adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Oktyabr 2018 22:40
13818
ƏDƏBİYYAT
A- A+

ŞUKŞİN VASİLİ MAKAROVİÇ

Onun geniş əhatəsi, hərtərəfli yaradıcılıq istedadını diqqətlə izləsək, cəsarətlə deyə bilərik ki, Vasili Şukşin müasir ədəbiyyat və kinosənətində unikal və təkrarolunmaz fərddir. O, yazıçı və ssenarist olmaqla bərabər, həm də çox sevilən aktyor və rejissordur.
Vasili Makaroviç Şukşin 1929-cu ildə Altay diyarının Srotski kəndində anadan olub. On beş yaşından kolxozda işləməyə başlayıb, sonra tikintidə çalışıb. Hərbi dəniz donanmasında qulluq edib. Qayıtdıqdan sonra orta məktəbdə müəllim və direktor işləyib. Rayon partiya komitəsində təlimatçı olub. 1960-cı ildə Ümumittifaq dövlət kinomatoqrafiya institutunu (M.İ.Rommun sinfini) bitirib. SSRİ Lenin və Dövlət mükafatları laureatıdır. RSFSR-in Vasilyev qardaşları adına mükafatını alıb.
Cəmi 45 il ömür yaşamış bu yaradıcı insanın əmək bioqrafiyaına baxsaq, görərik ki, rejissor Şukşin yazıçı Şukşinin ssenariləri əsasında vaxtilə çox populyar, indi də həvəslə baxılan "Qəribə adamlar", "Belə cavan oğlan var", "Sizin oğul və qardaşınız", "Qırmızı çiçək", "Şübhəli iş" bədii filmləri ekranlaşdırıb. Oynadığı ciddi və tragikomik rollara gəlincə o, həmişə gözəl aktyorluq ifası ilə tamaşaçı qəlbinə yol tapa bilirdi.
Vasili Şukşin bir yazıçı kimi də bütün janrlarda çıxış edərək özünü bacarıqlı qələm sahibi olduğunu təsdiq edib. O, "Lyubavinlər" və "Sizə azadlıq verməyə gəlmişəm" romanlarını, "Uzaq məkanda", "Qırmızı çiçək", "Xoruzlar banlayanda" povestlərini, "İşgüzar adamlar" pyesini və müxtəlif adda çoxsaylı hekayələr toplusunun müəllifidir. V.Şukşinin hekayələrini oxuyanda sanki çəkilmiş kinolentə baxırsan, özünü yazıçının təsvir etdiyi həyat axınında və qəhrəmanların arasında hiss edirsən. Personajların danışıq intonasiyaları və jestləri olduqca təbii və indandırıcı yazılıb.
Altımışıncı illərin əvvəlində ədəbiyyata gələn Şukşin təkcə özünəməxsus müəllif dəsti-xətti olması ilə deyil, hər şeydən əvvəl böyük şəhərlərdən uzaqda yerləşən təzəcə kəşf edilmiş, o vaxta kimi demək olar, ədəbiyyatda axıra kimi öyrənilməmiş zəhmətkeş insanların həyatını təsvir etməklə özünü tanıtdıra bilmişdi. Şukşin kənddə böyümüş şəxs kimi kəndin adət və ənənələrini, sadə danışıq dilini yaxşı bildiyi üçün hekayələrində qəhrəmanların dialoqunu lakonik müəllif sözü ilə birləşdirməyi bacarırdı.
Təsadüfi deyil ki, Şukşin hekayələrinin qəhrəmanları kənd poçtalyonları, kinomexanikləri, sürücüləri, traktorçuları, xarratları və digər sadə peşə adamları ixtisaslarının xüsusiyyətlərindən asılı olaraq daim şəhər mədəniyyətinin təsirinə ehtiyac duyurlar.
Tələbə ikən o, "İki Fyodor" (1959) filmində böyük Fyodorun roluna çəkilib. "Lebyajadan məlumat var" diplom filminin ssenaristi, rejissoru və baş rolun ifaçısı olub. Şukşinin rejissor kimi debüt işi "Belə cavan oğlan var" ekran əsəri (1964) iki mükafata layiq görülüb. Ümumittifaq kinofestivalının və Venetsiyada keçirilən Beynəlxalq uşaq və gənclər kinofestivalının baş mükafatını qazanan film kino tənqidçilərinin və tamaşaçılarının diqqətini özünün yumoru, təzə üsulu və qəhrəmanın obrazını oynayan zarafatçıl sürücü Paşka Kolokolnikov (aktyor Leonid Kuravlyov) rejissorun ilk uğurlu işi kimi qiymətləndirilmişdi.
B.Şukşinin yaradıcılıq fəaliyyətində mövzu və obraz seçimi, xarakterlərin müxtəlifliyi və məişət səhnələrinin dəqiq təsviri, personajların danışıq tərzi xalq arasından çıxmış təmiz qəlbli, sadə, xeyirxah, zəhmətkeş adamların simasında həyatda olduğu kimi verilib.
"Sizin oğul və qardaşınız" (1966, RSFSR Dövlət mükafatı), "Qəribə adamlar" (1970), "Şübhəli iş" (1972) filmlərində Şukşin özünü kamil sənətkar kimi yetişməsini təsdiq edə bilmişdi. O, müasir rus kənd və şəhərində çətin şəraitdə baş verən ictimai proseslərin sosioloji və psixoloji analizini verməklə istedadlı kino xadimi olmasını sübut etmişdi.
Vasili Şukşinin kinodramaturgiyası onun nəsr əsərləri ilə sıx bağlıdır. Hekayənin personajları ssenarilərə keçirdi. Yazıçı xalq danışıq dilini qorumaq şərtilə materialda olduğu kimi obrazların xarakter və psixologiyasını öz çərçivəsində saxlamağı bacarırdı. Şukşinə mənsub olduğu üslub sadəlik, aydınlıq, təsvir vasitələrinin demokratizmi, təbiət lövhələrinin rənagarəngliyi ilə uyğunlaşdırılması, kadrların yerli-yerində montaj olması bütün bunlar rejissorun ustad sənətkar olmasını sübut edir.
Aktyor Şukşin 20-dən artıq filmə çəkilib. O, xalq arasından çıxmış tipaj obrazlardan başlayaraq, dolğun ekran portretlərinə kimi uzun yol keçib. Onun yaratdığı obrazlar qalereyasında səhra sürücüsü Stepan ("Alyonka" 1962), kombinat direktoru Çernıx ("Göl sahilində", 1970, SSRİ Dövlət mükafatı, 1971), kəndli İvan Rastorquyev ("Şübhəli iş"), marşal Konev ("Azadlıq", 1970-72), əsgər Lopaxin ("Onlar vətən uğurunda vuruşublar", 1975) və Yeqor Prokudin "Qırmızı çiçək", (1974, Ümumittifaq kinofestivalının baş mükafatı) və digər kinofilmlərdə müxtəlif rollar oynayıb. Şukşin aktyorluq məharətini nümayiş etdirməklə bərabər, o, sənətdə tutduğu vətəndaşlıq mövqeyini, mənəvi borcunu sübuta yetirib.
"Qırmızı çiçək" kinopovestində Şukşin ilk dəfə qəhrəmanın mənəvi və cismani faciəsini göstərib. Rejissoru olduğu həmin ekran əsərində o, xanımı Lidiya Fedoseyeva - Şukşina ilə bərabər baş rollara çəkiliblər. Yeqor Prokudinin hansı şəraitdə çinayətkarların dairəsinə düşməsini bilmək olmur. Povest "Qore" ləqəbli cinayətkarın həbsdən qayıtması ilə başlayır. Oğruların dairəsindən azadlığa çıxan, taleyi sınmış, mənəviyyatı ləkələnmiş, artıq cavanlıq yaşını da keçmiş insanın halal kəndli əməyinə qayıtmasının şahidi oluruq. "Qırmızı çiçək" kinopovestində biz Şukşinin qəhrəmanını zəhmətkeş adamların əhatəsində mənəvi cəhətdən paklaşmasını görürük. Belə yerdə işləyən insanların əxlaqı saflığını, onların qarşılıqlı dostluğunu, xeyirxahlığını və etibarını cəmiyyətdə normal vəziyyət kimi qəbul edirik.
Povestdə və kinofilmdə qəhrəmanın törətdiyi ağır cinayəti etiraf etməsi və keçirdiyi mənəvi sarsıntı arasındakı konfliktin gərginliyi onun faciəsi ilə qurtarır. Həbsxana "dostları" onu aradan götürürlər.
Sonda, demək lazımdır ki, başqa rejissorlar da universal istedada malik olan Vasili Şukşinin ssenariləri əsasında bir neçə bədii film çəkməyə nail olublar: "Əsgər cəbhədən qayıdıb" (1972), "Həmyerlilər" (1975), "Uzaq, işıqlı sabaha çağır məni" (1978, ölümündən sonra Lenin mükafatı alıb). Sovet dövrünün kino sənətində və ədəbiyyat tarixində dərin iz qoymuş işıqlı ziyalı Vasili Makaroviç Şukşin 1974-cü ildə dünyanısı dəyişib.