adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Oktyabr 2018 22:01
16811
GÜNDƏM
A- A+

HÜSEYN SÖZLÜNÜN ŞEİR ALƏMİ

ƏDƏBİ HƏYAT

Sözlüyəm-Tanrının qulu,
Yazdıqlarım həyat yolu.
Ürəyim olsa da dolu,
Bu qədərin yaza bildim.

Adətən, bir şairin şeirlər kitabına rəy yazanda, o şeirlər haqqında söz deyəndə sonuncu şeirdən deyil, kitabdakı ilk şeirlərdən söhbətə başlayırlar. Biz isə söhbətimizə Hüseyn Sözlünün "Bu qədərin yaza bildim" şeirlər kitabının lap sonuncu şeirindən, həm də o şeirin sonuncü bəndindən başladıq. Hüseyn Sözlü 171 şeirdən sonra belə qərara gəlir ki, ürəyimdəki sözlərin heç də hamısını yox, bu qədərini yaza bildim. Amma nə qədər təvazökarlıqla deyilsə də, Hüseyn Sözlünün sözü hələ bitməyib, indiyə qədər on şeir kitabı çıxıb, hər kitabda da sözünü bitirməyib və indii bu kitabdan sonra da Allahın şair bəndəsi Hüseyn Sözlü yenə ürəyini boşaldacaq, amma yenə o ürək dolu qalacaq.
Mənim mənəvi ustadlarımdan biri Əkrəm Cəfər yazırdı: "Həqiqi şeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəlidir. Şeirdə həm musiqinin ahangi, ritmi, həm rəsmin rəngarəng daxili cazibəsi, həm heykəltəraşlığın füsunkar hüsnü vardır. Şeir insan ruhunun dilidir. Şeir gözəl, incə, dərin fikirlərdən hisslər, hisslərdən fikirlər doğuran sənət əsəridir. Gözəl şeir qəlbdə qanın cərəyanını çəkib aparan, o cərəyanı ritmə, ahəngə, musiqiyə çevirən bir sənətdir".
Hüseyn Sözlünün şeirlərini oxuyanda da o ahəngi, o ritmi, o hissləri, o duyğuları izləyə bildim.
Kitaba ön söz yazan tənqidçi həmkarım Əsəd Cahangir doğru buyurur ki: "Hansı mövzuda yazılmasından asılı olmayaraq Sözlünün əksər şeirləri üçün qulağa xoş gələn bir axıcılıq, bir melodizm səciyyəvidir və bu, təbiidir. Çünki söhbət sadəcə şairdən yox, sözlə səsin vəhdətini daşıyan bəstəkar şairdən gedir. Elə bəstəkar ki, el şənliklərinin bəzəyi olan neçə-neçə mahnının müəllifidir".
Elədir ki, var-Hüseyn Sözlü 200-ə yaxın mahnının müəllifidir və onu təkcə Azərbaycanda deyil, Türkiyədə də bir bəstəçi kimi tanıyırlar. Əlbəttə, bu yazıda söhbət onun şeirlərindən gedir. Və onun istənilən şeirində bəstəçilik ruhu da duyulur.
Etiraf edim ki, mən Hüseyn Sözlünü üzdən yaxşı tanısam da, şeirləri ilə tanış deyildim. Şeirləri ilə tanış olandan sonra o üz, o sima daha da doğmalaşdı.
Hüseyn Sözlü bir şeirində öz şair obrazını yaradır. Əslində, bu şeir təkcə ona aid deyil, söz xiridarı olan, bütün ömrünü şeirə həsr edən şairlərin də obrazıdır:

Dünyanı yalan tutubdu,
Düz olmaq mənə yazılıb.
Sinəsində çalın-sarpaz
İz olmaq mənə yazılıb.

Pisi görcək tanıyıram,
Amma yenə sınayıram.
Haqsızlıq görcək yanıram,
Köz olmaq mənə yazılıb.

Yalanlara sinə gərdim,
Pislikləri yuyub sərdim.
Hər kəsin deməkçün dərdin
Saz olmaq mənə yazılıb.

Əyridi çox sözün himi,
Bilmirəm qınayım kimi.
Şair Hüseyn Sözlü kimi
Söz olmaq mənə yazılıb!

Bu şeirdə Hüseyn Sözlünün şair məramı ifadə olunub. Həyat gözəldir, dünya gözəlliyindir, insan Allahın ona verdiyi ömrü sonacan bu amalla yaşamalıdır ki, bir gün dünyadan köçəndə izi qalsın. Doğrudur, bu şeirdə dünyanı bürüyən haqsızlıqdan, yalandan, pisliklərdən danışılır, amma Hüseyn Sözlünün şeirləri öz nikbin pafosu, həyat eşqi ilə coşur-daşır.
Bu gün çox şairlərimizin şeirlərində həyatdan, yaşayışdan küskünlük, hər xırda maniəni böyüdüb kədər dənizi yaratmaq qədər narazılıq motivləri ilə rastlaşırıq. Hüseyn Sözlünün şeirlərində isə nikbinlik çalarları yaşayır. Yaşadığımız bu həyat doğrudan da, təzadlıdı, son dərəcə mürəkkəbdi, deyək ki, şikayətlənməıyə, etiraz etməyə hər cür əsasımız var, amma şair təkcə bunun üçünmü doğulub ayağına tikan batanda sızıltısı aləmi götürsün, nədənsə bir narazılığı baş qaldıranda fəryad qoparsın, yox, şair bunun üçün sözə sarılmayıb. Hüseyn Sözlü də bunu yaxşı dərk edir. Onun şeirlərində kədər də var qüssə də, amma o kədər, o qüssə oxucunu pessimizm dalğalarına sürükləmir, işığa doğru can atır. Hərçənd ki, Sözlünün dünyadan, zəmanədən, yaşadığı mühitdən şikayətləri də var, deyir ki: "Bu dövran üzümə gülmür ki gülmür. Tanrı köməyimə gəlmir ki, gəlmir!", amma başqa şeirlərində başqa bir əhval-ruhiyyənin şahidi oluruq. Dünyada insanı yaşamağa, var olmağa səsləyən ali bir qüvvə var-SEVGİ. Bax, bu sevgi hisslərindən yaranan işığı bizim ürəyimizə çiləyir Hüseyn Sözlü.

Məhəbbət alovu, közü qəlbimdə,
Qələmim sevgidən yazır əlimdə,
Sevirəm kəlməsi hələ dilimdə,
Sevgiylə döyünən bir ürəyim var.

Sözlüyəm, etmirəm yaşdan şikayət,
Yoxdur bu sevgiyə, yoxdur nəhayət,
Etmişəm, edirəm eşqə ibadət,
Sevgiylə döyünən bir ürəyim var.

Hüseyn Sözlünin lirik qəhrəmanı - əslində, bu lirik qəhrəman şairin özüdür- XXI əsrin övladıdır. XXI əsrdə-bu qloballaşma, super elmi -texnika əsrində Qızılgüllə hər anı müharibə alovu saçan Güllənin mübarizəsindən söhbət gedə bilərmi? Zənnimcə, dünyanı nə qədər od, alov, vəhşilik, qəddarlıq, azman dövlətlərin qanlı niyyətləri bürüsə də, insanların ürəyində sevgi alovunu söndürə bilməz. Yenə böyük mütəfəkkir Hüseyn Cavidin "Mənim tanrım gözəllikdir, sevgidir" həqiqətinə sığınırıq. Hüseyn Sözlü də dünyaya sevgi gözü ilə baxır hətta yağışa da, küləyə də, dənizə də, dağa da ürəyindən boylanan sevginin gur işığıyla nəzər salır:

Ayrılmasın bir an belə,
Sevənlərin baxışları.
Məhəbbətin yollarına
Yağsın sevgi yağışları.
Yusun qəlbə dəyən sözü,
Əritsin soyuğu, buzu.
Yaxın eləsin qoy bizi,
Yağsın sevgi yağışları.

Deyirlər ki, indi XXI əsrdir, daha Leylilik, Məcnunluq dövrü deyil. Doğrudur, zəmanə dəyişib, hər sevən qızdan Leyli, hər sevən aşiqdən Məcnun olmağı tələb eləmək absurddur.
Amma bu gün sevənlərdə Məcnun dəyanəti, hətta divanəlik dərəcəsinə çatan eşq fanatikliyi, Leyli vəfası olmamalıdırmı? Hüseyn Sözlünün sevgi şeirlərinə də elə bilirəm, Məcnun ahından, Məcnun divanəliyindən və ən başlıcası, Məcnun dəyanətindən şəmlər, çınqılar qonubdu.

Dedim ayaq saxla, bir dinlə məni,
Dilimdə dondurdu sözü, kəlməni.
Qorxmursan yandırıb yaxacaq səni?
Sinəmdəki bu aha bax, bu aha!

Tənqidçi həmkarım Əsəd Cahangir çox doğru qeyd edir ki, Hüseyn Sözlünün sevgi şeirlərində zərif yumor, incə zarafat ovqatı da diqqəti cəlb edir və bu cəhət onun şeirlərinə nikbin ruh gətirir, oxucunu usandıran saxta, trafaret, patetik kədərdən xilas edir. Misal da gətirir:

Çiçəkdi, kim əkib, bunu kim dərib?
Mələkdi, Tanrının özü göndərib!
Qəlbimin tellərin saza döndərib,
"Ruhani" üstündə çaldı bu ceyran!

Sevgilərin ən alisi isə Vətən sevgisidir. Hüseyn Sözlü bütün şeir kitablarında bu ali və müqəddəs sevgidən dönə-dönə söz açır.
Mənim fikrimcə, onun Vətən sevgisini bəyan edən şeirləri içərisində bir şeir daha çox diqqət çəkir. Bu şeir onun yaradıcılığında Vətənə sevginin yeni bir çalarıdır:
Həsrət hopur sözlərimə,
Vətən, sənsiz üşüyürəm.
Duman çökür gözlərimə,
Vətən, sənsiz üşüyürəm.

Saçlarımda qəmin dəndi,
Bilən bilir, bu nədəndi.
Vətən sözü isdəndi
Vətən, sənsiz üşüyürəm.

Adın mənə qanad verir,
Dözüm verir, inad verir,
Hər ocağın min od verir,
Vətən, sənsiz üşüyürəm.

Hüseyn Sözlü dənizçi olub, dünyanın çox ölkələrini gəzib-dolaşıb, amma haralarda olursa-olsun qürbəi onu sevindirməyib, "Döndər məni yurda sarı" deyib, "Götür, bu Sözlünü qurbanlıq elə, Əzəlim, sonluğum Vətəndir, Vətən!" söyləyib. Hüseyn Sözlü həm də Vətən təbiətinin gözəlliklərindən yazır və onun təbiətə həsr etdiyi şeirlərində də bir özünəməxsusluq duyulur. "Lalələr" şeiri sanki bir rəssamın çəkdiyi tabloya bənzəyir:

Kimi görüb qızarmısız,
Qız tək həyalı lalələr?
Gözəlliyə bürümüsüz,
Yamacı, yalı lalələr!

Yel əsdikcə gedirsiniz
Çəməndə yallı lalələr!
Kimin üçün darıxırsız,
Şirin xəyallı lalələr?

Hüseyn Sözlünün yeni kitabında "Çoxu bu dünyanı günahkar sanır" başlığı altında bir qisim şeirlər toplanıb və o şeirlərdə "Şair-Dünya- Cəmiyyət-İctimai Həyat paralelləri öz əksini tapır. Həmin şeirlərdə şairin ovqatı müxtəlif rənglərə, çalarlara bürünür. Şair yetmiş iki yaşından, dünyanın istisini-soyuğunu dadmış, çox çətinliklərdən keçmiş, amma hər çətinliyə də sinə gərən bir ömrün mənəvi bioqrafiyasını vərəqləyir. Dünyadan şikayətlənsə də, bəzən yaşadığı mühitdə haqsızlıqlarla üz-üzə gəlsə də, yenə nikbinliyini, yaşamaq eşqini itirmir. Və Hüseyn Sözlünün yeni şeirlər kitabı haqqında qeydlərimizi də onun nikbinlik saçan bu misraları ilə bitirək:

Bu dünyanın yalanını, düzünü,
Bir-birindən seçə-seçə yaşadım.
Tufanlar adladım, boranlar keçdim,
Od-alovdan keçə-keçə yaşadım.

Ötəni, keçəni hey yada saldım,
Elin dərdlərini qələmə aldım.
Sözlüyəm, sözümə mən sadiq qaldım,
Siz deyin, dostlarım, necə yaşadım?