adalet.az header logo
  • Bakı 12°C
11 Oktyabr 2018 12:41
14415
ƏDƏBİYYAT
A- A+

Adsız yazı

Oktyabrın 14-də görkəmli Azərbaycan şairi Məmməd Arazın anadan olmasının 85 illik yubileyidir.

Yəqin ki, yazının sərlövhəsiz olduğunu çoxları başa düşər... Daha doğrusu, yazıya bəndənizin sərlövhə tapa bilməməsini... Məsələ belədir ki, dahi şairimiz Məmməd Araz haqqında dahilərin onlarla, yüzlərlə məqalələri var və hər məqalənin də Məmməd Araza layiq sərlövhəsi. Bəndəniz də LAYIQ bir sərlövhə tapmaqda aciz qalacağını bildiyi uçün, elə əvvəlcədən yazıya sərlövhəsiz başlamağı qərara aldı...

Azərbaycanımızın dahi şairləri dedikdə, Vətənimizin ağrı-acılarını ürəyində daşıyan poeziya vurğunlarının gözü önünə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cabir Novruz və onlarla, yüzlərlə qəlbi Azərbaycanla döyünmüş şairlər gəlir...

Bizim isə, yəni bəndəniz kimi ədəbiyyat sahəsindən uzaq, qeyri-peşəkar jurnalist adlanan və sadəcə bir qəzetçi olanların öhdəsinə yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz dahilərimizi tez-tez yad etmək, onların ruhu qarşısında baş əymək düşür.

Bu yazını da mən xalqımızın bu il anadan olmasının 85-ci ildönümünü qeyd etdiyi dahi şairimiz Məmməd Araza həsr etmək istəyirəm.

Məmməd Arazın adı çəkiləndə şəxsən mənim beynimdə çağlayıb daşan, Vətənimizi iki yerə bölən və bu bölgüdə elə bil ki, özünü günahkar sayan təlatümlü ulu Arazın hayqırtısı, sonra isə dahi şairin heç də Arazın hayqırtısından geri qalmayan, insanı düşünməyə və düşündükcə çəkdiyimiz müsibətlərin səbəbini və həmin müsibətlərə necə son qoymağın yollarını axtarmağa sövq edən əsərləri bir fırtına qoparır...

Yazıya başlamazdan əvvəl Məmməd Araz haqqında tanınmış şəxsiyyətlərin yazdıqları ilə tanış olmağı və onların dəyərli fikirlərindən istifadə etməyi qərara aldım. Və internetdə birinci rastıma çıxan iki yazının ikisi də həmyerlimiz, Məmməd Arazın yaxın dostu Bəxtiyar Vahabzadənin oldu. Bunlardan birincisi 2001-ci ildə dahinin dahiyə ünvanlandığı və böyük hərflərlə yazılmış "ƏZIZIM MƏMMƏD ARAZ!" sözləri ilə başlayan məktub idi ki, onu olduğu kimi dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm:

"ƏZIZIM MƏMMƏD ARAZ!

12 oktyabr (2001) tarixli "Ədəbiyyat qəzeti"ndə bir silsilə yeni şerlərini oxudum. Şükürlər olsun ki, Allahın sənə bəxş etdiyi böyük istedad zamanın sənə nəsib etdiyi xəstəliyin kürəyini yerə vurur və sən 20-30 il əvvəlki qüdrətlə yaradıcılığını davam etdirirsən. Bir də məni sevindirən odur ki, həmişəki kimi bu gün də bizim mübarizə hədəfimiz əksər hallarda üst-üstə düşür.

Oxuduğum bu şerləri mən məhz bu günün təzahürü, bu günün sözü adlandırardım.

Beləcə qulaqlar doldu yalanla;

Yerini dəyişdi satan alanla,

Yerini dəyişdi alan satanla.

... Ağızdan, kağızdan göyərir yalan;

... Daha öz-özünə hönkürür yalan.

Kimdi yalanı əkib-biçənlər?

Dərin müşahidədən doğan bu şeirlər bizi özümüz və içində yaşadığımız mühit haqqında düşünməyə, həm də dərindən düşünməyə vadar edir. Nədir şahidi olduğumuz bu təzadlar? Və biz bu təzadlar içində hara gedirik? Hər bir namuslu adam indi bu haqda düşünür.


Əziz dost, sən ədəbiyyata gəldiyin gündən mən səni sevmiş və həmişə izləmişəm. Bu müddət ərzində sən özün açdığın öz yolunla getmiş, tutuquşu kimi ağızdan söz qapmamış, yalnız öz ürəyinin sözünü demisən. Odur ki, "Avtobioqrafiyama əlavə" şeri sənin öz həqiqi xarakterinin bir mühüm cizgisini təsdiq edir:

Xəyanət nə, badalaq nə - tanımadım,

Qibtələr nə, həsədlər nə - uzaq, uzaq.

Paxır nədi, paxıllar nə - heç görmədim -

Və bunların hamısına qoşul deyən

Təriflərə yem olmadım.

Haqlısan, əziz dost! Elə buna görə də biz səni çox sevirik!

Bəxtiyar Vahabzadə”

Bəli! Həqiqətən biz Məmməd Arazı sevirik! Məmməd Arazın vaxtında və qorxu hiss etmədən yazdığı şeirləri sevirik!

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul oğulların!

"Ayağa dur, Azərbaycan" şeirini hər dəfə oxuduqca, insanın beynindən an-caq bir fikir keçir - Vətənimizi ikiyə bölən, müqəddəs torpaqarımızı zəbt edən düşmənin layiqli cavabını verib, onu öz yerinə oturtmaq və ədaləti boğmağa, xalqın hüquqlarını tapdalayıb, cibinə girənlərin cəzasını vermək!

Bəxtiyar Vahabzadənin Məmməd Araz haqqında 1982-ci ildə yazdığı və təsadüfən tapdığım "Bir qəlbin yükünü qatara yığsan" adlı ikinci məqaləsi belə başlayır: "Məmməd Arazın yenicə çapdan çıxan kitabının cildi üstdə yalnız müəllifin adı var, kitabın adı yoxdur. Əvvəl təəccübləndim, sonra xoşuma gəldi. Birinci ona görə xoşuma gəldi ki, bizim klassik şairlərimizin də kitabları hamısı eyni adla adlanmış: Divan. Həm də şerlərə ad verilməmiş, hamısı qəzəl, qəsidə, yaxud da qoşma adlanmışdır. Lakin xoşuma gələn cəhət ayrıdır. M.Araz öz sifəti, öz görüşü, öz mövzuları, öz yazı manerası olan şairdir. Onun imzası elə kitablarının adı olmağa layiqdir.

Şairin imzası özü haqqında danışır. "M.Arazın filan qəzetdə yeni şeri çap olunub"- deyilən zaman bilirik ki, o nə deyə bilər, özü də necə deyə bilər. Çünki şairin özü də "Məni şerimdə gəz" - deyə öz könül dünyasına daxil olmaq üçün oxucusunun əlinə açar verir.

Onda Vətən sanar məni

bir balaca vətən daşı.

Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı!

Bu beyt şairin ötdüyü bütün nəğmələrin nəqaratıdır.

M.Araz nədən yazır yazsın - istər təbiət, istər insan gözəlliyindən, istər xalqımızın qazandığı uğurlardan və istərsə də xarici ölkə səyahətindən, onun gəldiyi nəticə budur: Vətənə xidmət eşqi ilə yaşamayandan vətən üçün vətəndaş ola bilməz.

Şair xalqımızın ən qədim dövrlərindən tutmuş bu günə qədərki həyatını yalnız bu baxımdan süzgəcdən keçirir, Vətənə xidmət eşqini təqdir edir, bu eşqdən kənar hadisə və əməlləri qəzəblə qamçılayır. Buna görə də, şairin sevgisi qədər nifrəti də dərin və barışmazdır."

Bunları oxuduqca, həqiqətən belə qənaətə gəlirik ki, dahi haqqında ancaq dahi düzgün fikir söyləyə və layiqli qiymət verə bilər. Odur ki, qəzetin imkanlarını və yubilyar haqqında əlavə nəsə deməyin məsuliyyətini dərk edib, bir neçə cümlə ilə məqaləni bitirmək istəyirəm.

Məmməd Araz haqqında danışanda, onun nəğməyə dönüb hamımızın dilində əzbər olmuş, insanı kövrəltməklə yanaşı, həm də özündən daim hesabat tələb etməyə vadar edən, pis əməllərdən çəkindirib, bu dünyada ancaq yaxşılıq etməyə sövq edən bu misralarını xatırlamamaq qeyri-mümkündür:

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Bəli, söhbət "Dünya sənin, dünya mənim..." şeirindən gedir. Şair dünyanın əbədi və heç kimə məxsus, həm də tabe olmadığını çox incə vurğulayaraq, məxluqata bir ismarıc verir ki, onsuz da əbədiyə qəh-qəh çəkən dünyada sən müvəqqəti bir varlıqsan:

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...


Murad NƏBIBƏYOV,

"Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru