ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bu da bir tarixdir

Əhməd Qəşəmoğlu

11733    |   2018-10-12 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

…İndiki nəslin çoxu bilmir ki, bu böyük şairimizin həyat yolu nə qədər keşməkeşli olub. Hələ 70-ci illərdən xalqımızın sevimli şairi olan Məmməd Arazın şöhrəti artdıqca ətrafındakı kölgələr də xeyli sıxlaşırdı. Buna səbəb onun sovet ideologiyası ilə uyğun gəlməyən milli ruhlu gözəl şeirlər yazması idi. O, ali təhsilini coğrafiya ixtisası üzrə almışdı. Poeziyaya onu qəlbi gətirmişdi. Bir şəxsiyyət olaraq öz mənliyini, qürurunu qoruyan, yaltaqlanmağa nifrətlə baxan, yalnız qəlbinin tələb etdiklərini, xalqının qayğılarından yazan Məmməd Arazın ətrafında həm də onun istedadını qısqanan paxıl insanlar da var idi. Onlar da pərdələr arxasında öz xəbis niyyətlərini həyata keçirmək üçün su bulandırırdılar. Məmməd Araza olan təzyiq Bakının işi deyildi. O zaman ölkənin bütün sahələrində baş verənlər, xüsusi ilə ədəbi prosesdə baş verənlər də Moskvanın nəzarətində idi. Bakıda ona pislik edənlər də əsasən Moskvanın buradakı şəbəkəsinin nümayəndələri idi. Əslində ölkə rəhbərliyi onu qorumağa çalışırdı. Məhz elə ona görə də "Ədəbiyyat və incəsənət” qəzetində "vurulduqdan”, işdən ayrıldıqdan sonra ona o zaman Azərbaycanın rəhbəri olan Heydər Əliyevin qardaşı akademik Həsən Əliyevin yaratdığı, başçılıq etdiyi "Azərbaycan təbiəti” jurnalında baş redaktor vəzifəsi, ayrıca kabinet də verilmişdi. Amma Moskva şəbəkəsi ona imkan vermir, əllərindən gələni edirdilər. Nəticədə, onun əsəblərini tarıma çəkir, gərgin bir həyat yaşamasına səbəb olurdular. Sonralar mübtəla olduğu xəstəlik də elə bu gərginlik hesabına yarandı…

…1983-cü ilin yayı idi. Mən o vaxt çox nüfuzlu, səlahiyyətli olan Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Elmi Mərkəzində işləyirdim. Məmməd müəllim artıq ağır psixoloji zərbələr alaraq, öz xəstə halı ilə "Azərbaycan təbiəti” jurnalını nəşr edirdi. İndiki "Azərbaycan” nəşriyyatında, həmin jurnalın redaksiyasındakı otağında otururdu. Mən hələ bir gənc şair kimi, hərdən ona baş çəkirdim, söhbət edirdik. Doğulduğumuz kəndlər qonşu olduğundan həm də xeyli ortaq tanışlarımız var idi. Gah poeziyadan, gah da ortaq tanışlarımızdan danışardıq. Sentyabr ayında növbəti dəfə onun yanına gedəndə, həmin jurnalın əməkdaşı olan mərhum şairimiz Məmməd Aslanla rastlaşdıq. Məmməd Aslan qayğılı-qayğılı mənə Məmməd Araza qarşı hələ də davam edən məkrli oyunlardan danışdı. Sonra da kədərli-kədərli əlavə etdi ki, bir aydan sonra Məmməd Arazın 50 yaşı tamam olacaq, amma heç kimin vecinə də deyil. Belə bir şairin yubileyini keçirmək heç kim istəmir. Doğrudan da o, yaddan çıxmışdı. Bu gözəl şairimizdən bir çoxları siyasi münasibətlərə görə uzaq qaçırdı. Başqaları isə yaranmış situasiyada onun yaddan çıxması üçün özlərini görməməzliyə vurmuşdular. 50 illik barədə heç bir söz-söhbət yox idi və həmin dövrdə ola da bilməzdi. Ona görə də Məmməd Aslan ah çəkərək, mənə bu etinasızlıqdan danışırdı. Mənim elə bir səlahiyyətim yox idi. Sadəcə səlahiyyətli bir idarənin rəhbərinə elmi işləri üçün lazım olduğuna görə yaratdığı elmi mərkəzin işçisi idim. Amma mən Məmməd Araz şəxsiyyətinin qədrini bilirdim və bu insana böyük hörmətim var idi. Əlimdən nə gələcəyini düşündüm. Bu zaman Azərbaycan İnşaat İnstitutunun Həmkarlar Komitəsinin sədri işləyən tələbə yoldaşım Tofiq Qasımov yadıma düşdü. Elə yaxın günlərdə Tofiq mənə demişdi ki, tələbələri üçün Filarmoniyada bir tədbir keçirməkdə ona kömək edim. O zamanlar partiya, komsomol işçilərinin, müəllimlərin, tələbələrin tez-tez müxtəlif teatrlara, muzeylərə Filarmoniyaya getməsi təşkil olunurdu. Tofiq də belə bir tədbirin maraqlı keçməsi üçün mənim kömək etməyimi istəyirdi. Məmməd Aslana və Məmməd Araza heç nə demədən mən oradan birbaşa yaxınlıqdakı İnşaat İnstitutuna - Tofiqin yanına yollandım. Ona Məmməd Arazın yubileyi ilə bağlı olan soyuq münasibət barədə danışdım. Təklif etdim ki, gəl sizin tələbələr üçün Filarmoniyada poeziya bayramı adı ilə belə bir yubileyi təşkil edək. Olduqca vətənpərvər, milli ruhlu, Məmməd Araz şəxsiyyətinə olan məhəbbəti hesabına Tofiq müəllim məni dəstəklədi. Amma belə bir tədbiri keçirməyə qorxdu. Birlikdə müzakirə etdik və qərara gəldik ki, əvvəl İnstitutun rektoruna deyək ki, bu adi bir poeziya bayramıdır. Ora hökumətin siyasətini dəstəkləyən şairlər dəvət olunacaqdır. Tofiq ehtiyat etdi: - bəs sonra? Rektora nə deyəcəyik? Rektor məşhur inqilabçı Bünyad Sərdarovun nəvəsi, çox mədəni bir insan olan Bünyad Sərdarov idi.

Mən onu sakitləşdirdim. Elə bədahətən: - qorxma dedim. Mən yoluna qoyacağam və rektora özüm deyəcəyəm. Tofiq məndən düşünmək üçün vaxt istədi. Məmməd Araz şəxsiyyətinə olan böyük sevgisi, onu yox deməyə qoymurdu. Düzü, nə edəcəyimi, Tofiqi necə arxayın salacağımı heç özüm də bilmirdim. İşə catana qədər fikirləşdim ki, yaxşı olar bu məsələni o vaxtlar artıq ədəbi mühitdə böyük nüfuz qazanmaqda olan, mənim dostum, rəhmətlik Aydın Məmmədovla da müzakirə edim. Aydına zəng vurdum, durub mənim yanıma, işə gəldi. Məsələni ona dedim. Aydın müdrikcəsinə gözlərini qıydı və gülə-gülə dedi: - gəl həmin görüşə Nəbi Xəzri və Bəxtiyar Vahabzadəni də dəvət edək, onların iştirakı ilə keçirək. Onların hər ikisi xalq şairidir və dövlət onlara çox yaxşı münasibət bəsləyir. Bu adamlar görüşə gəlsə, rektor da məmnun olar, heç kim də tədbirin keçirilməsinə mane olmaz. Razılaşdıq. Aydın mənim otağımdan hər iki şairə zəng vurdu. Hər iki şair Məmməd Araz barədə xeyli xoş sözlər desələr də, ilk əvvəl bir qədər tərəddüd etdilər. Amma Aydın da Aydın idi, eyhamla dedi ki, ehtiyat etməyin, dövlət tərəfdən də ciddi etiraz yoxdur. Sadəcə Sizin gəlməniz onların da işini yüngülləşdirər, daha Moskvadan qorxmazlar. Aydın onlara and içirdi ki, o, bu dəqiqə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsindədir və oradan zəng vurur. Yanındakı insanların özü də bunu istəyir. O tamamilə doğru deyirdi. Mənim otağım elə o binada idi və Aydının da yanındakı mən idim….

Mən Tofiqə xəbər verdim ki, görüşə xalq şairləri Nəbi Xəzri və Bəxtiyar Vahabzadə də gələcək. O dərhal qərar qəbul etdi ki, bəli, görüş keçirək. Amma son vaxta qədər rektora heç nə deməyək. Qoy elə bilsin ki, biz adi poeziya məclisinə hazırlaşırıq. Beləliklə, İnşaat İnstitutunda Filarmoniyada "poeziya məclisinə” qızğın hazırlıq işləri başladı. Filarmoniyada da İnşaat İnstitutunun tədbirinə razılıq verildi. Bu işlər bitəndən sonra mən Məmməd Arazın yanına getdim və belə bir "oyun qurduğumuz” barədə məlumat verdim. O əvvəl etiraz etdi. Amma Məmməd Aslan da mənə qoşuldu və biz onu razı saldıq. Bu şərtlə razı oldu ki, biz bu başdan rektora məsələni danışaq və razılıq alaq. Mən onu arxayın saldım.

Görüşə bir həftə qalmış, AKP-nin Mərkəzi Komitəsinə getmişdim. O zaman MK da Şöbə müdirinin müavini olan, rəhmətlik Rafiq Zeynalov təhsil problemləri ilə bağlı bir sosioloji sorğu keçirmək niyyətinə düşmüşdü və məni bu sorğunu təşkil etmək üçün oraya dəvət etmişdilər. Koridora çıxanda gördüm ki, İnşaat İnstitutunun rektoru Bünyad müəllim bir nəfərlə söhbət edir. O zaman MK-ya dəvət olunan hər bir məsul işçi burada hər kəsə rəğbətlə baxır, onları mühüm adamlar kimi qəbul edirdilər. Mən də bu ab-havanın verdiyi imkandan istifadə edib Bünyad müəllimə yaxınlaşdım. O özü bir ziyalı insan idi. Özümü Komsomolun Mərkəzi Komitəsinin işçisi kimi təqdim etdim və çox ehtiyatla Məmməd Araz barədə söhbət saldım. Hiss etdim ki, onun da Məmməd Araza böyük hörməti var. Özü də ona qarşı olan ədalətsizlikdən danışdı. Dərhal da Moskvanın nəzarətindən danışdı. Ehtiyatla İnstitutlarının keçirəcəyi poeziya məclisinə Məmməd Arazı da dəvət etməyi təklif etdim. Sonra dedim ki, təsadüfən həmin tarixdə elə onun 50 yaşı da tamam olur. Elə orada onu da təbrik etsək pis olmaz. Belə bir söhbətin Mərkəzi Komitənin binasında baş verməsi Bünyad müəllimi bir qədər ürəkləndirdi və o dərhal dedi ki, hə, elə Bəxtiyar müəllimlə Nəbi müəllim onu təbrik etsə daha yaxşı olar. Beləliklə, rektor Məmməd Arazın da o tədbirdə iştirak etməsinə razılıq verdi… Bu artıq məsələnin həlli idi... Tofiqə zəng edib danışdım. O da rahatlandı. Rektor axır saatlara qədər elə bildi ki, bu, adi poeziya məclisidir. Amma Tofiq müəllimin təşkilatçılığı hesabına ölkənin ən tanınmış şairləri də iştirak edəcək.

Biz xəlvəti olaraq Məmməd Arazı sevənlərə bu tədbir barədə xəbər yayırdıq. Görüşün keçirilməsinə bir gün qalmış 50 ədəd afişa çap etdik. Yaşıl fonda Məmməd Arazın böyük portreti əks olunan afişa, bu görüşün Məmməd Arazın 50 illiyinə həsr olunduğunu əks etdirirdi. Səhərisi günü bu afişanı şəhərin müxtəlif yerlərindən asdıq. Bir neçə yerdə afişalar dərhal cırılmışdı.

… Nəhayət görüş vaxtı - oktyabr ayının 14-ü gəldi. Böyük həyəcanla görüşün baş tutmasını gözləyirdik. Görüşün baş tutmasına əsas ümidimiz orada Nəbi Xəzri ilə Bəxtiyar Vahabzədənin iştirakı idi. Onların dövlət yanındakı nüfuzları bu görüşə kimsənin müdaxilə etməsinə imkan verməzdi. Bir neçə dəfə Tofiq müəllimlə danışdım. O, rektorun özünün də görüşə gələcəyini dedi. Tədbir onun İnstitutunun tədbiri idi və orada bu xalq şairləri də olacaqdı. Ona görə də özü də həmin şairlərlə birlikdə olmaq istəyirdi.

İş yerində oturmuşdum və yenə də bəzi tanışlarıma telefonla bu yubiley tədbiri barədə məlumat verirdim. Birdən Aydın mənə zəng elədi. Kədərli-kədərli dedi ki, bəzi məsələlər var. Telefon söhbəti deyil. Gəlirəm yanına. Aydın gəldi, çox pərt idi. Saat 2 olardı. Qəmli-qəmli mənə baxdı və dedi ki, Nəbi ilə Bəxtiyar görüşə gəlməyəcək. Hər ikisi ilə elə indi danışdım. Hər ikisinin işi çıxıb. Birinin qan təzyiqi qalxıb, o birisi də bağa getməlidir. Mənim öz yerimdə donduğumu görüb dedi: - otur, bir şey fikirləşək. Qərara gəldik ki, mən hələ bu barədə İnşaat İnstitutuna xəbər verməyim. Reaksiya pis ola bilər və görüş baş tutmaz. Hər ikimiz çox dilxor idik. Yazıçılar İttifaqından da heç kim gəlməyəcəkdi. Aydın dedi: - darıxma, indi gör mən o məclisi necə aparacağam! Sonra durub getdi. Tədbirin vaxtına bir saat qalmış mən Filarmoniyaya getdim. Artıq camaat gəlməyə başlamışdı. Hamının üzündə bir bayram əhval-ruhiyyəsi vardı. Filarmoniyada yubileyin keçirilməsi hamıda Məmməd müəllimə münasibətlərin dəyişəcəyi barədə ümid yaratmışdı. Mən hələ Tofiqə heç nə deyə bilmirdim. Bir azdan rektor da gəldi. O, tədbirin keçirilməsinə hazırlığa özü nəzarət etmək istəyirdi. Yan otaqda onun qarşısına bir stəkan çay qoydular. Tədbirin başlamasına 40 dəqiqə qalmış Tofiqə dedim ki, Nəbi Xəzri və Bəxtiyar Vahabzadə gələ bilməyəcək. Onun hansı vəziyyətə düşdüyünü özünüz təsəvvür edin. Xəbəri eşidən Məmməd Aslanın da halı qarışdı. Tofiq astadan pıçıldadı: - Bunyad müəllimə necə deyək bunu? Mən onu sakitləşdirib dedim ki, qorxma, özüm deyərəm. Bünyad müəllimə yaxınlaşdım. Dedim ki, mühüm dövlət tədbiri olduğü üçün Nəbi müəllimlə Bəxtiyar müəllim gələ bilməyəcək. Kişi şok vəziyyətinə düşdü. Tədbirin başlamasına 30 dəqiqə qalmışdı. Zal artıq insanlarla dolmuşdu. Görüşü təxirə salmaq mümkün deyildi. Qəlbən mülayim, mədəni bir insan olan Bünyad müəllim bir az tərs-tərs mənə baxdı və papkasını götürüb binanı tərk etdi...

Bir azdan Məmməd Araz da gəldi. Möhtəşəm bir tədbir başladı. Görüşü böyük şövqlə Aydın Məmmədov aparırdı. Mən səhnədə Məmməd Arazın yanında oturan onlarla insana qatıla bilmədim. Mənim işim aşağıda qalıb, görüşü pozmağa cəhd eləmək istəyənlər olarsa bunun qarşısını almaq idi... Buna bəzi kiçik cəhdlər olsa da mən məsələləri tənzimləyə bildim... El bayramına çevrilən möhtəşəm bir yubiley tədbiri baş tutdu.


Əhməd Qəşəmoğlu


İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK