adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Oktyabr 2018 00:17
13406
ƏDƏBİYYAT
A- A+

Hər könül bir karvandır ki, bir susuz səhrası var...

Dostum, əziz qardaşım Əyyub Şırlanlının 70-ini ötməsi münasibətilə yazdığım bu kiçik yazıya Səməd Vurğundan könlümün quşu qonduğu bu misranı sərlövhə seçmək fikrindəyəm.
Böyük şairin bu misrasında elə dostum Əyub Şırlanlının da obrazını görürəm. Gerçəkdən də Vətənini, torpağını itirmiş insan ya su üzündə gəzən gəmiyə, ya da ki susuz səhralarda qum üstə yeriyən birinə bənzər. Azərbaycan şeirinin, poeziyasının dəyərli bir nümayəndəsi olaraq Əyyub Şırlanlı artıq 30 ilə yaxındır ki, şeirlərə, misralara öz həsrətini, nisgilini köçürməkdən yorulmur, əksinə, hər ötən gün ayrılıq iztirabından yoğrulmuş daha odlu, alovlu misralar bağrından qoparır.

Ümidi qoymuram puç olub gedə,
İçimdən kədəri, qəmi qovuram.
Sönmüş çıraqları yandırmaq üçün,
Gah alov oluram, gah od oluram.

Neçə illərdi ki, onu yaxından ailəmizin bir üzvü, bir ağsaqqalı kimi tanıyıram. Qəlbindəki, ruhundakı odun, alovun varlığına da şübhəm yoxdur. Hələ çox vaxt cəmiyyətin içərisindən keçib gələn soyuq küləklər məni üşüdəndə, o odun, alovun hənirinə, istisinə qızınmağım da var. Əyyub müəllim gözəl pedaqoq olmaqla yanaşı, həm də dəyərli bir ruh insanı, ovqat adamı, işıqlı bir ziyalımızdır. Onun bütün bu müsbət keyfiyyətlərilə fəxr etməyə dəyər. Ən başlıcası, Əyyub müəllim Qarabağ diyarının sayılıb-seçilən yaradıcı insanlarından biri kimi hər zaman diqqət mərkəzindədir. Teelviziya kanallarındakı, radio efirlərindəki Vətən mövzulu çıxışları, Azərbaycan mətbuatında yayımlanan sanballı məqalələri və poetik salnaməmizi zənginləşdirən bədii ədəbiyyat nümunələrilə könülləri oxşayır. Yaradıcı insanlara, tələbkar oxuculara bədii-estetik zövq aşılayır. Qarabağ həsrəti, Qarabağ yanğısı ilə neçə-neçə kitab yazıb- "Vətən kişiliyə çağırır bizi", "Qarabağ, dərdinə qurban olum mən", "Vətən yaraları, Vətən harayı", "Erməni vəhşilikləri", "Ömrə nur saçan insanlar", "Dərdimin üsyanı" və s. kitablarının hər biri Vətən eşqilə yazılmış əsərlərdir. Şairin ruhundan, canından qəlpə-qəlpə qopardığı söz və ifadələrin ruhundakı mənəvi enerji hər bir Azərbaycan övladını içindən silkələməyə qadirdir. "Yazıçı" jurnalının xüsusi buraxılışını vərəqləyərkən, nəvələrinin şairə ünvanladığı bir təbrik də diqqətimi çəkir. Təbrikdə şairin nəvələri Tərlan və Leyla babalarını poetik bir dillə iddiham edir.

Əyyub babam hər axşam,
Şuşadan söhbət salır.
Qarabağdan, Bakıdan,
Göyçədən ilham alır.

Deyirəm ki, ay baba,
Apar məni dağlara.
Həsrət qalıb gözlərim,
Yaylaqlara, bağlara.

Deyirəm ki, ay ata,
Gözləyir bizi Şuşa.
Mən nə qədər şəkilə,
Baxıb, edim tamaşa?

Üzü təbəssümlə dolu bu şirin balalara- şairin nəvələrinə baxdıqca, elə Əyyub müəllimin də uşaqlıq illərini gözüm önüdə canlandırmaq istəyirəm. Yadıma bir epizod düşür. Dünyanın düz vaxtı - Şuşalı, Laçınlı, Kəlbəcərli günlərdə Şuşanın bir məktəbində məclis qurulub. Uşaqlar Səməd Vurğunun "Vaqif" dramından bir tamaşa hazırlayıblar. Xanəndə rolunda da bax, indi 70-ni ötürüb 80-ə doğur qalxan pillələrə addım atan Əyyub özü oynayır. Qacar rolunda çıxış edən şagird deyir,

Deyirlər sızladır yeri,
Sizin Qarabağın xanəndələri...

Hünəriniz varsa, bir "Rast "oxuyun. Bax, onda balaca Əyyub qəlbləri titrədən bir "Rast" oxuyur.

Hər bağın, hər bağçanın
öz bülbülü-şeydası var.
Hər duyan qəlbin, əzizim,
gizli bir sevdası var.

...Dərdi- hicran günlərilə
ömrü odlardan keçər,
Hər könül bir karvandır ki,
bir susuz səhrası var.

Məncə, bu dəyərli epizod şairin ömür arxivini bəzəyən ən incə, ən kövrək məqamlardandır. Sonralar Əyyub müəllim orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil alır, Qarabağda adı dillərdə dolaşan savadlı, qabiliyyətli dil-ədəbiyyat müəllimi kimi şərəfli bir ad qazanır. Ömrünün 50 ilini müəllimliyə həsr etmiş şairin bu gün ən böyük dərdi Qarabağ, Vətən dərdidir. Yaşının müdriklik çağlarına şair bu dərdlə, bu ağrıyla gəlib. Amma kişi kimi gəlib. Əqidəsinə sadiq bir ziyalı olduğunu hər zaman təsdiqləyə bilib. Çox təəssüf ki, indi Əyyub Şırlanlı Qarabağsız, Şuşasız- adını götürüb özünə ad elədiyi Şırlansızdır. Dünyanın gözəllik möcüzələri, kimi bilmir ki, elə Əyyubun diyarında, onun doğulduğu torpaqdadır.
Vətəndən ayrılmağın dərdini də, bu dərdin ağırlığını da şairlər qədər heç kəs yaşaya bilməz demək istəyirəm.
Şeirlərinin birində o ağrını bəlkə də heç təsvir etmək fikrində olmayan şair istər-istəməz elə həmin mənzərənin fonunu yaradır.

Buynuzun daşlara sürtər dağ kəli,
İndicə sallanıb düzə gələcək.
Qıvrıla-qıvrıla axan Həkəri,
O leysan yağışdan bərk lillənəcək.

O dəyirman yeri, o ocaq yeri,
Hələ ki necə var, eləcə qalır,
Dünən əkdiyimiz körpə pöhrələr,
Dərədən zirvəyə qalxıb ucalır.

Allahdan ömür yox, imkan istədim,
Qayıdım dədəmin yurd-yuvasına.
Diz çöküb Tanrıdan güman istədim,
Millətim qayıtsın el-obasına...

Türk mətbuatında, türk ədəbiyyatında da şairin yaradıcılığı maraqla izlənir. Professor Babək Qurbanov onu "Vətəni ürəyində daşıyan şair" adlandıraraq yazır: "Gerçəkdən də, şairin şeirlərini oxuduqca, onun hər bir misrasında Vətən sevgisi, Vətən taleyi, Vətən yenilməzliyi, Vətən əbədiliyi, Vətən möhtəşəmliyi ideyasının ifadəsini görmək mümkündür. Şairin Vətəni Azərbaycana ithaf etdiyi onlarla şeirini örnək gətirmək olar. Fəqət, bu mövzunu qələmə alan şair dünyaya gəldiyi, boya-başa çatdığı Qarabağ məmləkətini də bir anlıq da olsa, unutmur. Qarabağa, onun qəlbi Şuşa şəhərinə onlarca şeir həsr edən şair bu bölgələri Azərbaycanın ayrılmaz parçası hesab edir. Gec-tez bu ərazilərin erməni işğalından qutulacağını əzmlə söyləyir və "İnanıram ki, Azərbaycan əsgəri bu gün, yarın zəfər marşı çalacaq- Qarabağın zirvəsində. Şuşa da, qoca Əyyub da rahat nəfəs alacaq" misralarını dilə gətirir.
Gəlin, bir zamanlar üzərində gəzdiyi torpağı artıq neçə illərdir qəlbində, ruhunda gəzdirən nisgilli, həsrətli, həm də ümid dolu bir şairimizə Qarabağlı, Vətənli günlər arzulayaq. Yaradıcılığına yurd vüsalı- Şuşaya, Laçına, Kəlbəcərə qovuşmaq səadəti diləyək.
...Çox vaxt mənə elə gəlir ki, bu dünyada təsadüflər yoxdu, yalnız zərurətlər var. Və mənim ölməz şair Səməd Vurğundan bu yazıma verdiyim başlıq da təsadüfi görünməməlidir. Əyyub Şırlanlı ilə Səməd Vurğunun qohumluğu var- ruh qohumluğu, yaddaş qohumluğu, gözəlliyi duymaq, qiymətləndirmək, yurdun hər parçasından, hər qayasından, durna gözlü bulağından, gözəlindən ilham almaq qohumluğu. Elə şairin bu misralarında olduğu kimi...

Elat gözəlləri çiynində səhəng,
Durna qatarı tək sıralanıbdır.
Dəstədən ayrılmış bir nazlı mələk,
Kimə söz verib ki, geri qalıbdır?!

Bir vaxtlar bu misraları ədəbi təhlilə çəkən müəllif qeydləri də bu yerdə könül oxşayandır. Maraqlıdı, şair bunu hardan seyr edirmiş? Bəlkə? Bəlkə! Bəlkə... Bəlkə o mələk elə şairin özünə dil veribmiş. Bu gün isə şairi yurda çəkən, onu doğma torpağa var gücüylə səsləyən bircə mələk, bircə yar var. O da torpaqdır- Şuşa torpağı...