adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Oktyabr 2018 16:07
10248
DÜNYA
A- A+

İtən jurnalistə görə Türkiyəyə heyət göndərilib

Jurnalist Camal Kaşoqinin itkin düşməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində bir neçə nəfərdən ibarət heyət Səudiyyə Ərəbistanından Türkiyəyə gəlib.

Adalet.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, heyətlə türkiyəli rəsmilər arasında həftəsonu görüşün keçirilməsi gözlənilir.

Qeyd edək ki, oktyabrın 2-də "The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun doğranılaraq öldürülməsi barədə məlumatlar da yayılıb.

"Reuters” türk polisinə istinadən yazıb ki, jurnalist Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilib. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. "The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazıb.