adalet.az header logo
  • Bakı 11°C

Xalid KAZIMLI: Xətai, Çörçill, Rəşidov, Lyosa - onları birləşdirən dəyər

XALİD KAZIMLI
27517 | 2018-10-12 09:19

Keçmişdə padşahların, sultanların çoxu şeir yazarmış. Şeir yazmaq, indiki kimi, zəiflik, psixi qəribəlik əlaməti sayılmırmış, yüksək intellektdən, ali zövqdən xəbər verirmiş.

Məsələn, Səfəvi hökmdarı Şah İsmayıl Xətai dövlət başçılığı və sərkərdəliyi ilə yanaşı, şairliyi ilə də məşhurdur.

Osmanlı imperatoru Sultan Süleyman Qanuninin yaxşı şeirləri qalıb. Eləcə də digər sultanların.

Çağımızda yaşayan bir çox siyasətçilərin ədəbiyyata marağı, diqqəti həvəskar səviyyədən qat-qat yuxarıda olub.

Türkiyənin ən yaxşı baş nazirlərindən biri olan Bülent Ecevetin elə gözəl şeirləri var ki, əgər o, siyasətə meyllənməsəydi, bu sahədə uğurlar qazanmasaydı və poeziyanın dalınca getsəydi, bu gün adı Cemal Süreyya, Özdəmir Asəf kimi böyük şairlərin adıyla yanaşı çəkilərdi.

20-ci əsrin siyasət dühası, ingiltərəli siyasətçi Uinston Çörçill Nobel mükafatını məhz ədəbiyyata verdiyi töhfəyə, yazdığı memuarlara görə alıb.

Sovet dövründə də bir çox tanınmış siyasətçilər həm də ədəbiyyat adamları idilər.

Özbəkistanın rəhbəri Şərəf Rəşidov tanınmış və çoxlu bədii əsərlər çap etdirmiş yazıçıydı.

Sovet dövründə bir dönəm Azərbaycan SSR Ali Sovetinin sədri şair Süleyman Rüstəm, Ali Sovetin Rəyasət Heyətinin sədri isə yazıçı Mirzə İbrahimov idi.

Yazıçı-dramaturq Şıxəli Qurbanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə katibi vəzifəsinə yüksəlmiş, respublikada sözü, iradəsi keçən üç adamdan birinə çevrilmişdi.

Axtarıb-araşdırıb bu kimi misalları çox gətirmək olar.

Söhbət ondan gedir ki, yaradıcı ziyalıların yeri həmişə başdan olub, xalq, millət həmişə şairlərə, yazıçılara böyük hörmət qoyub, onları millətin ağsaqqalı sayıb.

Ədəbiyyata siyasətin əlavəsi kimi baxan, onu ideoloji silah sayan sovet rejimi ilə yanaşı bir çox ölkələrdə də dövlət başçıları məşhur yazıçılara, şairlərə daima böyük rəğbətlə yanaşıblar.

Məsələn, qonşu İranda həm Məhəmmədrza şah Pəhləvi, həm də onu devirən ayətullah Xomeyni ustad Şəhriyara böyük hörmət qoyur, onun audensiyasında olmaq üçün saraylarından çıxıb şairin yanına gəlirdilər.

9-10 il öncə Peruda yazıçı və prezident arasındakı münasibətə dair iki ibrətamiz və maraqlı hadisə olub.

Birinci beləydi: prezident Alan Qarsia xalqın güzəranını çətinləşdirən fərmanı imzaladıqdan bir gün sonra yazıçı Mario Varqas Lyosa onu tənqid etmiş, fərmanını ləğv etməsini istəmişdi. Prezident Qarsia dərhal yazıçının sözünü nəzərə alaraq, fərmanını ləğv eləmişdi.

İkinci hadisədə isə məhz həmin yazıçının iradəsi ölkənin növbəti prezidentinin kimliyini həll edib. Lyosa Peruda böyük səs fərqi ilə seçkilərin ikinci turuna adlamış Keyko Fuximoriyə qarşı çıxıb, deyib ki, bu, Peru xalqına uzun illər zülm edən sabiq diktator Alberto Fuximorinin qızıdır və atasının komandası onu hakimiyyətə gətirərək yenidən Perunu despotizm yuvasına çevirmək istəyir.

Xalq öz yazıçısının sözünə qulaq asaraq ikinci turda xanım Fuximorinin rəqibi Kuçinskiyə səs verib. Onların arasında 0,25 faizlik səs fərqi olub. Əgər yazıçı seçkiyə müdaxilə etməsə, bitərəf qalsa, ölkə yenidən Fuximori klanının cənginə keçəcəkdi.

İndi bizdə gənc ədəbiyyat adamları "Hər yer ədəbiyyat” deyə bir kampaniya başlayıblar. Çoxları çox söz deyə bilər. Kampaniyaya qoşulmayanlar, ona qarşı çıxanlar, kampaniyanı, eləcə də ədəbiyyatı gözdən salmaq istəyənlər var, yenə də olacaqlar.

Ancaq gənc yazarlar nə deyir ki? Onlar deyir ki, insanlar kitab oxusun, maariflənsinlər, savadlı olsunlar, cahillik baş alıb getməsin.

Təcrübə göstərir ki, hansı ölkədə kitab az oxunursa, ədəbiyyata maraq azdırsa, orada cəhalət və xurafat tüğyan edir, gənclərin doğru yoldan sapması yayğınlaşır, mənəvi deqradasiya milli mövcudluğu təhdid edəcək həddə çatır və sair və ilaxır.

Gerçəkdən də hər yer ədəbiyyatdır, hər şey ədəbiyyatdır. Sabah salamlaşmasından gecə sağollaşmasına qədər hər şey. Özümüzü küçədə aparmağımız, tənhalıqdakı düşüncələrimiz, sosial şəbəkədəki yazışmalarımız, bir-birimizlə dialoqlarımız, bütün həyatımız ədəbiyyata daxildir.

Oxumaqdan, maariflənməkdən, savadlı, dünyagörüşlü, incə zövqlü olmaqdan heç kəsə ziyan gəlməyib, gəlməz də.

Unutmayaq ki, "ədəbiyyat” sözünün kökü "ədəb”dir...

TƏQVİM / ARXİV