Bakı Nəqliyyat Agentliyindən ETİRAF: avtobus parkı tələblərə cavab vermir
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərnişindaşıma xidmətinin aşağı səviyyədə olduğunu bildirib və bu sahədəki problemlərin tez bir zamanda aradan qaldırılması göstərişlərini verib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verib.
"Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır. Məqsədimiz, sərnişinlərimizə təhlükəsiz, keyfiyyətli və şəhərimizin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır. Lakin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezidentin də vurğuladığı kimi özəl sketorun bu sahədəki fəaliyyət özünü doğrultmadı. Baxmayaraq ki, dövlət tərəfindən bütün sahələrdə, o cümlədən sərnişindaşımada fəaliyyət göstərən sahibkarlar üçün sağlam mühit formalaşdırılıb”.
M.Ağayev deyib ki, bu gün daşıyıcıların böyük əksəriyyətinin istehsalat və maddi-texniki bazaları, avtobus parkı qoyulan tələblərə cavab vermir:
Cənab prezidentin aprelin 2-də və iyulun 6-da imzaladığı müvafiq fərmanlar bu istiqamətdə başladığımız işlərin daha səmərəli təşkil edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni alınacaq nəqliyyat vasitələrinin alınması marşrut xətlərinin bölgüsündə dövlət qurumunun payı əhəmiyyətli dərəcədə artırılacaq və bunun nəticəsində də işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Dövlət başçımızın vurğuladığı kimi əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər”.