Faiq QİSMƏTOĞLU: SİZİ ÇOX İSTƏYİRƏM

FAİQ QİSMƏTOĞLU
40132 | 2018-10-12 13:58
… Sizi bilmirəm, mən tez-tez hamınızı yuxumda görürəm və hamınız üçün burnumun ucu göynəyir. Düzdür, mən tələbəlik illəri də yaşamışam. Beş il universitetdə oxumuşam. Amma universitetdə oxuduğum o uşaqlar çox vaxt yuxuma girmir. Bilmirəm nədəndir? Ancaq bir onu bilirəm ki, 1973-cü ildə Füzuli rayonundakı Böyük Bəhmənli kənd orta məktəbini bitirəndən bu günə qədər sinif yoldaşlarımı tez-tez yuxumda görürəm. Özü də qəribədir ki, onlar mənim yuxuma bu yaşda deyil, 16-17 yaşda girirlər. Və bu 16-17 yaşda sinif yoldaşlarım yuxuma girəndə elə ki, oyanıram, ayağa qalxıram, bax, onda nağıllar aləmindən aralanıram. Ha istəyirəm ki, yuxumun arxası davam eləsin, ancaq yuxu yenə davam eləmir.

… Durub yerimdə oturub kövrəlirəm. Bir-bir uşaqlarımız yadıma düşür. Yadıma Gülbahar düşür, Gülyaz düşür, Gülü düşür, Minə düşür, Qənirə (Qızıl) düşür, Hürzad düşür, Ofelya düşür, Aminə düşür, Ağca düşür, Şahnaz düşür, Tərgül düşür. Sonra da Balaca gəlir gözümün qabağına, Qədir gəlir gözümün qabağına, Rəftar gəlir gözümün qabağına, Şirin gəlir gözümün qabağına, Firqət gəlir gözümün qabağına, Novruz gəlir gözümün qabağına. Və gözümün qabağına gələn bir də dünyasını dəyişmiş sinif yoldaşlarımdı: Yusifdi, Ədalətdi, Davuddu, Şiraslandı və Nikolaydı. Nikolayla iki il bundan qabaq o məktəbə gedəndə görüşmüşdüm. Rəhmətlik məni götürüb apardı uçulub-sökülmüş və dağılmış məktəbimizin yerinə. Uçulmuş divarlara, kərpiclərə, daşlara baxanda yenidən yadıma orta məktəbdə oxuduğumuz illər, aylar, günlər düşdü… gözümün qabağına ilk dəfə mənə dərs demiş Rza müəllim gəldi, Həqiqət müəllimə gəldi, Əvəz müəllim gəldi, Nuğay müəllim gəldi, Ənvər müəllim gəldi, Balaca müəllim gəldi, Cavanşir müəllim gəldi, Cəmil müəllim gəldi, Nurəddin müəllim gəldi, Məhəmmədəli müəllim gəldi… Və elə bildim bu müəllimlər indi hardansa çıxacaqlar və məndən dərs soruşacaqlar. Özüm də hiss etmədən uçuq divarlara, daşlara, kəsəklərə baxdıqca kövrəlirdim. Çünki o daşlarda, divarlarda, kəsəklərdə bizim onillik uşaqlıq xatirələrimiz, dava-dalaşlarımız, çılğınlıqlarımız, dərsdən qaçmaqlarımız, müəllimlərimizin əsəbləri ilə oynadığımız anlar yığılıb qalmışdı...

Eşidirsinizmi, mən sizin hər birinizi çox istəyirəm və hər birinizin adı mənim ürəyimin sahillərinə yazılıb. 62 yaşın içində olsam da, nə zamanın dərdi, kədəri, nə də zamanın boranı, qarı, soyuğu adınızı o qəlbimin sahillərindən silə bilməyib... Və bundan sonra nə qədər ömür yaşasam da, Ulu Yaradanın köməkliyi ilə o adları heç vaxt silinməyəcək. Yaddaşım bir qədər zəifləyib. Adları yaddan çıxan sinif yoldaşlarım varsa, məni üzrlü saysınlar. Çünki yaş öz sözünü deyir…

… Dördüncü sinifə qədər mən «A» sinifində oxumuşam. Sonra elə oldu ki, məni digər paralel sinifə - «B» sinifinə keçirdilər. Ancaq mən o sinifə getmək istəmirdim. Çünki öyrəşdiyim və uşaqlıq yoldaşlarım vardı. Təbriz vardı, Zülfüqar vardı, Əsgər vardı, Rəfael vardı, Zakir vardı, Dilavər vardı, Yavər vardı… Onlardan ayrılmaq istəmirdim. Tərs kimi də əlimin içindən döyənək çıxmışdı. O döyənək də o qədər məni ağrıdırdı ki, əlimi aça bilmirdim. Beşinci sinifdə düz bir ay məktəbə gedə bilmədim. Döyənək sağaldı, əlim açıldı, məktəbə getdim. Rəhmətlik Valeh müəllim ədəbiyyatdan bizə dərs deyirdi. Çıxdım mövzunu danışdım, dedi ki, sənin adın jurnalda yoxdu, ancaq «beş» yazıram, onu da dəftərə qeyd edirəm..

… Elə bu vaxt qapı açıldı, məktəbin direktoru Əvəz müəllim sinifə daxil oldu. Məni görüb ayağa qaldırdı. Dedi dur gedək, sən başqa sinifə keçmisən, ora. Mən də ağlaya-ağlaya ayağa qalxdım və yola düşdüm. Mən ağlayanda sinif yoldaşlarımdan bir neçəsinin də gözləri doldu. Təbrizin gözləri doldu, Rəfaelin gözləri doldu, Zülfüqarın gözləri doldu…

… Gəlib «B» sinifinin otağına daxil olduq. Əvvəl Əvəz müəllim içəri keçdi. Sonra da müəllimlərin biri mənimlə sinifə daxil oldu. Burda da Ənvər Muradov ədəbiyyatdan dərs deyirdi. Yad sinifə girəndə bir qədər də kövrəldim. Elə hönkürüb ağladım ki, bir müddət özümə gələ bilmədim. Məktəbin direktoru Əvəz müəllim mənim ağladığımı görüb sakitləşdirdi. Dedi ki, ürəyini sıxma, bu sinifdəki uşaqlar da yaxşı uşaqlardı. Onlar da sənə öyrəşərlər. Mən ağlaya-ağlaya keçib qabaq partada - sonuncu sinifə qədər bir partada əyləşəcəyim rəhmətlik Yusif Namazovun yanında oturdum. İlk günü bir qədər sıxıntı yaşadım. Ancaq elə ki, günlər, həftələr, aylar bir-birini əvəz elədi, yavaş-yavaş uşaqlara öyrəşdim…

… O sinifdə Gülbahar Məmmədova, Yusif Namazov, Gülyaz Aslanova və bir də Minə Məmmədova çox savadlı idilər. Təbii ki, mən də ilk dərslərdən yüksək qiymət alırdım. Və yüksək qiymət alan uşaqlar bir-birilə daha çox ünsiyyətdə olurdular. Yusif Namazovu isə hamıdan çox istəyirdim. Həm savadlıydı, həm də gözəl xətti vardı. Məni digərlərindən fərqləndirən bir cəhət isə yaxşı futbol oynamağım idi. Artıq altıncı sinifdə olanda «A» sinifinin uşaqları yığışıb getmişdilər Əvəz müəllimin yanına ki, yaxşı futbol oynadığıma görə, təzədən məni əvvəlki sinifə qaytarsınlar. Hətta sinif rəhbəri Həşim müəllim də mənim geri dönməyimi istəyirdi.

Yeni gəldiyim sinifdə isə özümə dostlar tapmışdım. Yusifi tapmışdım, Qədiri tapmışdım, Davudu tapmışdım, Şiraslanı tapmışdım və bir də bacım qədər çox istədiyim Gülbaharı tapmışdım, Gülyazı tapmışdım, Aminəni tapmışdım. Təbii ki, bu isti münasibət məni uşaqlara daha da yaxınlaşdırırdı.
… Əvəz müəllimin dərsləri çox çətin keçirdi. Daha doğrusu, o biri müəllimlərdən qorxmurduq, ondan möhkəm çəkinirdik. Çünki o biri müəllimlər səhv eləyəndə bizə cəza vermirdi. Amma kimya dərsində çıxıb danışanda və lövhədə bir kimyəvi maddənin valentliyini düzgün yazmayanda, bax onda Əvəz müəllim əsəbləşər, pambıq kimi yumuşaq ətli əliylə sifətimizdən bir şillə ilişdirərdi. Onun şilləsi bizi çox müqəddəs bir yola – adam olmağa aparırdı. O şillənin hesabına çoxlarımız kimyadan «əla» qiymət alırdıq. Elə çox uşaqlar da Tibb İnstitutuna qəbul olurdu.

Rəhmətlik Balaca müəllimin coğrafiya dərsi isə mənim üçün cənnətə bənzəyirdi. Coğrafiyanı o qədər sevirdim ki, fikirləşirdim məktəbi bitirəndə bu sahə üzrə coğrafişünas olacam. Xəritədə müxətlif ölkələrin ərazisini və paytaxtını çubuqla gözüyumulu göstərirdim. Bu da Balaca müəllimin ürəyindən xəbər verirdi.Hətta yeddinci sinifdə elmi dərnəkdə coğrafiyadan mövzu götürmüşdüm və o mövzu ətrafında mühazirə hazırlamışdım. Mühazirədən də «beş» almışdım. Balaca müəllim deyirdi ki, hələ məktəbin tarixində heç kim yeddinci sinifdə cəsarət eləyib mövzu götürməyib. Bunu ilk dəfə sən elədin və «beş» də aldın!..

… İlk vaxtlar bizim sinif rəhbərimiz rəhmətlik Ənvər müəllim idi. O, Azərbaycan dili və ədəbiyyat fənnindən bizə dərs deyirdi. Həddindən çox tələbkar idi. Özü də bir zoğal ağacından çubuq düzəltmişdi. O çubuqla bizi döyərdi – yaxşı oxuyan uşaqları vurardı. Biz də deyərdik ki, ay müəllim, biz dərsimizi yaxşı oxuyuruq, bizi niyə döyürsən? O da gülərək deyərdi: «Ona görə zoğal ağacının çubuğu ilə döyürəm ki, siz «beş» alasınız. Beş alsanız istənilən ali məktəbə qəbul olacaqsınız. Bu müəllimlər bizi çox istəyirdilər və biz də onları çox sevirdik.

… Onuncu sinifdə isə sinif rəhbərimiz rəhmətlik Qəzənfər Məmişov idi. O bizə anatomiya və biologiyadan dərs keçərdi. Çox mədəni, çox da səmimi insan idi. Həmişə mənə diqqətlə yanaşırdı. Deyirdi ki, varlı kişinin oğlusan, ancaq geyimin o uşaqlardan fərqlənmir. Bax, buna görə səni çox istəyirəm…

Tarix müəllimimiz Mətləb Abbasov idi. Çox səbrli, çox savadlı, çox da təmkinli insan idi. Təsəvvür edin ki, mən tarixi çox gözəl öyrənirdim. Bir dərsdə rəhmətlik Mətləb müəllim mənə iki dəfə «beş» yazırdı. Bir dəfə köhnə dərsi danışanda, bir dəfə təzə dərsi özü izah edəndən sonra danışardım. O da götürüb qələmlə jurnala «beş» yazardı. Bir dəfə elə oldu ki, həm Mətləb müəllimin başı qarışmışdı, həm də sinif yoldaşlarımın. Gördüm ki, heç kəs mənə qulaq asmır. Başladım futboldan reportaj aparmağa. Guya «Neftçi» ilə «Dinamo» Kiyev Bakıda futbol oynayır. Reportajı yekunlaşdırıb dedim ki, Banişevski topu «Dinamo»nun qapısından keçirdi. Uşaqlar «qol!..» deyəndə, Mətləb müəllim fikirdən ayıldı və mənim qulağımın dibindən bir şillə ilişdirdi. O şillənin cingiltisi indi də qulağımdan getmir. Rəhmətlik Mətləb müəllimin məni vuran əlinə də qurban olum, o vurduğu şilləyə də. O vurduğu şillənin hesabına mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul imtahanı verərkən «SSRİ tarixi»ndən «beş» qiymət aldım...

Deyirlər ki, məktəb yoldaşları, əsgərlikdə olan dostlar və bir də türmədə yoldaşlıq elədiyin insanlar ömrü boyu adamın yadından çıxmır. Mən əsgərlikdə də olmamışam, həbsxana həyatı da yaşamamışam. Ancaq məktəb illərini və universitet dövrünün gözəl anlarını ömrümə, yaddaşıma həkk eləmişəm. Və bu həkk olan anlar heç vaxt, heç zaman yaddan çıxmır. Yuxuma girən sinif yoldaşlarım, dostlarım hər an, hər dəqiqə mənim iç dünyamdadı. Bəlkə də onlar fikirləşir ki, Faiq bizi yaddan çıxarıb. Amma Allaha and olsun onların heç birisi yadımdan çıxmayıb. Yadımdan çıxmayıbsa, deməli, biz həmişə bir yerdəyik.

Sizi bilmirəm, mən həmişə sizləri xatırlayıram. Eşidirsinizmi, dostlar! Ürəyimin, qəlbimin və ən nəhayət, iç dünyamın varlığına həmişəlik adları yazılan sinif yoldaşlarım! Mən bir-bir yenidən adınızı sadalayıb sizi yormaq istəmirəm. Amma bilin ki, o illərin, o ayların, o günlərin xatirəsi, işığı və nuru bizi hər an, hər dəqiqə bir-birimizə yaxınlaşdırır…

… Gözümüzü açıb görürük ki, artıq 62 yaşı keçmişik. Payız yarpaqları kimi tökülməyə başlayırıq. Saralmış yarpaqlar budaqlarından ayrılır. Və biz də nə vaxtsa bu budaqdan ayrılacağıq. Ancaq budaqdan ayrılsaq da, yenidən o budaq da bizi övladlarımız, nəvələrimiz yaşadacaq. Bizi yaşadan həm də o kövrək, o zərif, o incə məktəb illəridi…


TƏQVİM / ARXİV