adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Oktyabr 2018 14:32
10336
SİYASƏT
A- A+

İSRAİL-RUSİYA SOYUQ MÜHARİBƏ DAVAM EDİR

Suriya hava məkanında içərisində 15 rus hərbçisi olan Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin vurulmasından üç həftə vaxt ötür . Bu təyyarənin vurulmasında Kreml İsrailin hərbi hava qüvvələrini günahlandırır. Ona görə də Suriyanın hava məkanının daha da effektli qorunması üçün bu ölkəyə S-300 zenit raket kompleksləri göndərilib.

Amma İsrail ABŞ-ın da dəstəyi ilə regionda «sərbəst hərəkət etmək» istəklərindən əl çəkmək istəmir. Ona görə də ABŞ-dan beşinci nəsil ən yeni F-35 qırıcı təyyarələri almaqda davam edir. Artıq məhz İsrail üçün hazırlanmış 12 ədəd F-35 İ qırıcı təyyarələri bu ölkəyə gətirilib. İlin axırına kimi daha üç təyyarənin gətiriləcəyi gözlənilir. İsrail tərəfi düşünür ki, yeni nəsil qırıcılar «gözəgörünməz» olduğu üçün S-300 kompleksləri tərəfindən müəyyən edilə bilməz.

Rusiya hərbi ekspertlərindən sayılan Yuri Lyamin bildirir ki, «əvvəla, S-300 zenit raketləri F-35 qırıcıları ilə hər hansı bir döyüşdə qarşılaşmayıb. Ona görə də kimsə real bir fikir söyləyə bilməz. İkincisi, S-300 kmpleksləri onların düşündükləri kimi yerində saymır, getdikcə tələblərə uyğun olaraq modernləşdirilir və hazırda Rusiya hava hücumundan müdafiə sistemində əsas yerlərdən birini tutur. Üçüncüsü isə, S-300 kompleksləri təklikdə döyüşə atılmır. Ən müasir tələblərə cavab verən insanların idarə etdikləri hava hücumundan müdafiə sistemləri ilə birgə çalışır». «Təbii ki, Suriyaya göndərilən 4 ədəd S-300 zenit-raket kompleksləri yalnız Suriya səmasının müəyyən bir hissəsinə nəzarət edəcək. İsrailin bu maneəni keçmək imkanları o qədər də azalmır. Amma İsrail pilotlarının itkilər vermək riski də unudulmamalıdır»- deyə Lyamin qeyd edib.

Rusiya HHM muzeyinin direktoru Yuri Knutov isə bildirir ki, «S-300 kompleksləri 1978-ci ildən Müdafiə Nazirliyinin sərəncamına verilib. Təbii ki, bu müddət ərzində həm ABŞ, həm də İsrail tərəfindən bu sistemlərin iş prinsipləri araşdırılması nəzərə alınaraq onların modifikasiyasında da lazımi dəyişikliklər aparılıb və hazırki komplekslər əvvəlkilərdən çox fərqlənir. Biz prinsipcə yeni texnikadan bəhs edirik».

Knutovun fikrincə, «Pentaqon boş yerə F-35-ləri əlavə sınaqlardan keçirilməsi barədə qərar qəbul etməyib. Çünki onlar özlər də öz dediklərinə inanmırlar».

Çoxları düşünür ki, Suriyanın hava məkanının qorunması suriyalı hərbçilərin S-300 komplekslərinin idarə edilməsi hazırlıqlarından da asılı olacaq. Lakin unudurlar ki, hazırda Suriyanın hava məkanı məhz Rusiyanın hərbi mütəxəssisləri tərəfindən mühafizə olunur.

Bütün deyilənlərə baxmayaraq, İsrail hökuməti Suriyaya S-300 raketlərinin göndərilməsindən narahatlıqlarını gizlətmirlər. İndi bu ölkədə onları narahat edən bazaları bombalamaq üçün yeni variantlar axtarmalıdırlar. O vaxta qədər isə İsrailin HHQ-i Suriyanın hava məkanından kənarda əməliyyatlar keçirmək məcburiyyətindədirlər.

Rüstəm HACIYEV