adalet.az header logo
  • Bakı 20°C
10 Oktyabr 2018 14:37
7199
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: KART SİSTEMİ…

Son on-on beş gündə avtobuslarla bağlı qəzaların baş verməsi birmənalı olaraq ictimaiyyəti və əlaqədar qurumları narahat edib. Başqa cür də ola bilməz! Çünki bu qəzalar zamanı tək avtobuslar əzilmir, bu qəzalar baş verəndə insanlar, daha doğrusu, sərnişinlər dünyasını dəyişir və çoxlu sayda adam xəsarət alır. Və hadisə də baş verəndən sonra əlaqədar qurumlar bir-birini ittiham etməyə başlayırlar. Bununla da təbii ki, ölən adamlar yenidən dünyaya qayıdan deyil. Ən yaxşı halda hadisəni törətmiş sürücü cinayət məsuliyyətinə cəlb edilir və o da iki-üç il həbsxana həyatı yaşayandan sonra azadlığa çıxır.

Heç uzağa getməyək, bir il bundan əvvəl Bakı-Quba avtomobil yolunun Masazır ərazisindən keçən hissəsində yüksək sürətlə hərəkət edən «Ford» markalı mikroavtobus yük maşını ilə toqquşmuşdu. Nəticədə sərnişinlərdən 6 tələbə dünyasını dəyişmiş, 17 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Sözümüzün canı ondan ibarətdir ki, həmin yol-qəza hadisəsini törətmiş sürücüyə 9 il məhkəmə tərəfindən cəza təyin edilib. Heç bundan artıq da mümkün deyil. Çünki yol-nəqliyyat hadisəsi ilə bağlı elə ən böyük cəza bu qədərdir. Hərçənd ki, zərərçəkmiş tərəfin adamları bu cəzadan razı qalmamışdılar və yuxarı instansiya məhkəməsinə müraciət etmişdilər. Deməli, bütün mənalarda öləni geri qaytarmaq mümkün deyil. Öləni geri qaytarmaq mümkün olmasa da, amma bizim düşüncəmizlə baş verə biləcək qəzaların qarşısını bu və ya digər dərəcədə almaq o qədər də çətinlik yaratmır. Sadəcə olaraq, hər kəs öz üzərinə düşən missiyanı yerinə yetirməlidir.

İlk növbədə daşıyıcı şirkətlər mövcud qanunlara, qaydalara və təlimatlara əməl etməlidilər. Ən azından onlar hər hansı bir sürücünü işə qəbul edərkən əmək müqaviləsi bağlamalı, o sürücünün «D» kateqoriyası olmalı və yüksək təcrübəsi nəzərə alınmalıdır. Bununla yanaşı, işə qəbul olunan şəxs tibbi müayinədən keçirilməlidir. Yəni onun sağlamlığı və psixoloji durumu yerində olmalıdır. Təəssüf ki, bu sadaladığımız məqamlara heç də bütün daşıyıcı şirkətlər əməl etmirlər. Və əməl etməyəndə də avtobusların iştirakı ilə baş verən qəzalar qaçılmaz olur.

Heç kimə sirr deyil ki, Bakı şəhərində əksər marşrutlar kart sistemi ilə deyil, nağd pulla işləyirlər. Nağd pul olan yerdə isə hər gün sürücüyə plan qoyulur. Sürücü də o planı ödəmək və özünə çörəkpulu qazanmaq üçün dəridən-qabıqdan çıxır, avtobusu harda gəldi saxlayır, sürət həddini aşır və hətta dayanacağa çatmaq üçün digər avtobusla ötüşməyə belə meylli olur. Bu cür hallarda isə demək olar hər an qəzanın baş verməsi mümkündür.

Ekspertlər bildirirlər ki, kart sistemi ilə işləyən avtobuslarda çox nadir hallarda qəzalar baş verir. Xüsusən də ölüm halları bu avtobusların iştirakı ilə minimuma endirilib. Heç uzağa getməyək, «BakBus»un avtobusları ilə bağlı indiyə kimi heç bir ağır qəza yaranmayıb. Hələ biz onu demirik ki, ölüm və yaralanma halları baş verməyib. Bu nə ilə bağlıdır? Təbii ki, sürücülərin peşəkarlığı və daşıyıcı şirkətlərin məsuliyyəti ilə əlaqədardır. «BakBus»a işə qəbul olunan sürücülər öncədən ətraflı yoxlanılır, tibbi müayinədən keçirilir, peşəkarlıqları diqqət mərkəzində saxlanılır. Bütün bu mərhələlərdən sonra onlar işə qəbul edilirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Rasim Abdullayev bildirir ki, kart sisetminə keçməyin çox böyük üstünlükləri var. Bu sistemə keçən marşrutlarda demək olar ki, qanun pozuntuları bir o qədər də qeydə alınmır. Yəni onlar avtobusları dayanacaqda saxlayır, nəqliyyat vasitəsində gigiyenik və sanitar qaydalara əməl olunur, sürücünün sağlamlığı bir an belə unudulmur. Başqa sözlə demiş olsaq, həmin marşrutlarda yüksək nizam-intizam və məsuliyyət var. Üstəlik də daşıyıcı şirkətlər hər səhər texniki işçilərlə və sürücülərlə maarifləndirici söhbətlər aparırlar. Təbii ki, bu cür izahat işlərinin və söhbətlərin aparılması sərnişinlərin təhlükəsiz mənzilbaşına çatdırılmasında önəmli rol oynayır. Birmənalı olaraq deyə bilərik ki, Bakı şəhərində bütün marşrutlar kart sisteminə keçsə, avtobusların iştirakı ilə baş verən qəzalar da əsaslı surətdə aşağı enər. Çünki bir çox qəzalar sürücülər tələsdiyinə və yüksək sürətlə avtobusu idarə etdiyinə görə yaranır.

Bu sətirlərin müəllifi də hər gün ictimai nəqliyyatdan istifadə eləyir. Yeni Günəşlidən metronun «Xalqlar dostluğu» stansiyasına kimi 50 nömrəli marşrutda hərəkət edən avtobuslara minirik. Bu avtobuslarda elə sürücülər var ki, yol hərəkəti qaydasına əməl edir, avtobusu normal sürətlə sürür. Amma bəzi sürücülər də var ki, qrafikdə boşluq yaranmamaq üçün sürəti artırır, digər avtobusla ötüşür və hətta dayanacaqda sərnişinlərə deyir ki, tez düşün, tələsirəm! Bəzi yaşlı sərnişinlər də xəstəliklə əlaqədar avtobusdan düşəndə əziyyət çəkir, yıxılırlar. Amma bu sürücünü qətiyyən düşündürmür.
Bu cür marşrutlar Bakı şəhərində kifayət qədərdir. Onların nömrəsini sadalasaq, uzun bir siyahı alınar. Hər dəfə daşıyıcı şirkətlər il başa çatanda bildirir ki, onlar kart sisteminə keçəcəklər. Yeni il gəlir, kart sisteminə keçmirlər, köhnə metodla işləyirlər. Bu isə sözün açığı, daşıyıcı şirkətlərə sərf eləsə də, sərnişinlərə sərf eləmir. Ən azından ona görə ki, köhnə sınıq-salxaq avtobuslarda, özü də yüksək sürətlə idarə olunan avtobuslarda mənzilbaşına getmək çox təhlükəlidir. Bu il də bəzi daşıyıcı şirkətlər bildirirlər ki, yeni ildən kart sisteminə keçəcəklər. Məsələ ilə bağlı 50 nömrəli marşurtda da söz-söhbətlər gəzir. Deyilir ki, guya Yeni Günəşliyə işləyən 50 və 64 nömrəli marşrutlar da yeni ildən kart sisteminə keçəcək.

Amma sözün açığı, camaat buna inanmır. Çünki o qədər vəd verib yalan danışıblar ki, bu sözlərin həqiqət olduğuna inam azalıb. Bakı Nəqliyyat Agentliyi toxunduğumuz məsələləri diqqət mərkəzində saxlamalı, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün ciddi addım atmalıdır. Əks təqdirdə 160 nömrəli marşrutda baş verən hadisələr digər marşrutlarda və o cümlədən 50 nömrəli avtobuslarda baş verə bilər. Sadəcə olaraq biz «Ədalət» qəzeti olaraq problemi qaldırdıq və məsələnin həlli yollarını göstərdik. Qaldırılan problemlərin həlli isə Bakı Nəqliyyat Agentliyindən və bir də daşıyıcı şirkətlərdən asılıdır.