adalet.az header logo
  • Bakı 19°C
10 Oktyabr 2018 22:19
14531
ƏDƏBİYYAT
A- A+

VAY O ADAMIN HALINA Kİ, MÜSİBƏTLƏR ONUN VASİTƏSİLƏ GƏLİR

İman və qanun barədə dini-fəlsəfi düşüncələr
İmanın lüğəti mənası bir şeyə tərəddüdsüz inanıb, qəti şəkildə daxilən ona bağlanmaqdır. Onun dini anlamı isə Allahın varlığı və birliyinə şübhə etmədən inanıb, həz. Məhəmmədin peyğəmbər olduğunu və onun bizə bildirdiyi bütün şeylərin haqq və doğruluğunu tərəddüd etmədən qəbul və təsdiq etməkdir. Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə, axirətə və qədərə inanmaq imanın əsaslarıdır.
İman qəlb və vicdanı riqqətə gətirən bir Allah lütfüdür. İman qəlbin canı, ibadət onun damarlarından axan qan, təfəkkür isə varlığının əsasıdır. Etiqad və iman məsələlərində tərəddüd edən bəndə məhz təfəkkür vasitəsilə ona təqdim edilən etiqadı dərk edir və sonra da ruhunu oxşayan dini seçir. Elə o səbəbdən, "dində məcburiyyət yoxdur" Quran ayəsi təfəkkürsüz bəndələr üçün deyil, kamil insanlar üçündür. Qəlb isə nəzərgahi-ilahidir. Yəni "Allah insana onun qəlbilə baxar". Ona görə də, imanda əsas qayə qəlbin təsdiqidir. Lakin imanını dil ilə söyləməyən bəndənin etiqadı barədə hökm vermək çətin olduğu üçün deyilib ki, "iman qəlb ilə təsdiq, dil ilə iqrardır".
İman insanın yaradılış səbəbidir. Yəni fərd görmədiyi Xaliqini imanla tanıyıb, Ona qulluq etmək üçün yaradılıb. Bu baxımdan, iman insan üçün əbədi səadəti qazanmaq vasitəsi və Cənnətə girişin açarıdır. İman, həm də insan üçün böyük mənəvi qaynaq və sağlam istinad nöqtəsidir. Bu imana sahib bəndə bütün kainata meydan oxuyacağı kimi, həm də bəla və müsibətlərə qarşı fədakar olur.
Peyğəmbər (ə) buyurub: "İmanın ən yüksək dərəcəsi xalqın sənə inanması, sənə əmin olmasıdır. Nəslinin, soyunun mənafeyini güdən və xalqı həmin mənafeyi güdməyə çağıranların isə ölüsü də, dirisi də bizdən deyil".
İmanı Allahdan yox, İblis əxlaqından qaynaqlanan belələri, istər dünyəvi, istərsə də dini işlərdə qabağa getsələr belə, fərq etməz, sonda məhz aldatdıqları zümrənin qəzəbinə tuş gəlirlər və gələcəklər də. Belə ki, Fransa inqilabında Fransa arxiyepiskopu əlində xaç, digər kilsə xadimlərilə birlikdə krala üsyan edənlərin qarşısına çıxaraq uca səslə bəyan etdi ki, indiyə kimi o, xalqı aldadıb. Əsgərlərdən biri əlində qılınc ondan soruşdu: "Sən Allaha inanırsanmı?" Əsgərin ateist olduğunu güman edən arxiyepiskop cavab verdi: "Yox". Heyrətə gələn əsgər: "İmansız əclaf, deməli sən bu günə qədər bizi aldatmısan?" - deyib, tərəddüd etmədən onun boynunu vurdu.
İman Rəbbin həya və əxlaqından qaynaqlanır. Həyası olmayan insan camaat içində çılpaq oturan kəs kimidir. Həmin səbəbdən "İnsanların imanı onların əxlaqi səviyyəsindədir", "həya imanın yarısıdır" buyuran Peyğəmbər (ə), həya və əxlaqi imanın vacib şərtlərindən sayıb. Lakin cəmiyyət iman və əxlaqla idarə olunmadıqda, ictimai özünüidarə zəifləyir. Bu zaman siyasi hakimiyyət yaranır və o, cəmiyyəti idarə etmək üçün öz qanunlarını təsis edir. Əslində, hakimiyyətin yaratdığı bu qanunular da bir növ əxlaqdır, amma o, imana yox, zora istinad edən əxlaqdır. Çünki qanunun təminatçısı onun arxasında duran qüvvədir. Yəni qanun, "sənin dinin sənə, mənim dinim mənə", "din-nəsihətdir", "dində zor yoxdur" Rəbb kəlamından fərqli olaraq könüllü yox, inzibati əxlaqdır. Göründüyü kimi, iman yaradılışdan, fitratdan, qanunlar isə sonradan yaranıb.
Günah işlədən insan qanundan mərhəmət yox, adekvat cəza gözlədiyi halda, həmin şəxs imandan doğan məhəbbətlə Rəbbin bağışlamasına ümid edir. Başqa sözlə, qanun zor aparatıdırsa, iman Allaha inam və sevginin təzahürü və tərənnümüdür. İman mənəvi bir lütf kimi qəlb və vicdan məsələsidirsə, qanun fiziki alətdir. Şəxsi islah etmək üçün qanun azadlıqdan məhrumetmə və müstəsna hallarda, hətta ölüm hökmünü verirsə, iman isə ona peşimançılıqdan doğan tövbəni və "qisas Mənimidir" zəmanətini verir. İman ümid edilən şeylərə etimad, görünməyən varlıq və aləmlərə inamdır. Qanun isə məlum, bilinən, görünən şeylər üçündür. Qanun fani dünyaya, iman isə axirətə baxır. Qanuna görə məsuliyyət ancaq bu dünyada, imana görə məsuliyyət isə hər iki dünyadadır. Qanun mükafatını insan üçün bir mehmanxana olan bu dünyada verirsə, insanı hidayətə qovuşduran iman isə ona əbədi evini - Cənnəti vəd edir. Qanun cismani bədən, iman isə həmin bədən və onun üzvlərinə əmr edən ruh üçündür.
Bəşərin dinamik inkişafını tənzim edən dünyəvi qanunlar mütləq həqiqətə - Allah kəlamlarına yaxınlaşmaq üçün həmişə təkmilləşdirilir. Allah əxlaqından qaynaqlanan səmavi kitablar isə dəyişməzdir. Həmin səbəbdən, imandan olmayan hər şey günahdırsa, "Qanunla qadağan edilməyən hər şeyə icazə verilir". İman inkişaf edən bəşər elm və müdrikliyindən yox, Rəbbin lütf və qüdrətindən zühr edir. Və insan ona verilən ağıl və iradə ilə imanını sonradan kamilləşdirir. Qanuna görə nifrət, kin, həsəd, paxıllıq, qeybət və s. neqativlərin daşıyıcıları cəzalandırılmır. İmana görə isə həmin hisslər böyük günahlardan hesab edilir. Və Tövbə edilməyəcəyi təqdirdə sahibini Cəhənnəmə atır. Məsələn, dində böyük günahlardan olan qeybət "ölən qardaşın ətini yeməyə bərabərdir". Məhəbbət, səbirlilik, lütfkarlıq, səxavət, həlimlik və şəfqət hissləri üçün dünyəvi qanun yoxdur. İman isə həmin dəyərlərin sahibinə Cənnəti vəd edir. Bəşər qanunu mənfəət naminə cəmiyyəti iflic edən bəzi haramların istehsalı, satışı və istifadəsinə icazə verməklə potensial günahı bilərəkdən reallaşdırır ki, sonradan o, həmin bəlanı törədənlərə cəza versin. Qanunun mənfəət naminə icazə verdiyi bu müddəanı iman birmənalı rədd edir. Çünki imanın qayəsi haramdan doğan mənfəət yox, insanın mənəviyyatını saflaşdırmaq, əql və nəsli qorumaqdır.
Məsələn, "Günahların məcmusu, aşkar baisi və mənbəyi olan içkidən" (həz. Peyğəmbər) külli miqdarda mənfəət götürən qanun, sonradan həmin bəlanın nəticəsi kimi cinayət, qətl, pozğunluq, oğurluq, zina, ailə dağılması məsələlərilə məşğul olmağa məcbur olur. Məsələni sırf iqtisadi tərəfindən təhlil edən rəsmi statistika isə göstərir ki, içkinin fəsadlarından cəmiyyətə vurulan zərər, alınan mənfəətdən dəfələrlə çoxdur. Necə deyərlər: "Əli araqlı beli yaraqlıdan qorxuludur" və ya "Stəkanda boğulan dənizdə boğulandan çoxdur".
Və ya hazırda dünyanı bürüyən sələm. Bu bəla dünyəvi qanunlarla günbəgün çiçəklənirsə, din bunu rədd edib onu bilavasitə Allaha və peyğəmbərə üsyan sayır. Çünki bu haram dövlətlini daha dövlətli, kasıbı isə daha kasıb edir.
Başqa bir misal. Bəzi insanların b.e.ə. 2500-2400-ci illərdə etdiyi ən rəzil əməlin reanimasiyası- homoseksualizm. Bu çirkin əməli Quran haram üstü haram sayır. Çünki hətta heyvanət və nəbatət aləmi duyur ki, məhz erkək və dişinin münasibətindən nəsil artır. Həmin səbəbdən bar verməyən ağacın altında balta, bala verməyən heyvanın nəsibi isə sallaqxanadır. İnsan bu həqiqəti ağlı ilə bilsə də, fəqət həmin rəzil işi görür. Bəşər nəinki bunu edir, hətta onu qanuniləşdirir və sonra da təbliğ edir...
Qurana görə, Rəbbimiz bu dünyada kafirə də, iman sahibinə də yaşamaq haqqı və əməyinə görə ruzi verir. Hətta bəzən imtahan üçün kafirə daha böyük tikəni verir. Verir ki, mömin bəndəsinin imanını- şükür və səbrini yoxlasın. Dünyadan fərqli olaraq axirətdəki durum isə tamam başqadır. Lakin o da bir ilahi həqiqətdir ki, iman sahibinə Rəbb mükafatını salehlik qazandırır.
Salehlik imana felən əməl etməkdir. Qanuna riayət etməklə heç bir insan saleh sayılmaz. Bu, vəzifə borcudur. İmanını bəyənilən işə çevirən bəndənin amalı isə Allah rizasını qazanmaqdır. Deməli, qanun əməlisaleh imanlı bəndələr üçün deyil. Çünki saleh bəndələr bilirlər ki, onlar dünyaya heç bir şey gətirməyiblər. Və heç bir şey də aparmayacaqlar. Qanun isə qanuna zidd, qanunsuz hərəkət edən insanlara xəbərdarlıq və onları cəzalandırmaq üçündür. Məgər İbrahim (ə) qanunlamı saleh sayıldı?
Xeyr. O, öz əməllərilə saleh sayıldı. Həz. İbrahim oğlu həz. İsmaili qurban verərkən övladını dirildib ona qaytaracaq Rəbbin qüdrətinə inandı. Və o, məhz bu inam və ondan doğan saleh əməl vasitəsilə dünyanın varisi oldu. Həz. İsmail də qurban verilməsini Allahdan yox, atasından eşitdi və bunun Allah əmri olduğuna, atasının doğru dediyinə inandı və bu imandan doğan salehliyi qazandı. Bəs İblis necə? Məgər o, Allahı qəbul etmirdi? "Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" (Həşir, 17) - deyən İblis deyildimi? Onu Cəhənnəmlik edən əməli olmadımı?
"İnsanlar yalnız: "İman gətirdik" - demələrilə onlardan əl çəkilib, imtahan olunmayacaqlarınımı sanırlar? Xeyr" (Ənkəbut, 2) ayəsinə görə, hər bir insan qanunun yox, imanının reallaşdırdığı əməlinin girovudur. Və əməlinə görə də, cavab verəcək. Deməli, dinimizin müqəddəsliyi, ərazimizin bakirəliyi, xalqımızın xəlifəliyi və nəhayət, hər birimizin həm bu düyada, həm də axirətdə hidayətə qovuşması üçün, iman ilkin şərt olsa da, fəqət o, kifayət deyil. Bunun üçün imana fəzilət, fəzilətə bilik, biliyə əməl, əməldə nəfsə hakimlik, nəfsə hakimlikdə səbir, səbirdə Allah qorxusu və Allah məhəbbəti olmalıdır. Elə əksər hallarda, qeyri-müsəlmanın müsəlman üzərindəki qələbəsinin səbəbi də, bu islami sifətlərin müsəlmanda olmamasından doğur. O ki qaldı imana mane olan, onun büdrədən şeylərin olmamasına, bunlar müasir dünyada qeyri-mümkündür. Bu maneələr olub və həmişə də olacaq. Fəqət vay o adamın halına ki, həmin büdrəmələr onun vasitəsilə gəlir.

Vaqif Cəliloğlu,
Tex elmləri üzrə fəlsəfə doktoru