BİZİM BİZDƏN BAŞQA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
39332 | 2018-10-10 22:11
BAXIŞ BUCAĞI
Dostumuz var, əgər o, dostluğu dəyərləndirirsə

Başlığa çıxartdığım fikri yəqin ki, hər kəs bilir. Və hər kəsin də bildiyi bu fikri mən təsadüfdən başlığa çıxarmıram. Məqsədim, məramım var. Bu məqsəd, bu məram da torpağımla, Vətənimlə, Azərbaycanla bağlıdır. Elə ona görə də hər şeyi düşünüb, duyduğum, gördüyüm kimi ifadə etməyə, yazmağa çalışıram.
Bir halda ki, məramını dedim, onda elə bəri başdan da Azərbaycan adına bu məramın içdən gəldiyini də təkrar-təkrar vurğulayım. Xatırladım ki, "Azərbaycan - deyəndə ayağ dur ki" - söyləyən böyük Məmməd Arazın fikirlərinin ən böyük önəmi, ən böyük gerçəkliyi həmin o sevgini dərk etməkdən, o sevgiyə güvənc yeri kimi baxmaqdan keçir. Elə ona görə də içi Azərbaycan sevgisi ilə dolu olan bir vətəndaş olaraq mən də 1991-ci ildən üzü bəri baş verənləri göz önünə gətirirəm. Oxuduqlarımı, eşitdiklərimi götür-qoy edirəm. Və gəldiyim qənaət budur ki, dil pəhləvanları, söz oynadanlar, müxtəlif siyasi simaya mənsub olanlar sən demə Azərbaycan adı altında da birləşməyə çətinlik çəkirlər. Görünür, özəl istək, özəl maraq ümumini - millətə, Vətənə aid olanı üstələyə bilibmiş... 
Maraqlı və həm də çox qəribədir ki , ölkədə keçirilən bütün seçkilərdən sonra bu məmləkətimizlə bağlı dünya mediasında, saytlarda həmişə gerçəyi ifadə etməkdən çox-çox uzaq olan fikirlər də yer alır... Bu azmış kimi hətta müəyyən qüvvələr düşmən dəyirmanının üyütdüyü həmin o informasiyaları ölkə içinə də çəkib gətirməkdən usanmırlar, geri durmurlar. Əksinə, onun rəngini bir az da tündləşdirməyə, bir az da şişirtməyə meyl edirlər. Ancaq böyük Nizami demişkən, "qızılı örtsə də qara torpaqlar, yenə dəyərini özündə saxlar"...
Bəli, gerçək olanı nə qədər gizlətsən də, nə qədər üstünü örtsən də o vulkan kimidir, mütləq bir yerdən vurub çıxacaq, özünü göstərəcək. Bax, bu mənada Azərbaycan gerçəkliklərini gizlətməyə cəhd edənlər, onu görmək istəməyənlər çox böyük səhvə yol verir, günaha batırlar. Daha doğrusu, özlərinin də dediyi kimi, qızıldan qiymətli vaxtlarını yalanı təbliğ etməyə, iftiraları yaymağa həsr edirlər.
Şükürlər olsun ki, bu məmləkətin dostları da, bu məmləkətə sevgi ilə yanaşanlar da kifayət qədərdir. Onların sırası da durmadan artır. Təkcə Cumhirriyyətin 100 illiyi və eləcə də təkrar Azərbaycan prezidenti seçilməsi münasibəti ilə cənab İlham Əliyevin ünvanına gələn təbrikləri gözdən keçirəndə bu ölkəyə dünyanın hər yerindən olan marağı, səmimi münasibəti görmək mümkündür. Təbii ki, bu da həm ölkə rəhbərinin şəxsi nüfuzunun, həm də Azərbaycan adlı məmləkətin dünya üçün önəmli bir coğrafi-strateji bölgə olmasından qaynaqlanır. Bu torpaq özü boyda işıq, özü boyda sərvət, özü boyda da cənnətdi.
Milli Məclisin son iclaslarında parlamentarilərin səsləndirdikləri müxtəlif yönümlü fikirləri dinlədikcə bir daha əmin oldum ki, bizimlə özünü dost kimi göstərib qiyafətini dəyişən qüvvələr var ki, onlar bizdəki proseslərə , lap elə keçirilən seçkilərə də, daha doğrusu, bu seçkilərə münasibətdə də iç üzlərini göstərdilər. Qəribə bir nüans yarandı. Ölkədə olan, seçkiləri izləyən beynəlxalq təşkilatların nümayəndələri burda bir fikir söyləyirlər, öz iqamətgahlarına qayıdandan sonra onların bəziləri başqa bir fikrə meyl edirlər. Məhz bu məqam da açıq - aşkar dünyada hakim olan ikili standartı bir daha ortaya qoyur. Ekspertlərin də dediyi kimi, daha çox ermənilərin maliyyələşdirdiyi, ermənilər üçün işləyən həmin o beynəlxalq qurumlar da həmişəki kimi yenə də erməni fitvasına gedərək Azərbaycan barəsində həqiqətdən çox-çox uzaq fikirlərə rəvac verməkdə davam edirlər. Lakin məhz onlarla birlikdə ölkəmizdə olan əksər xarici müşahidəçilər, üstəlik də təbrik ünvanlayan saysız-hesabsız şəxslər öz açıqlamalarında Azərbaycanı dəstəklədiklərini, Azərbaycan xalqının seçiminə böyük önəm verdiklərini vurğulamaqla elə həmin qaragurhun cavabını da vermiş olurlar!.. 
Doğrudan da bu dünyada baş verən qəribə olayların içərisində həmin o ikili standart deyilən yanaşma həmişə türkə, türk dünyasına, müsəlman aləminə daha çox ziyan vurur, daha çox xətər toxuyur. Təbii ki, günbəgün artan türk birliyi, onun yüksələn xətlə davam edən iqtisadi-siyasi tərəqqisi, gücü dünya arenasında bir yumruq kimi özünü göstərməyə başlaması çoxlarının yuxusuna haram qatmağa başlayıb. Bu özü - özlüyündə təbii bir prosesdir. Zaman göstərir ki, haqq-ədalət gec-tez zəfər çalır, necə ki türk birliyi get-gedə zəfərlərə imza atır. Və üstəlik bu imza göstərir ki, dünyada türk birliyini görən, qəbul edən, onunla həmfikir olan, ona dəstək verən güclər də az deyil. Deməli, türkün türkdən başqa da anlaqlı, anlayışlı dostları var.
P.S. Cumhur başkanını ,Baş bakanın Azərbaycana ardı -ardından səfərləri , Türk Yıldızlarının Bakı səmasındakı möhtəşəm uçuşları ... Qarabağla əlaqəli verilən açıqlamalar... bir Azəri Türkü, bir Qarabağlı kimi mənim inamımı kütləşməyə qoymur... Bu , zənimcə təkcəsiyasət deyil , həm də bir millətin həmrəyliyidir!


TƏQVİM / ARXİV