adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Oktyabr 2018 22:41
3730
GÜNDƏM
A- A+

Vaxtın torpağında əbədiyyət çiçəkləri

Şairlərin də hərəsinin oba kimi, aran-yaylaq kimi öz iqlimi, öz havası, öz intonasiyası var. Elə şairlər var ki, təbiət onların poeziyasında metafizik dona bürünür, adicə daş da, qaya da, bulud da, çay da dürlü-dürlü mənalar kəsb edir və bədii məntiq şeirin mahiyyətini ilmə-ilmə toxuyub ağrının, sevincin, nisgilin obrazını yaradır.
Ağacəfər Həsənli poeziyasının sırf sənət yönündən incələnməsi tənqidçilərin, ədəbiyyatşünasların işidir. Mən uzun illərdir onun yaradıcılığını izləyirəm və uzun illər bundan öncə "Tanrı pıçıltıları" kitabı haqqında yazı da yazmışam. Onun poeziyası hər şeydən öncə ədəbi-estetik hadisə kimi müasir ədəbiyyatımızda seçilir, bu şeirlərin müstəsnalığı da onların bənzərsizliyində, orijinallığındadır. Bu şeirləri oxuyarkən insan fərqli bir duyğuya qapılır. "Bəzən qalxıb ayaq üstə/su da yerimək istəyir". İlk olaraq yadıma bu iki misra düşdü, sıradan oxucunun öyrəşmədiyi, qavramaqda çətinlik çəkdiyi belə gözlənilməz ifadələr qəfildən düz yolda yoxuşla üzbəüz qaldığın kimi adamı təntidir. Amma azca poetik fəhmi olanlar bu məqamı tuta bilirlər; suyun ayağa qalxıb yeriməyi insanın ana bətnindən dünyaya gəlişi və ayaq açıb yeriməsi deməkdir.
Bu günlərdə Ağacəfər müəllim mənə yenicə çapdan çıxmış "Ağ külək" şeirlər kitabını hədiyyə etdi və ağlımdan keçdi ki, dağ adamının şəhər adamına küləyi bəxşiş etməsi bir az qəribə görünür. Çünki biz küləklərin övladıyıq, külək şəhərimizin taleyidir. Amma kitabdakı şeirləri oxuduqca gördüm ki, bu küləklər başqa səmtdən baş alıb gəlir və mənə elə Bakının heç vaxt əskilməyən səxavətli küləyi qədər doğmadır.
Onun iyirmi il bundan öncə çap olunmuş "Ürəyim döyünür, qapım döyülür" kitabının üz qabığında küləyin rəsmi çəkilib, o külək atın qanadlarında çırpınır. Düz iyirmi ildir o kitab mənimlə yol yoldaşlığı edir. Ağacəfər müəllimin məndə bir neçə avtoqraflı kitabı var, amma o kitabı hardan, nə vaxt əldə etdiyimi xatırlamıram.
Mən onu məhz o kitabdan tanımışam. Mərhum tənqidçi, təəssüf ki, bu gün adı çox az hallanan Nadir Cabbarlı həmin kitaba əhatəli bir ön söz yazıb və Ağacəfər Həsənlinin poeziyasını fərqli prizmadan çözərək maraqlı qənaətlərə gəlib. O, şairin şeirlərindən ana xətt kimi keçən sufiyanə motivləri onun Füzuli poeziyasına vurğunluğu ilə əlaqələndirir.
Doğrudan da Ağacəfər Həsənlinin içindəki Füzuli eşqi onun poetik ovqatına da sirayət edir.
Onun şeirlərində bu genetik kod olduqca qabarıqdır, şair öz sələfinin poetik məramına yaşadığı dövrün, zamanın donunu biçir:

Külli-aləm gördü
Yana-yana kül olmağını.
Həmin küldə bitib
Gül olmağını.

("Allahın dili" şeirindən)

Bu, elə Füzulinin ürəyini səhralara göndərən Məcnunudur. Bu dörd misrada aşiqliyin, əbədi sevginin tərcümeyi-halı öz əksini tapıb.
"Sözün Bermud üçbucağı"nda arxa plana sızmış bir yalnız duyğusu var, kölgəsindən sıyrılmış adamın "fikir cığırlarıyla" Tanrıya doğru yolçuluğunda "əbədiyyət çiçəkləri"ni qoxlayıb sirrə vaqif olması var.

Daşlar, qayalar, -
əbədiyyət çiçəkləridi:
gerçəkdən açır, solur;
biz görməkdən məhrumuq.
Onların qoxusu da gəlir;
yuxusu da.

Görməkdən məhrum olduğumuz nəsnələri görə biləndir şair. Küləyi görə biləndir...
Şeirin estetik cazibəsi bizi sehrləsə də mətnin arxa planındakı dərinlik içimizdə daha dərin iz buraxır. Anlardan, əşyalardan, təbiətin bir parçasından bütöv, bitkin bir şeir ortaya qoyan şair sanki sözlərlə onların ruhuna əllə toxunurmuş kimi davranır.

Oğrayıram oğrun-oğrun,
Çeşid-çeşid, yeni-yeni.
Mürəkkəbi qurumamış
Sözün zəhmi basır məni.

("Sözün zəhmi")

Yaradan insanı əbədi suallar qarşısında qoyub. Şairlərə isə özünün yaratmaq qüdrətindən azacıq verdiyindən ara-sıra bu sonsuz suallardan neçəsinin cavabını da onlara pıçıldayır. Ağacəfər Həsənli o məhrəm söhbətlərdən "Tanrı pıçıltıları" adlı kitab bağlamışdı. "Ağ külək" fələklərin söndürə bilmədiyi o şamın haləsidir bəlkə?!
"Azərbaycan" nəşriyyatının dəhlizlərində həmişə şəstlə yeriyən Ağacəfər Həsənlinin qamətini şax saxlayan da elə Tanrı kimi tapındığı Sözdür. O Sözün bir adı da İşıqdır. Sözün işığında yol gedən şair səhraları səhifə-səhifə çevirib ümidinin adına olan küçədən keçirg Və "vaxtın torpağı"na əbədiyyət çiçəkləri səpir...