adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Oktyabr 2018 15:01
15186
ƏDƏBİYYAT
A- A+

Tural Cəfərli: Bir ovuc ümid

Mərc

Belə imiş...

Qismətimiz iki ayrı zamanda

Bir ömrü yaşamaqmış...

Belə bitməli imiş

Soyuq çayımız,

İsti nəfəsimiz....

Mərc etmişdik,

Kim tez unudacaq...

Sən qalib gəldin,

Gəl unutmağınla

Götür hədiyyəni:

Demədiyim bütün sözləri....


Bir ovuc ümid

Gecə qaranlığa təslim olur, amma

Sabah açılacaq bütün bağlı qapılar:

Ümidlə gözləyənlərin üzünə...

Spinoza Allahı təbiətdə əritdiyi kimi,

Bütün olacaqlar içimizdə əridi getdi...

Külək əsir, qavroşsayağı,

Bil, işıq kölgəyə əyilmir...

Bu dünyanın alıcısı

Diqqətlə bax,

Həyat dükanına elan vurulub:

"Nisyə ümid verilmir...”


TANI...

Məni tanımırsam,

O gün evi yanan yaşlı kişinin,

Gözlərində sönən ümidləri gördüm:

Əli cibində üşüyürdü

Külə dönən evinə baxıb...

Məni tanımırsan,

Atasının əlindən tutan qızcığazın

Kirpiklərində şeh var idi,

Dünyanın ən təmiz üzünü,

Ən saf təbəssümünü gördüm...

Məni tanımırsan,

Tanısan, bilərsən

Yaram hardadı,

Dərmanın kimdədi...

Odur ki,

Məni tanımasan yaxşıdı,

Məni bilməsən yaxşıdı...


Akvarium

Bəzən yalan danışırsan,

Məsələn: "Hər şey yaxşı olacaq”- deyib,

Özünü aldadırsan,

Halbuki hər şey olur,

Amma yaxşı olmur...

Bəzən unudursan, sonra

Köhnə borc kimi yada düşür,

Xatirələr...

Kağız deyil ki, büküb atasan

Ümidlərini.

Hardasa səni axtaran ölüm də,

Bir gün elə vaxt gəlir ki:

Təzəcə yaşamağa başlayırsan,

Təzəcə öyrənirsən sevməyi,

Təzəcə tanıyırsan dostları...