adalet.az header logo
  • Bakı 7°C
16 Oktyabr 2018 11:07
15450
DÜNYA
A- A+

KONSULLUQDA QƏTL

ABŞ-ın Vaşinqton Post qəzeti İstanbulda yoxa çıxan Səudiyyə əsilli jurnalist Camal Qaşıqçıyla bağlı yeni iddia irəli sürüb. Qəzetin yazdığına görə Türkiyə hökumətinin əlində jurnalistin öldürüldüyünü sübut edən dəlillər var və bu barədə artıq ABŞ rəsmilərinə də məlumat verilib.Söhbət yeni səs yazısından gedir. Həmin yazıdan məlum olur ki, Camal Qaşıqçı oktyabrın 2-də konsulluğun binasından içəri girəndən sonra öldürülüb və cəsədi doğranar parça-parça edilib. Qəzeti bilgiləndirən Türkiyə və ABŞ yetkililərinin fikrincəjurnalistin qətli Səudiyyə Ərəbistanından gələn təhlükəsizlik qüvvələri tərəfindən törədilib. "Bu barədə onların əlində təkzibedilməz və dəhşətli faktlar var” – deyə qəzet yazıb.

Mənbə deyib ki, konsulluğun içərisindən alınan səs yazısından Qaşıqçı binaya girəndən sonra nələr baş verdiyini təxmin etmək mümkündür. Onun necə sorğulanması, hansı işgəncələrə məruz qalması və sonra öldürülməsi həmin səs yazısından açıq duyulur. "Amma Türkiyə təhlükəsizlik orqanları bu sübutları yaymaqda maraqlı görünmürlər. "Əks təqdirdə onların öz ərazilərindəki xarici diplomatik nümayəndəlikləri gizli şəkildə dinləmələri ortaya çıxa bilər.”

Bu arada Qaşıqçı olayıyla bağlı yeni detallar üzə çıxıb.Birinci detal onun cib telefonu ilə bağlıdır. Türkiyənin "Sözçü” qəzeti yazır ki, jurnalist konsulluğun binasına girərkən cib telefonunu nişanlısı Xədicə Gündüzə verib. Həmin telefon onun qolundakı saata bağlıymış, yəni saat bütün səsləri telefonun yaddaşına ötürürmüş. Hazırda polis həmin ağıllı saat vasitəsilə telefonun yaddaşına köçmüş səsləri araşdırır.

Digər detal isə meyitin avtomobillə konsulluğun binasından çıxarılmasıyla ilgilidir. Bu barədə də "Sözçü” yazır.Qəzetin bilgisinə görə konsulluqdan çıxan bir avtomobil Pendik bölgəsinə doğru gedir. Yolboyu 150-dən çox kameranın yaddaşına düşən avtomobil sonra kamerasız bir əraziyə daxil olub və 4 saatdan sonra geri qayıdıb. Ehtimala görə jurnalistin cəsədi həmin avtomobillə gözdən uzaq bir yerə aparılaraq torpağa gömülüb.

Bundan əvvəl məlumat yayılmışdı ki, Türkiyə polisi konsulluğun binasında araşdırma aparmaq üçün Səudiyyə Ərəbistanının ölkədəki səfirinə müraciət edib və müsbət cavab alıb. Hətta vəliəhd şahzadə Məhəmməd bin Salman da Bloomberqə verdiyi müsahibədə buna hər cür şərait yaratmağa hazır olduqlarını demişdi. Lakin hələlik konsulluqda heç bir araşdırma aparılmayıb. İddialara görəkonsul Məhəmməd Əl Qtaib detallı axtarış aparmağa icazə vermədiyinə görə hələ ki, Türkiyə hüquq-mühafizə orqanları bu işə başlamayıblar.

Beyrutda nəşr olunan "Diyar” qəzetisə C. Qaşıqçı yoxa çıxandan sonra onun qardaşı Əhmədi və onun arvadının amansızlıqla qətlə yetirilməsi barədə məlumat verib. Qəzetin yazdığına görə jurnalistin Ciddə şəhərində yaşayan qardaşının evinə gələn maskalı və əli qılınclı şəxslər onu və həyat yoldaşının başını kəsiblər. Onların üç uşağısa qaçıb qonşulara sığınıb. Qatillər gedəndən sonra polislər gəlib və səhərə qədər evdə araşdırma aparıblar. Onlar evin qapısını dəmir bloklarla bağlayaraq heç kimin ora yaxınlaşmasına icazə verməyiblər.

Jurnalistin başına gələn bu dəhşətli olay təkcə siyasətçiləri və hüquq-müdafiə təşkilatlarını yox, iş adamlarını da qəzəbləndirib. Artıq məşhur ingilis biznesmeni, Virgin Group şirkətinin sahibi Riçard Branson bu ölkə ilə bütün münasibətlərini dondurduğunu bəyan edib. Bununla bağlı o öz internet saytında yazıb ki, əgər Camal Qaşıqçının konsulluqda öldürüldüyü sübut olunsa bu Qərbin Səudiyyə Ərəbistanı ilə iş görməsi qaydalarını dəyişdirəcək. "Mənim Səudiyyə Ərəbistanı hökumətinə və vəliəhd şahzadə Məhəmməd bin Salmana inamım vardı. Ona görə də Qırmızı dənizdəki iki layihədə iştirak etməyə razılıq olmuşdum. Qaşıqçı olayına aydınlıq gələnədək bu layihələrdə iştirakımı dayandırıram”. Qeyd edək ki. Biznesmenin Səudiyyə Ğrəbistanıyla layihələrinin dəyəri milyardlarla ölçülür.

Adalet.az