ANA SƏHİFƏ / İDMAN

"AFƏRİN, FONTEN"

1665    |   2018-10-12 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Xarici novella)

MAKS YURBİNİ
İzambr kəndinə getmək üçün siz əvvəl Sen-Rafaelya avtomobil yolunu keçib, kəndin girəcəyində işarə qoyulmuş yerdən dönməlisiniz. İki kilometrə yaxın güllü-çiçəkli dolayı yolları keçdikdən sonra yüksəklikdə, şam ağaclarının əhatəsində gizlənmiş kiçik bir möcüzə ilə İsveç evi" adlanan tikili ilə rastlaşacaqsınız. Bu, əsl cənnəti xatırladan bir yerdir.
"İsveç evi"! Məşhur fransız futbolçusu Jüst Fonten ailəsi üçün Sent-Maksim körfəzi sahilində tikdirdiyi yay iqamətgahına bundan yaxşı ad tapa bilməmişdi.
1958-ci ildə İsveçdə keçirilən VI dünya birinciliyi onun futbolçu karyerasının ən yüksək zirvəsi olmuşdur. Lakin o, cəmi 27 yaşında zədə nəticəsində futbol meydanındakı fəaliyyətini dayandırmışdı. Deyilənə görə, bəzən yarımçıq qalmış simfoniya tam bitmiş musiqi əsərindən daha çox məşhur olur.
Atasına daha çox oxşayan balaca Frederik onu rahat qoyduğu anlarda Jüst tez-tez xəyalən 1958-ci ilin yayına qayıdırdı.
"... 724-cü reyslə Stokholma uçan təyyarənin sərnişinlərindən 4 nömrəli qapıya yaxınlaşmağı xahiş edirik!" Bu uçuş Orli aeroportunda 1958-ci ilin may ayının 20-də oldu. Dünya birinciliyində iştirak edəcək Fransa yığmasını qarşıda uğurlu çıxışlar gözləyirdi. Ancaq futbolçuların üz-gözündən yağan uzun sürən mövsümün yorğunluğu komandanın müvəffəqiyyət qazanacağına şübhə yaradırdı. Xüsusilə Reymsdən olan futbolçular bunu açıq-aşkar büruzə verirdilər. Jonke, Pyantoni, Vensan, Tanvern, Bliar, Kolonna və Fontenin qarşıdakı yarışlara hazırlığı heç də ürəkaçan deyildi.
"Yox, dostlar, əgər İsveçdə uğur qazanacağınızı güman edirsinizsə, çox böyük səhvə yol verirsiniz",- deyə Jan-Jak Marsel futbolçulara kinayə ilə müraciət etdi.
"Yavaş danış. Jan-Jak, sənin səsinin cingiltisi adamın beyninə düşür",- deyə elzaslı Remetter cavab verdi.
"Məndə belə bir fikir yaranır ki, siz üç aydan tez özünüzə gələ bilməyəcəksiniz",-deyə tuluzalı Muyne dilləndi.
Sonra araya sükut çökdü.
Yığmanın seleksioneri Pol Nikola Fransa komandasının qarşıdakı oyunları barədə düşünürdü. O, öz fikrini bildirməsə də, nə istədiyini yaxşı bilirdi. Təyyarəyə oturmamışdan əvvəl imkan tapıb Fontenin qulağına pıçıldadı:
-Jüst, İsveçdə mən səni əsas heyətə salacağam. Qoy kim nə cür istəyir, fikirləşsin, mən isə artıq qəti qərar qəbul etmişəm. Ancaq bu haqda heç kimə bir kəlmə də demə.
Gizli müqavilə beləcə bağlandı. Axşamüstü Fransa milli komandası Stoqholma çatan kimi avtobusa əyləşərək, paytaxtdan iki yüz yetmiş kilometrlik məsafədə yerləşən Kopparberqə yola düşdü.
- Hamıya iki günlük istirahət verilir,- deyə məşqçi Alber Batte elan etdi,- kim nə ilə istəyir, məşğul ola bilər. Sonra isə biz yeni mövsümə başlayacağıq.
İsveç meşəsində, gölün sahilində balıq ovu ilə məşğul olan futbolçular on aylıq ölkə çempionatını və kubok oyunlarını yavaş-yavaş unudurdular.
Axşamlar Fonten səbirsizlikdən öz otağında bir yerdə qərar tuta bilmirdi. O, nə cür olursa-olsun, Pol Nikolanın etimadını doğrultmaq istəyirdi, özü də mümkün qədər tez.
Qaranlıq tövlədən arenaya buraxılan buğa əzələlərini bərkitmək üçün gah bir, gah da digər tərəfə atılmağa başlayır. Fonteni də belə bir buğaya bənzətmək olardı. İlk məşq oyununda dörd qolun müəllifi olan Fonten yaxşı təsir bağışlayırdı. Yaşıl meydanda istedad və bacarığını tam qüvvə ilə nümayiş etdirməyə çalışan reymsli hücumçu daim hərəkətdə idi.
Pol Nikola fikirləşməyinə davam edərək də, susurdu. Əmin idi ki, Fonteni seçməkdə səhv etməyib. Oyunu izləyən mütəxəssislərin də rəyi bu idi ki, Fontenin əsas heyətə düşmək şansı daha çoxdur, lakin bir nömrəli mərkəz hücumçusunu seçmək Pol Nikola üçün çətin olacaq. Bliar özü həmin problemi ağılagəlməz bir üsulla həll etdi. "Staldokten" stadionunda yoldaşlıq görü-şündə vurduğu zərbə boşa çıxdıqdan sonra ayağı çox ciddi zədələndi. Ağrıdan meydanda çabalayan futbolçuya həkim Kopen belə bir diaqnoz qoydu: bərk oynaq çıxıntısı var və mütləq ayağını gipsə salmaq lazım gələcək.
Dünya kuboku uğrundakı yarışlar onun üçün beləcə bitmiş oldu. Bu hadisədən sonra nəzəri cəhətdən Fontenin esas heyətə düşmək üçün rəqibi yox idi və o, qarşıdakı yarışa arxayın hazırlaşa bilərdi.
Jüst bu çempionatda müxtəlif vəziyyətlərdən 13 qol vurdu: uzaq məsafədən, güclü zərbə ilə, sağ və sol tərəfdən, başla və cərimə zərbəsi ilə.
O, ilk oyunda böyük hesabla qalib gəldikləri (7:3) Paraqvay komandasının qapısına üç top vurdu. Bu görüş uğurlu startın başlanğıcı və futbolçunun topsuz manevr emək bacarığının gözəl nümunəsi idi.
Yuqoslaviya yığması ilə matçda (2:3) Fonten balkanların qapıçısını iki dəfə topu tordan çıxarmağa məcbur etdi.
Şotlandiya ilə (2:1) qarşılaşmada bir top vuran hücumçu sübut etdi ki, yaxşı kollektiv oyunda da təkbaşına cəsarət göstərmək mümkündür. 1/4 finalda Şimali İrlandiya (4:0) komandasının qapısından iki top keçirdi. Bu oyundan sonra Avropanın güclü qapıçılarından sayı-lan Qreq Fonten haqqında bunları dedi: "Mən İngiltərə birinciliyində çıxış etdiyim illər ərzində bu cür başla vurulan zərbə görməmişdim".
Çempionluq "tacını" almağa real namizəd sayılan Braziliya millisi ilə yarımfinal görüşündə Fonten yıxılaraq yaddaqalan qol vurdu. Bu qoldan sonra hesabda bərabərlik yarandı və bir an fransızlar möcüzə baş verəcəyi barədə fikirləşdilər. Lakin Fransa millisi gələcək dünya çempionlarına böyük hesabla məğlub oldu (2:5).
Nəhayət, üçüncü yer uğrunda matçda Fransa futbolçuları AFP komandası ilə qarşılaşdılar. 6:3 hesabı ilə nəticələnən bu görüş əsl hücum futbolunun təntənəsi oldu. Fransa yığmasının qələbəsi həm komandanın rəhbəri Pol Nikolanın ad gününə hədiyyə, həm də dünya birinciliyinin bombardiri adını qazanmaqda Fontenə yardımçı oldu. Bu matçda Jüst Fonten dörd qola imza atdı.
1958-ci ilin "Qızıl ilahə" kuboku uğrunda oyunlarda fransalı Fonten rəqib qapılarına 13 top vuraraq birinciliyin bombardiri oldu. Beləliklə, o, macar Şandor Koçişin rekordunu (11qol, DÇ-54-də) təzələdi. Fransa komandası vətəndə böyük təntənə ilə qarşılandı.
Bunun əsas səbəbkarı isə yığmanın ən parlaq ulduzu Jüst Fonten idi. Bundan sonra jurnalların üz səhifələrində çap olunan futbol-çunun şəkli siyasət və incəsənət xadimlərinin şəkilləri ilə müqayisədə sayca üstünlük təşkil edirdi. Onu dəfələrlə vurduğu 13 qol barədə danışmağa məcbur edirdilər. Hətta bir dəfə fransız idman həftəliyi futbolçudan dünya çempionatında vurduğu topları təkrar nümayiş etdirməyi xahiş etmişdi.
Jüst yaşıl meydanda iki reportyorun gözü qarşısında İsveçdə göstərdiyi şücaəti təkrar etdi.

Futbolçunun
bioqrafiyasından

Jüst Fonten 1958-ci ildə İsveçdə keçirilən VI dünya çempionatında 13 top vuraraq rekorda imza atıb. Nə ondan əvvəl, nə də ondan sonra heç kim bir dünya birinciliyində bu qədər fərqlənməyib.
Fonten 1933-cü il avqustun 18-də Mərakeşdə anadan olmuşdur. İsveçdəki dünya birinciliyinə kimi o, Fransa yığmasında cəmi 2 matç oynamışdı. Sürətli və nadir oyun intuisiyasına malik futbolçu karyerasının əvvəlində "AK Mərakeş" və "USM Kasablanka" komandalarında çıxış etdikdən sonra Fransanın "Nitsa" klubuna keçmişdir. Bir müddətdən sonra "Reyms" klubu Raymon Kopanın 1956-cı ildə Madrid "Real"ına transferi ilə əlaqədar Fonteni öz heyətinə dəvət edib.
1959-cu ildə Kopanın "Reyms"ə qayıdışından sonra onların birgə oyunu ölkə birinciliyində də öz bəhrəsini vermişdi. Lakin ən kədərlisi budur ki, 1961-ci ildə iki yerdən ayağı sınmış Fonten karyerasını çox tez bitirməyə məcbur oldu. Geniş hərəkət diapazonuna malik olan əla driblinqi və hər iki ayağının güclü və dəqiq zərbələri sayəsində Fonten 1958 və 1960-cı illərdə Fransa çempionatının bombardiri olmuşdur. O, ölkə yığmasının heyətində 21 dəfə (1956- 1960-cı illər) meydana çıxmış və 30 qol vurmuşdur.
1966-67-ci illərdə Fransa millisini çalışdıran Fonten sonralar Fransa Futbolçuları Həmkarlar İttifaqının sədri vəzifəsində işləyib.

Tərcümə etdi:
Həsən TAĞIYEV


İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK