adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Oktyabr 2018 15:49
5397
MƏMLƏKƏT
A- A+

"Avtomobillər şəxslərə deyil, dini icmalara verilir" - Mehman İsmayılov

"Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir. Bunu bilmək üçün ölkə Prezidentinin bu barədə sərəncamına baxmaq kifayətdir. Həmin sərəncamda göstərilir ki, Azərbaycanda dini icmaların maddi-texniki təhcizatının yaxşılaşdırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fonduna 400 min manat ayrılsın”.

Bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib. Onun sözlərinə görə, dini icmalar hüquqi şəxslərdir və hər bir icma ən azı 50 nəfəri özündə birləşdirir. Dini icmalar fəaliyyət göstərdikləri məscidlərə himayədarlıq edir, onlarla bağlı məsələləri tənzimləyirlər.

"Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Dini icmalar ayin və mərasimlərin təşkili, ibadət evinin fəaliyyətinin tənzimlənməsi, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olur. Bunlar isə heç də kiçik məsələlər deyil. Söhbət insanların, ümumilikdə cəmiyyətimizin dini, mənəvi tələbatının ödənilməsindən gedir. Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu baxımdan dini icmaların böyük əksəriyyətinin maddi-texniki təhcizatı yaxşı səviyyədə deyil. Dövlət başçısı bu reallıqları nəzərə alaraq belə sərəncam imzalayıb”.

Mehman İsmayılov əlavə edib ki, avtomobillərin hansı icmalara verilməsi Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra baş tutub: "Onu da deyim ki, dini icmalara avtomobillərin verilməsində bir neçə amil nəzərə alınıb. Məsələn, hər bir bölgədən daha çox ehtiyaclı olan, həmçinin aktivliyi ilə seçilən dini icmalar əsas götürülüb. İlkin mərhələdə 14 avtomobil verilmiş dini icmaların siyahısına baxmaq bu reallığı görmək üçün kifayətdir. Onu da qeyd edim ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, hal-hazırda 14 dini icmaya avtomobillər verilib:

1.Sabunçu rayonu Nardaran qəsəbəsi "Rəhimə Xanım Ziyaratgahı” məscidi
dini icması
2.Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması
3. Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması
4.Balakən şəhəri "Mərkəzi Cümə” məscidi dini icması
5. Tərtər rayonu "Cümə” məscidi dini icması
6. Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması
7. Şuşa şəhəri "Gövgər Ağa Cümə” məscidi
8.Biləsuvar şəhəri "Cümə” məscidi dini icması
9.Neftçala şəhəri "Sahib Əzzaman” məscidi dini icması
10. Şəki şəhəri "Ömər Əfəndi” məscidi dini icması
11. Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icması
12. Sabirabad şəhəri "Heydər” məscidi dini icması
13. Gədəbəy şəhəri "Cümə” məscidi dini icması
14. Qazax şəhəri "Cümə” məscidi dini icması