adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Oktyabr 2018 22:37
11787
ƏDƏBİYYAT
A- A+

Azərbaycan bayrağı



Zaur İlhamoğlu

Qan qoxulu o illərin hər dəhşətli anıyla,
Neçə-neçə məzlumların sipər olan canıyla,
Saya gəlməz şəhidlərin töküldüyü qanıyla,
Qazandığım hürriyətim - Azərbaycan bayrağı!
Mübarizəm, şücaətim - Azərbaycan bayrağı!

Gəzib dolan bu dünyanı bayraq macərasında
Varmı belə gözəl bayraq bayraqlar arasında?
Millətimin bir millət tək millətlər sırasında
Varlığıma zəmanətim - Azərbaycan bayrağı!
Mən olmağım, şəxsiyyətim - Azərbaycan bayrağı!

Səma rəngim - Türk olmağım, Türklüyümdən var nişan,
Qırmızı rəng - mən azadam, qul olmaram heç zaman.
Yaşıl rəngim - dinim İslam, Allahım - tək Yaradan.
Hər rəngim bir əlamətim - Azərbaycan bayrağı!
Adım-sanım, şan-şöhrətim - Azərbaycan bayrağı!

Sənə olan bu sevgimin ölçüsü yox bəşərdə,
Səndən ötrü düşsəm, xoşdur min bəlaya, min dərdə.
Təki dalğalansın mənim bayrağım zirvələrdə,
Sarsılmayan məhəbbətim - Azərbaycan bayrağı!
Öz eşqimə sədaqətim - Azərbaycan bayrağı!

Mən bu yurdun övladıyam, bircə arzum var mənim:
Şəhid olum bayraq üstə, bayraq olsun kəfənim!
Nə qədər ki, bayrağım var, var olacaq Vətənim.
Dağ vüqarım, şax qamətim - Azərbaycan bayrağı!
Qürur yerim, fəxarətim - Azərbaycan bayrağı!
Olmadı

Nəyinə güvənim mən bu dövranın?
Axı istədiyim dövran olmadı.
Min rəngə bəzəmək istədim onu,
Sonda bir rəng oldu, əlvan olmadı.

Çox oldu çətində, darda qaldığım.
Bir xəbər almadı xəbər aldıgım.
Xəstə günlərində dərman olduğum
Mən xəstə düşəndə dərman olmadı.

Adın dindar qoyub mey içən gördüm.
Yaxşını yamana diz çökən gördüm.
Kimi ki vicdandan dərs keçən gördüm.
Özündə heç namus, vicdan olmadı.

Kimə yaxşı dedim, sonu oldu pis,
Düzgün gördüklərim sonunda naqis,
Mələk bildiklərim iblismiş, iblis!
İnsan sandıqlarım insan olmadı.

Nə var ki

Ağılnan düşünüb danışmaq gərək,
Söz ağlın quludur, sözə nə var ki.
Üzə vurulan söz ürəyə dəyər,
Ürək sızıldayar, üzə nə var ki.

Od necə yetişir, ocaq nə bilir,
Kökün çəkdiyini budaq nə bilir,
Yolun ağrısını ayaq nə bilir,
Üstündən salırsan, izə nə var ki.

Sağın xeyirxahlıq, solun fitnədir,
"Hər şey" dediyinin sonu "heç nə"dir.
Bu günün təzəsi sabah köhnədir,
Dünya yaranandan təzə nə var ki.

Küldə eşələnmə, köz ola bilər,
Sirr vermə, dillərdə söz ola bilər.
Dağ boyda insanlar toz ola bilər,
Daşı da sındırır, gözə nə var ki.
Nəsə söz deyəndə səbrlə döz, de.
Sonranı fikirləş, saxlayıb üz, de.
Özündən böyüyə "sən" demə, "siz" de.
O da üç hərfdir, "siz"ə nə var ki.

Hər dərdə, əzaba dözmək çətindir,
Çətinlik nədədir, çözmək çətindir.
Zirvədə dolanıb gəzmək çətindir,
Gəzərsən, təpəyə, düzə nə var kig

Külümün altında

Bir vücudda yarandım mən,
İçim çölümün altında.
Tanrı başımın üstündə,
Dünya əlimin altında.

Yaşamağım çılğın istək,
Budur vazkeçilməz məslək.
Günlərim yeraltı çaytək
Axar ilimin altında.

Hər atəşə gərim sinə,
Yandırsınlar dönə-dönə,
Kül olsam da, közüm yenə
Qalar külümün altında.

Nə gördümsə gözlərimlə,
Seçdim əyri,düzlərimlə.
Məzarımı sözlərimlə
Qazdım dilimin altında.

Könlüm

Fələyin köksümə vurduqlarından
Bir gündə min dəfə yarılan könlüm.
Yenə də sən mənə dönük çıxmadın,
Yenidən köksümə sarılan könlüm.

Saf oldun, hər kəsə inandın belə,
Həm alışdın belə, həm yandın belə.
De, sən nədən həssas yarandın belə,
Adicə bir sözdən qırılan, könlüm?
Nə olar dayanma gəl pərişantək,
Sən ki çırpınardın dəli tufantək.
İndi inləyirsən qəmli kamantək
Nisgilli kök üstə qurulan könlum.

Dünənim qəm oldu, bu günüm kədər,
Sabah yaxşı olar, ya bundan betər.
Dincəlmək istərəm, yoruldum...Yetər!
Sən də dincəl biraz yorulan könlüm.

Yaşamaq

Bir dəfə gəlirik bu dünyaya biz,
Ömrün başlanğıcı-gəldiyimiz gün.
Kimə uzun olan, kiminə qısa,
Bir ömür verilir yaşamaq üçün.

Hər kəsin öz ömrü, yaşam dünyası,
Həyatı özüyçün düşünən də var.
Yaşayıb kimisə yaşatmaq üçün
Ürəyi köksündə döyünən də var.

Özüyçün yaşamaq, ömür eləmək,
Sadəcə boş ömrün, boş zamanındır.
Həyat özü üçün yaşayanın yox,
Həyat yaşayaraq yaşadanındır.

Eybi yox, ömür sür bənövşə kimi,
Ətrin ruh oxşasın yaşasan da az.
Yoxsa ki ətirsiz, gərəksiz kimi
Qanqal ömrü sürmək ömür sayılmaz.

Bir gün "nə etmisən?" deyə vicdanın
Sənə sual edib, hesab çəkəcək.
Bax onda sürdüyün mənasız ömrün
Vicdan qarşısında əzab çəkəcək.

Xoşbəxt o kəsdir ki, ömür yükünü
Sonadək fəxrlə daşıya bilir.
Xoşbəxt o kəsdir ki, öləndən sonra
Çoxunun qəlbində yaşaya bilir.

Bədbəxtlik o deyil, hansısa yaşda
Əcəl tamam ola, ömür qalmaya.
Bədbəxtlik odur ki, qəbrinin üstə
Səni yad edəsi adam olmaya.