözəl jurnalist müəllimlərimizə - Nurəddin Babayevə, Nəriman Zeynalova! Bizi başa saldılar ki, qələmi olan jurnalist ac qalmaz. Bənna daşdan, jurnalist qələmindən pul çıxarar. Necə? Öyrətdilər: obyektlərə - müəssisələrə, təşkilatlara gedib sıravi fəhlədən tutmuş peşə, vəzifə, səlahiyyət sahibi olan müxtəlif adamlarla görüşməyi, söhbət etməyi, ünsiyyət yaratmağı, faktları götürməyi, kiçik xəbərdən, informasiyadan tutmuş müsahibəyə, reportaja, oçerkə qədər qəzet janrlarında yazmağı.
İlk vaxtlar bizi müəssisələrə, redaksiyalara aparır, praktiki jurnalistikanı səbrlə, təmkinlə öyrədir, yazılarımızı "rəndələyir", mətbuat işçilərinə, öz qələm dostlarına əlbəəl tapşırırdılar. Onlar da bizə qayğı, diqqətlə yanaşır, kömək göstərirdilər.
Beləcə, redaksiyalara ayaq açırdıq, yazılarımız dərc olunanda, efirdən səsimiz gələndə sevincimizdən qanadlanırdıq. Bu, qələm təcrübəmizin ilk uğurları, xoş ovqatı, mənəvi tərəfi idi. Bəs maddi tərəfi? Ayın axırında qonorarımız - müəllif haqqımız təqaüdümüzdən çox olardı. Daha korluq çəkmirdik, dolanırdıq, əyin-baş alırdıq, evdən kömək istəmirdik.
Sonralar bizə böyük dayaq olacaq kiçik qələmimizin "möcüzəli" gücünü universiteti bitirəndə, təyinat alanda gördük.
Sən bir müddət rayonlararası "Abşeron" qəzetində işləyəndən sonra respublika radiosuna dəvət olundun. Hələ tələbə vaxtı səni tanıyıb qiymətləndirən baş redaktor Hacı Hacıyevin zəmanəti ilə "Son xəbərlər" redaksiyasına redaktor təyin edildin. Bir-birindən maraqlı, tutumlu reportajlar, müsahibələr, süjetlər hazırladın, püxtələşdin, pillə-pillə yüksəldin, şöbə müdiri, baş redaktor, "Araz" proqramının direktoru kimi məsul vəzifələrə layiq görüldün.
Böyük, yaradıcı kollektivə rəhbərlik etsən də, qələminə dinclik vermədin, mikrofondan möhkəm yapışdın, səsin kənd-kənd, rayon-rayon, bölgə-bölgə efirə yayıldı.
O zamanlar ərazisi Yer kürəsinin altıda bir hissəsini tutan Sovetlər İttifaqının vilayətlərindən, respublikalarından, paytaxt Moskvadan hazırladığın silsilə verilişləri, reportajları, lent yazılarını Azərbaycan dinləyiciləri böyük maraqla, razılıqla qarşıladılar.
Səsin xarici ölkələrdən, Amerika Birləşmiş Ştatlarından hazırladığın verilişlərdə eşidildi, oçerklərin qəzet-jurnallarda dərc olundu. Və nəhayət, bir-birindən maraqlı səfər təəssüratlarını, yol qeydlərini, oçerklərini "Əzizim Vətən yaxşı" kitabında çap etdirdin. Çox keçmədi ki, ulularına, valideynlərinə, doğma el-obana məhəbbətinin rəmzi olan ikinci kitabın işıq üzü gördü: "Elim, obam Sadaxlı".
Çox hörmətli həmkəndlin, görkəmli alim, filologiya elmləri doktoru, professor Pənah Xəlilov doğma diyarına tarixi faktlarla zəngin, dərin məzmunlu, maraqlı, nəfis kitab həsr etdiyinə görə sənə öz minnətdarlığını bildirdi. Dünyaya göz açdığın, boya-başa çatdığın qədim türk yurdu Pənah müəllim kimi ləyaqətli övladları - alimləri, sənət adamları, ziyalıları ilə fəxr edir. Bir dost kimi qürur duyuram ki, onların arasında sənin də adın ehtiramla çəkilir.
İbrətamiz bir məsəl var: "Tez duranla, tez evlənən uduzmaz". Sən qrupumuzda hamıdan tez evləndin, ata oldun. İndi dörd övlad atası, beş nəvə babasısan, maşallah! Böyük oğlun sənin sənət yolunun davamçısıdır. Elə burada müdriklərin bir sözü yadıma düşdü: "O ata xoşbəxtdir ki, oğlunun adı el içində hörmətlə çəkilir". "Əməkdar jurnalist" fəxri adına layiq görülən Fikrət İlyas oğlu Adıgözəlli həm çalışdığı yaradıcı kollektivdə həmkarlarının, həm də çoxsaylı radio dinləyicilərinin, televiziya tamaşaçılarının hörmətini qazanıb. Halal olsun!..
... Efir məkanının sərhədi yoxdur. Sənin Beynəlxalq Azərbaycan Radiosunun dalğalarında yayımlanan söhbətlərin, reportajların, müsahibələrin, lent yazıların respublikamızın hüdudlarından çox-çox uzaqlarda eşidilir, Arazı, Savalanı, quşqonmaz zirvələri, sərhədləri aşaraq dünyanın müxtəlif ölkələrində yaşayan bacı-qardaşlarımızın ailələrində əziz qonaq kimi qarşılanır, Vətən həsrətli ürəkləri ovundurur, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır.
Səksən illiyin münasibətilə təntənəli yığıncaqda həmkarların sənin haqqında çox səmimi danışdılar. Dedilər ki, Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı İlyas Adıgözəllinin respublika radiosunda 55 illik yaradıcı fəaliyyəti gənc radio-jurnalistlər üçün örnəkdir. İlyas müəllimə xas olan gözəl keyfiyyətlər ona çoxsaylı yaradıcı kollektivin, dinləyicilərin dərin hörmətini, məhəbbətini qazandırmışdır. Və bütün bunlar yubilyarımıza ən gözəl töhfə, əvəzsiz mükafatdır.
Ürəyimdən xəbər verən sözlərdir.

TƏQVİM / ARXİV