adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Oktyabr 2018 00:23
12679
ƏDƏBİYYAT
A- A+

GƏL QAÇIB GEDƏK DÜNYADAN

Gözümə işığın düşür.
Yarın-yaraşığın düşür.
Gəl qaçıb gedək dünyadan,
Pasportun var, yaşın düşür,

Qapıya elçi gələndə.
Təriflərlə öyüləndə.
Yaxşı oğlan deyiləndə.
Yada ev və maşın düşür.

Davam edir dava-dalaş.
Bu nə taleh, bu nə savaş.
Tələsmə sən, yavaş-yavaş
Hər gün ölüm aşın bişir.


BƏLKƏ

Allah bizi yıxa-yıxa,
Bəlkə də döyüb öldürür.
Allah bəzi qocaların
qəddini əyib öldürür.

Xoş halına ölənlərin,
Vay halına qalanların
Allah bəzən sevənlərin
Xətrinə dəyib öldürür.


MƏNDƏN DEMƏKDİ

Qılman İmanlıya

Çox da bəxtində küsmə.
Onsuz səndən küsəcəklər.
Bir gün sən lap neyləsən də
Özgəsini seçəcəklər.
çox sevdiyim adamlar.

Gözlərinə qan damacaq.
Çatmayacaq havan da.
Təklik dənizinə atıb
əl edəcəklər limanda,
çox sevdiyin adamlar.

Sonra da uşaq kimi
Arxanca düşəcəklər.
Əllərində boşqab, qaşıq,
kədər yedirdəcəklər.
çox sevdiyin adamlar.

Yıxılanda sıxılacaq
Dizin divar döşünə
Səni dizi bükülü qoyub
Gedəcək iş-gücünə
çox sevdiyin adamlar.

Onda biləcəksən ki,
Aqil başın avammış
Bircə səni sevən elə
əksin olan adammış.

Bəs hara "buxarlandılar",
çox sevdiyin adamlar?!


MİNİMALİST ŞEİRLƏR

Çiçəklər öz rənglərinə
inanmırlar -
Solurlar...

***

Allah bizə ömür
verir,
insanlarsa vaxtımızı alır.
***

Qar üzərində yeriyirəm
ancaq
sol ayağımın izləri qalır.

***

Şəkil çəkdiririk nağıla dönür:
Biri var idi, biri yox.

***

Ezop zəncirini açmağa qorxur,
Bilir ki, itləri bağlayacağıq.

***

Müharibə:
Əsgər ağzında evlərindəki
çörəyin xəyalını çeynəyir.

***

Vaxt ötdükcə,
sənin günahlarını unudub
öz günahlarımı xatırlayıram.

***

Nitq hissələri:
Sifətlərlə sevirik,
fellərlə ayrılırıq.

***

Bəlkə də səadət
mən gəlməmişdən öncə
evdə işıqların yanmasıdı ancaq...

***

Səni hər görəndə
qabırğalarımı sayıram
əskik gəlir.

***

Heç nə unudulmur bu yer üzündə -
Hər şey öz adıyla əzaba dönür.

Fikir yorğununun dedikləri

Kilsələrin üstündəki xaçlar
bənzəyir dinə sancılmış qılınca.
Qürbətdə yada düşən dərdlərim
könlümü incidir, bağrımı sökür -
Bakı vaxtıyla - öz saatımızla...

Bu döyüş meydanı dünyada
"İbadət edən silahlar"ın səsindən
tutulub, kardır qulaqlarımız.
Burda kilsə zəngiylə döyülür yerə,
əcələ tələsən "əsgər ayaqları"mız...

İnsafdırmı, görəsən,
faniliyinin haqqını əbədiyyətlə ödəyirik -
cənnətlə, cəhənnəmlə,
əbədi zülmlə, əbədi xoşbəxtliklə.
Ayaq üstə yaşamaqdır
sonuncu qələbəmiz -
bizi torpağa çəkən dünyada - çəliklə.

***

Ata,
Vaxtın zəncirindən asılıb yoxluğun,
o zəncirdən asılıb yüyrüyüm...
Yüyrükdən enəndə,
ayağım yer tutanda
görməyəcəyəm səni?

Ata,
təklədilər məni,
söykəyib kürəyimi
anamın təsəllisinə
vuruşdum:
"Allah da təkdi, oğlum".

Ata,
Qorudum özümü,
Ailəmizin ümid yeri
olduğumu bilən gündən.
Bayramlarda
sənin ağzınla öpürəm
anamın üzündən...

***

Ölüm deyil bir qadının yoxluğu.
Ən uzağı soyuq yemək deməkdi.
Ən ötəsi həvəssizcə əyninə,
Təzə, amma qırış köynək geyməkdi.

Nə var onsuz yaşamağa, asandı.
Cüt yataqda tək yatmaqdı "rahatca".
Eh-vay onla dil tapmaq da çətindi,
neyləyirsən, danışammır həyatca.

Ondan, onsuz, nə qalacaq? Ötəsi...
bir cütlənmiş çəkməsi var burada.
Onu da ki, gizləyərəm uzağı.
O əldəyməz, kimsəsiz yan odada.

Kitabları dağıdaram özümçün,
yaddan çıxıb yanar xörək sobada.
Unudaram qalın paltar geyməyi:
Rahat-rahat üşüyərəm havada.

Deməz: "Evdə çəkmə bu zəhrimarı,
Siqaretim qabındaca öskürməz.
"Sevgi" sözü hər davada min dəfə,
çiliklənib, yerə-yurda tökülməz.

Gedən getsin, qapım Novruz qapısı -
gedənə də, gələnə də açıqdı.
Bir cüt gözdü onu burda gözləyən.
Onsuz axı yatmaq olar? - Ayıbdı.


SEVMƏDİYİN QADIN

Sevmədiyin qadınla bir damın
altında yaşamaq
nə onu aldatmaqdı,
nə də özünü.
sevmədiyin qadınla bir damın
altında yaşamaq
sevgidə zibillik kimi
eşələnməkdi.
yemirsən, amma nəsə
axtarırsan orda
Sevmədiyin qadınla bir damın
altında yaşayırsansa,
deməli, taleyindən
Həmzə Qır atı qaçırıb.
Sevmədiyin qadınla bir damın
altında yaşayırsansa,
axşamlar evinin qapısı tabut
ağzı tək açırsan.
Və hələ talehin tərs üzü kimi
uşaqlarda varsa,
Deməli, içindəki bütün
sevincləri yağmalayıblar.
Sevmədiyin qadınla yaşadığı
evə gəlmir kişi,
Öyrəşdiyi dərdlərin tüstüsünə
gəlir hər axşam
Sevmədiyin qadınının açdığı
süfrədə limonadlar da
şərab kimidi.
Kişi öz bədbəxtliyindən
sərxoş olur.
Sevmədiyin qadınla bir
damın altında yaşamaq
püşkünə düşübsə,
Evdə uşaqlar,
Həyətdə ağaclar.
Güldanda güllər də
Gec böyüyər.
Sevmədiyin qadınla bir damın
altında yaşayırsansa.
Rus bazarlarındakı saxta çeçen
dolları kimi olarsan
əldən-ələ, dildən-dilə
düşə-düşə xərclənərsən.
Sevmədiyin qadınla bir damın
altında yaşayırsansa
Sənə yenidən doğulmaqdan
özgə carə görmürəm.