QARAKƏND SƏMASINDA YAZILAN TARİX

FƏRİDƏ RƏHİMLİ
23328 | 2018-10-12 16:39

...1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər - 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot - Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Qarakənd faciəsisi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı...

Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak oldu.

Çar Rusiyasının himayədarlığı və fitnəsiylə millətimizə düşmən kəsilən kinli, məkrli ermənilər həmişə bu torpaqlara sahiblənmək, onun sayəsində xəyali "Böyük Ermənistan" dövləti yaratmaq arzusunda olublar. Qonaqsevərliyimizin, ürəyiyumşaqlığımızın, tolerantlığımızın və unutqanlığımızın acı nəticələrini isə həmişə dadmışıq. Qardaş kimi bizə sığınan qarı düşməndən heç vaxt bizə dost olmayıb. Üzə gülüb, arxadan vuran bu riyakar millətin qonşuluğunun əzabını həmişə çəkmişik.

Xalqımız rus-erməni birləşmiş cani ordusunun törətdiyi 20 Yanvar faciəsinin şokundan çıxmamış yeni böyük bir faciə də yaşadı o gün - 20 noyabr Qarakənd faciəsini.

Bu faciə nəticəsində həmin dövrdə ölkənin durumunun nə dərəcədə ciddi kritik olduğunu anlayaraq onu araşdırmaq, çıxış yolu tapmaq üçün çalışan, Azərbaycanın qaymaqları olan igid oğulları - dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular.

1991-ci il 7 noyabrda Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Səbəb bu idi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedir və hansı xalqın, yəni Azərbaycan türkləri və ya ermənilər, sıxışdırıldığı məlum deyil. Bu səbəbdən də onlar razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. Onlar əvvəlcə Ağdama, bir neçə saat sonra isə Xocavənd istiqaməti ilə birbaşa Xankəndiyə helikopter ilə getdilər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vuruldu.

Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndidə yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazutikə 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayət işi açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "...ermənilər göstərib...".

Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi belə bir məlumatda yaydı ki "qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki "qara qutu" Gəncədəki helikopter təmiri zavodunda aşkarlana bilərdi. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.

Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan helkopteri silahlı mühafizə helikopteri müşaiyət etmirdi? Niyə onların hamısı bir helikopterdə idi - sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına zidd idi və bu faktlar düşmən xislətini açıq-aydın göstərsə də, cinayət cəzasız qaldı. Xalqımızın say-seçmə, dəyərli oğulları öz itkiləri ilə bir anın içində xalqın belini bükdü, göz yaşına boğdu. Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi, İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror, Məhəmməd Əsədov - Daxili İşlər naziri, Zülfü Saleh oğlu Hacıyev - Baş nazirin müavini, Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili, Vəli Məmmədov - millət vəkili, Osman Mirzəyev - Prezident Aparatında şöbə müdiri, Qurban Namazəliyev - nazir müavini, Rafiq Məmmədov - dövlət katibinin köməkçisi, Alı Mustafayev - telejurnalist, Arif Hüseynzadə - AzTV-də işıqçı, Fəxrəddin Şahbazov - video-operator.

Bu millətə zərbə vurmaq üçün onun aydınlarını məhv etmək istəyən qarı düşmən istəyinə çatmadı. Amma bütövlükdə bu tarix də millətin oyanışını durdura bilmədi, əksinə o gün şanlı səhifəyə çevrildi - xalqın, dövlətin və bütövlükdə Azərbaycan adlı mövcudluğun tarixində. Biz bu gün həmin tarixin Qarakənd səmasında yazıldığını qürurla və hüznlə xatırlayırıq.

TƏQVİM / ARXİV