adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Oktyabr 2018 22:35
13789
ƏDƏBİYYAT
A- A+

MƏMMƏD ARAZ - 85

Elə bil ağıllar dolub yelinə,
Az qalır evini unuda adam.
Hamı "ulduz yeyir" kişmiş yerinə,
Hamı söhbət açır Qalaktikadan.

Deyəsən bir yolluq çıxır yadımdan
Ala itimizə yal bişirdiyim,
Qovub saldırdığım eyvanda, damda
Ağzından sərçəni sarı pişiyin.

Ağıllı ovçular azdı o zaman,
Həvəskar ovçular dovşan vurardı.
Sonra dağ kəlini dağlarımızdan
Ağıllı ovçular qırıb qurtardı.

Ağıl hökm eləyir dünyada, ağıl!
Bir ağlın barıdır bəzən bir ölkə,
Deyirəm çaylar da ağıldır - axır,
Dənizlər, ümmanlar ağıldı bəlkə.

Ağıllı ağlını at kimi qovur,
Ağlın mənzilində dağ, dərə heçdi.
Qəfil bir döngədə ağlın cilovu
Vay odu, ağılsız əlinə keçdi.

Bəşər dəyişdirməz bəşər halını,
Kim talan elədi - o, talan oldu.
Neçə yol ağıllı alman xalqının
Ağlını başından çıxaran oldu.

Ağılla ucalıb Versal daşları,
Hər çəkic bir ölkə qəddini əyib.
İnsan cəsədləri, insan başları
Versal daşlarından az işlənməyib.

Ehramlar - kükrəyən ağlın vulkanı,
Ehramlar - qəlibi qul ürəyinin!
Ağıllar başına alıb dünyanı,
Atır bir-birinə gələcəyini.

Ağıl qızıxanda - dəvə hikkəli,
Köpəndə demirəm o nəyə bənzər, -
Yerin kürəyinə çiyin söykənib,
Dünyanı tərsinə fırlatmaq istər.

Ağıllı başların qəzəbi-kibrit,
Dünyamız bir taya quru küləşdi.
Gəl indi bu boyda yanğını kirit -
Qəzəb ikiləşdi, baş ikiləşdi.

Bəşər çox təzadlar yükünü dartıb:
Dara da ilişib, çıxıb da dardan.
Ağıllı azdıqca ağılsız artır,
Qoruyun dünyanı "ağıllılardan!".

1980

XOŞ GÖRDÜK,
ALA SAĞSAĞAN!

Səsin gəlcək susdu meşə,
Bülbül köçdü dal budağa.
Qur-qurunu gölməçədə
Tezcə uddu göy qurbağa.

Tülkü baxırdı tələdə
Yağlı ətə marağınan,
Çaşdı - aşdı öz xoşuna
Ov itinin marığına.

Bəd xəbəri yayan kimi
Çəkilərsən bazarına,
Gizdilinpaç oynayarsan
Kətanköynək qozlarınan.

Qarğa gördün - qarıldarsan,
Qırğı gördün - qırıldarsan,
Sərçə gördün - nərildərsən;
Xoş gördük, ala sağsağan!

Deyirlər xoş xəbərlisən
Yağlı bağırsaq olanda.
Eyvanlarda qurut dolu
Köhnə dağarcıq olanda.
İndi yoxdu qurut qoyan,
Sürü dağda, biz aranda.
Xəbərdən olmaz xəbərin
Ayılar palıd qıranda.

Yerin uca budaq ucu,
Çərəzin ətcəbalalar,
Qaranquşlar səndən qaçıb
Damda, tavanda balalar...

Zəy dilini nahaqca gəl
Batırma, bala sağsağan!
Xoş gördük, qoca hiyləgər,
Xoş gördük, ala sağsağan!..

Pitsunda, 1980
MƏNİM DƏ YAŞIM
AZ DEYİL

Mənim də yaşım az deyil,
Bu dünyada nə görmədim!
Bir-birinə yamaq gördüm,
Calaq qərinə görmədim!

Çiçəyindən alağı çox,
Kişisindən papağı çox,
Köpəyindən yalağı çox,
Bu dünyada nə görmədim!

Dolu gödən kürkə sığmaz,
Boş balqabaq börkə sığmaz,
Yəhər qanmaz, tərkə sığmaz...
Bu dünyada nə görmədim!

Nöqtə boyda ölkə - vulkan,
Dərya boyda diyarı qan,
Biri tikən, biri yıxan,
Bu dünyada nə görmədim!

Raketlər döş kimi dolu,
Gələn nəslə əmzik olu,
Kimin qolu, kimin yolu...
Bu dünyada nə görmədim!

Boş inaddan, könül, əl çək!
Özündən özünə yol çək.
Bu boynu əyri dünyanın
Bir üzü ağdı həmişə,
Vüqarı şaxdı həmişə.

1980

Dünya böyük, ömür yolu bir addım

Dünya böyük, ömür yolu bir addım,
Bir balaca eşq adası yaratdım.
Bir uçrumdan fırtınaya tor atdım,
Bu cürəti görən, duyan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

Sığalını görsə idi kəhərim
Yarıyolda büdrərdimi hünərim?
Göz yaşından nə barlanım, nə dərim...
Günün mənə gün bağlayan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

Taleyinin hökmü oldu, nə deyim,
Tez doğuldum, gec doğuldun, nə deyim...
Zaman keçdi, yaşa doldum, nə deyim...
Cavanlıqdan od saxlayan olmadım,
Səndən mənə gün ağlayan olmadı.

İki çırpı bir ocaqda gün ağlar,
Od səngiyər, köz sızıldar, kül ağlar.
Yaş ötəndə yada düşər günahlar:
Kim yıxıldı, kim haqlayan olmadı,
Kimdən kimə gün ağlayan olmadı...

1981

SÖZSÜZ OLANDA

Qələmim yol çəkə, dağ yara bilmir,
Yoxdu sözlüyümdə sözdən ayrı dən.
Qələmim bəşəri qurtara bilmir,
Əməli əyridən, əli əyridən.

Əlini kəsənə əl verir bəşər,
Səs verir, kürsüyə çıxardır da bir.
Qələmim axtarır ayrı bir peşə
Elə ki, kəsərli söz tapa bilmir.

Yalan satmağından əl çəkmir yalan,
Düzə dirsək vurur, düz baxa-baxa.
Su olur yandıran, su tapmır yanan,
Göz də oğurlanır göz baxa-baxa.

Qalır balinasız ümman suları,
Sahildə raketlər baş-başa, min-min.
Cavab istəyəndə ərzin sualı
Dili topuq vurur natiq qələmin.

Qorxuram daş yağa çörək təknəmə -
Söz ki, ağsaqqallıq eləyə bilmir.
Qəzəb çəlləyinə barıt tökənə
Qələmim yağ-ballıq eləyə bilmir.

Bəlkə qələmimi eşitmir masam,
Şahların əsası ondan hökmlü!
Neruda harayı dəfn olmayıbsa
Çili qayaları niyə hönkürür?!

Hardasa bir xalqın itir bayrağı,
Hardasa bir səngər vətəndir demək.
Toplar dinməyirsə ərzin bayramı,
Şəhriyar dinmirsə matəmdir demək!

Sən də bloklara qoşul, qələmim,
Qırmızı qələmlər bloku yarat!
Döyüb qapısını qonşu qələmin,
Dünya sularına qoşun çıxaraq.

Silah bazaları üstündəcə biz
Tikək söz bazası - ondan da uca.
Uzaq mənzilləri vuran səsimiz
Hər dildə danışar, hər eldə uçar...

Hərdən qulaqlarım gözsüz olanda
Ürəyim dünyanı eşidə bilmir.
Sözlü olmayanda, sözçü olanda
Qələmim dərinə işləyə bilmir...

1981

TƏLƏSDİM

Dağlar gördüm, dağlarımın oxşarı,
Zirvələrin görüşünə tələsdim.
Küləkləri saçlarımı oxşadı,
Boranına, yağışına tələsdim.

Ağ kağızda söz ucalır, söz yenir;
Közərtili könüllərdə söz yeni...
Hara çəkdi söz qədəmi, söz yönü -
Enişinə, yoxuşuna tələsdim.

Ay köçərim, ürəyimdə qal qışı -
Kərəm kimi qar altında qalmışın.
Günlərimdən qova-qova qar-qışı,
İllərimin qar-qışına tələsdim.

El sazında səsim qala bircə sim,
El yazında nəsim olam bircə əsim,
Harda olsan, ey eşqimin bircəsi,
Harda olsam, çağrışına tələsdim.

Torpağımdan duman kimi yığılsam,
Son nəğməmin uçrumuna sıxılsam,
Qəfil qəza yıxmaz məni, yıxılsam,
Ana yurdum, ağuşuna tələsdim.

Pitsunda, Oktyabr, 1980

BU GECƏ YUXUMDA ARAZI GÖRDÜM

Bu gecə yuxumda Arazı gördüm,
Arazı belə tox görməmişdim heç.
Arazı bəxtindən çox razı gördüm,
Üstündən yol atdı: "cəsarətlə keç!"

Dedi: sinəsinə çaylar axmasa
Dənizlər itirər dənizliyini.
Cəsarət üstümdə şahə qalxmasa
Təbriz itirəcək Təbrizliyini.

Bu hansı tarixdi - xəzan yarpağı? -
Qəfil küləklərin carçıları kim?
Mən ki, öyrənmişəm qaya yarmağı,
Bir dərə dibinə necə çəkilim?

Qədimlik utanır qədimliyindən,
Qədim abidələr gülüş hədəfi.
Bir dilin bir dilə qənimliyindən
Dad qılır çalağan,
dad qılır əfi.

Yüz illər beləcə yatıb mürgülər,
Sahil qayaları olsan, nə fayda!
Axar su üzünə bir dəfə gülər,
Bir də o gülüşlər çətin qayıda.

Su içmək üçündü,
çay keçmək üçün;
İçilməz, keçilməz çayı su bilmə.
İnsanı ölümdən alan ölümün
Zəhmini insanın qorxusu bilmə.

Əsrimiz körpülər əsridir indi,
Pas atmış ağıllar quylanır yerə.
Mənim sularımın dizliyi gendi,
Qabarıb hay salar lal sahillərə.

Qoymaz üç addımda çöllər alışa,
Qoymaz ağızlarda dillər alışa.
Nə qədər yataqda Araz var hələ,
Arazdan içməmiş Təbriz var hələ,
Ya mənim dərdimlə yaşar bu dağlar,
Ya da ki, üstümə aşar bu dağlar...

1981

ÖLÜM QORXUR QƏLƏMDƏN

Qələm mənim yol yoldaşım,
Qələm mənim oxum, nizəm.
Qələm mənim söz qardaşım,
Qələm mənim mübarizəm.

Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm, paslanıram.

Masam üstdə yallı tutan
Giley olur, qeybət olur,
Göz oxşayan gözəlliyə
Gözəyarı qiymət olur.

Qələm mənə - dağlara çıx,
Buludlara dırman, deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.

Qələmimlə dil tapanda
Yön alıram gündoğana,
Bu məqamda ölüm istər
Yeri dana, göyü dana.

Qələm ucu top gülləsi,
Qəm sarayı yıxır qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxır qələm.

Ey qələmim, qəhr olundu
Çox imkanım, çox inadım.
Hikmətini gec anladım,
Qüdrətinə gec inandım...
1981