adalet.az header logo
  • Bakı 11°C
12 Oktyabr 2018 10:06
8271
MƏMLƏKƏT
A- A+

Gəncənin icra başçısı sakinləri dinlədi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb.

Görüşdə Prezident Administrasiyasının Ərazi Təşkilat Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib. Qəbulda 80-ə yaxın sakinin müraciəti dinlənilib. Heydər Əliyev prospekti, 103 ünvanında baş tutan görüşdə Gəncənin müxtəlif ərazilərindən gələn sakinlərin şikayət və təkliflərinə baxılıb. Ara küçələrin asfaltlanması, bəzi istiqamətlər üzrə işləyən avtobusların marşrut xəttlərinin uzadılması, küçələrin gecə işıqlanmasının yaxşılaşdırılması, işlə təminat, fərdi yaşayış evlərinin təmiri, ticarət obyekti və fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsi, bəzi ərazilərdə əhalinin su təminatının yaxşılaşdırılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Sakinlərə cavab olaraq bildirilib ki, Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin yekunlaşdığı küçələrdə asflat örtüyünün yenilənməsinə başlanılıb. Buna paralel olaraq həmin küçələrin gecə işıqlanması da yenidən qurulacaq. İşlə bağlı müraciət edən vətəndaşlar müfaviq olaraq Gəncə şəhər Kəpəz və Nizami rayon Məşğulluq mərkəzlərinə yönləndiriliblər. Ticarət obyekti və fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsini istəyən sakinlərə isə izah olunub ki, onlar Kəpəz və Nizami rayon Bələdiyyələrinə müraciət etməlidirlər. Niyazi Bayramov səsləndirilən digər məsələlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilən qəbulların məqsədi vətəndaşların problemlərini öyrənmək və onları həll etməkdir.