adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Oktyabr 2018 12:15
67215
MÜSAHİBƏ
A- A+

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Qasımova Nərmin Elmar qızı orta təhsilini Bakı şəhəri, Nizami rayonu, 220 saylı məktəbdə alıb. Doqquzuncu sinfə qədər bütün fənlərə maraq göstərib. Son siniflərdə isə, daha çox ixtisas qrupu üzrə fənlərə hazırlaşıb. Həmişə marağı humanitar yönümlü fənnlərə olsa da, riyaziyyatı da çox sevir. Hazırda Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) "Hüquqşünas” ixtisası üzrə I kursda təhsil alan Nərmin Qasımova Akademiyaya bu il sözügedən ixtisas üzrə ən çox bal - 663 bal toplayaraq daxil olub.

- Məhz Dövlət Gömrük Komitəsinin Akademiyasını seçməyiniz nə ilə bağlıdır? Sizdə gömrük orqanlarına həvəs hardan qaynaqlanır?

- Mənim həmişə üç arzum olub: hüquqşünas olmaq, rütbə və forma daşımaq. Doqquzuncu sinifdə qərar verdim ki, artıq uşaqlıq arzumu yerinə yetirməliyəm. III qrupa yönəldim və hazırda ən sevdiyim Akademiyada sevdiyim ixtisasda oxuyuram. Dövlət Gömrük Komitəsinin Akademiyasını seçməklə arzularımı reallaşdırmışam. Artıq hüquqşünaslıq ixtisasında bu peşəyə yiyələnməyə başlamışam. İlk arzum reallaşıb.

- Siz qrupda bu ixtisas üzrə ən yüksək bal toplamısınız. Tələbə dostlarınız bunu necə qəbul etdilər?

- Bizim ixtisas qrupunda cəmi 22 tələbə var, onlardan 10 nəfəri qızlardir. Qrup toldaşlarımızla aramızda ayrı-seçkilik yoxdur, sadəcə olaraq, özümə tələbə yoldaşlarımdan diqqət hiss etmişəm.

- Artıq bir aya yaxındır dərslər başlayıb? Akademiyadakı tədrislə bağlı və ya ümumilikdə, hansısa irad və təklifləriniz varmı?

- Akademiyaya daxil olmamışdan öncə bura gələrək bu ali təhsil ocağı ilə ətraflı tanış olmuşdum. O zamandan məhz bu Akademiyada təhsil alacağıma qərar verdim. Burada tədris çox yaxşı təşkil olunub. Müəllimlərimiz hər biri öz dərsini çox maraqlı tədris edir. Yəni ki, dərslərin təşkili, müəllimlərin bilik vermə qabiliyyəti çox yüksəkdir. Tələbələr üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, burada təhsil almaq hər bir tələbə üçün üstünlükdür.

- Məktəb illərində dərsdənkənar maraq dairəniz olubmu?

-Bəli, uşaqlıqdan bədii kitab oxumaq və rəsm çəkməyi xoşlayıram. Rəsmlərimdə fikirlərimi peşəkar formada olmasa da, həvəskar səviyyədə kağıza köçürürəm. Adətən portret janrında rəsmlər çəkirəm. Amma deyim ki, heç vaxt doğmalarımın və ya özümə yaxın hesab etdiyim insanların şəklini çəkmirəm. Düşünürəm ki, bunun məsuliyyəti daha böyükdür.

- Bir qədər də bizə böyüdüyünüz mühit, ailəniz haqda danışın…

- Ailədə beş nəfərik, atam, anam, iki bacım və mən. Valideynlərimiz hər zaman bizə təlqin edblər ki, mütləq təhsil alaq. Bizim ailədə həmişə oxumaq qanun olub. Valieynlərim bizi bu istiqamətdə böyüdüblər. Bacım da hazırda ali məktəbə hazırlaşır. Onun da yüksək bal toplayacağına inanırıq. Digər bacımın 9 yaşı var, məktəblidir.

- Həm bacınıza, həm də digər abituriyentlərə nə tövsiyə edirsiniz?

- Özünə uyğun zaman bölgüsü aparmaq vacibdir. Hamı eyni cür hazırlaşa bilməz. Mən bir qədər fərqli vaxt bölgüsü aparmışdım. Özüm üçün müəyyən bir gündəlik cədvəlim vardı. Normal yuxu yatıb sonra oxuyurdum.

- Gələcəkdə özünüzü gömrük orqanlarında görürsünüzmü?

- Məqsədim gömrükçü olmaqdır. Mən özüm ciddi rejimə, nizam-intizama həmişə hazıram və bunu sevirəm. Buna görə də, düşünürəm ki, gömrük orqanlarında çalışacağam. Çünki nizam-intizam olmayan yerlərdə özümü reallaşdıra bilmərəm.

- Gələcəyin hüquqşünası və gömrükçüsü kimi, sizin fikrinizcə, hansı halda qaydaları pozmaq və ya güzəştə getmək olar?

- Heç bir halda!