ANA SƏHİFƏ / Layihə

Əbədi yaşamaq dairəsi

1017    |   2018-10-09 21:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

İsmayıl Şıxlı haqqında

(əvvəli ötən saylarımızda)

Müstəqilliyimizin ilkin məqamında İsmayıl Şıxlını xalqın özü Millət vəkili seçdi (daha bəziləri kimi seçdirmədi) və yanılmadığını əyani göstərdi. Onun Milli Məclisdə kəskin və obyektiv çıxışları, reprikaları yaxşı ki, birbaşa ekranda nümayiş etdirilirdi. Hətta hakimiyətsizlik çağında M.F. Axundovun "Aldanmış Kəvakib"in qəhrəmanı Yusif Sərracı misal gətirməsi böyük siyasi - mənəvi praqnoz deyildimi?...
İsmayıl Şıxlı deputat idi və bu məsul etimadı kimin necə və hansı hisslərlə yaşamasını bilavasitə duymuşdu və görmüşdü. Məsələ var ki, sovet dövrü deputatlarını tanıyırdı, stixi, ənənəvi yollarla seçilmişlərdi. Və səksəninci illərdə "Deputat" (1989) adlı gözəl bir hekayə qələmə almışdı. Məqsədi nəydi, axı, quruluş dağılır, üsul - idarə məhvə gedir. Məgər qarşıda "deputatlar seçimi" olmayacaqdır? Xalq öz istədiyinə səs verməyəcəkdir? Yenədəmi müqəvva - elçilər ortaya atılacaqdır? İsmayıl Şıxlı daha çox suallar qarşısında idi və müdrikliyinə inanırdı: hekayəsinin qəhrəmanın adı - soyadı yoxdur; bu da yazıçı dahiliyidir ki, fərqi varmı, təkcə odurmu, ümumiləşmiş obrazı - deputatı təsvir etmək məqsədəuyğun deyilmi? Kənddən Bakıya deputat kimi gəlmişdir. Abırlı, zərif, zəhmətdən qaralmış və yorğun bir qızcığazdır. Yazıçı onun səliqəsinə və bu görkəmdən doğan daxili aləminə, hətta xırda ştiklərinə diqqət kəsilir: "Onun əynindəki ipək koftasıda, qırçınlı, səliqəli donu da təptəzə idi. Hiss olunurdu ki, buraya gəlməzdən əvvəl, paltarını sandıqdan çıxarıb diqqətlə ütüləmiş, tikişlərinin, qırçınlarının yatımına, sığallanmasına ayrıca fikir vermişdi. Ayaqqabıları da təzə idi. Deyəsən, hətta birinci dəfə geyindiyindən bir balaca sıxırdı da. Ona görə də addımlarını inamla ata bilmir, yıxılacağından ehtiyat edirmiş kimi asta - asta addımlayırdı". İsmayıl Şıxlının bədii duyumu və gələcək nüanslara "əlyerisi" səliqəli bir kənd qızı, hansı ki, bunu kənddə geyinməyə imkanı yoxdur çünki günün 12- 14 saatı ya pambıqdadır, ya da fermada. Bircə indii fürsətdir ki... deputat qiyafəsindədir. Onu müşahidə edən kişi qonağın nəzərlərində də bir psixoloji baxış, xalqın elçisinin kimliyi, eşidiləcək yalan vədlərin həyasızcasına çilçıraqlı salonda səslənməsi. Qızcığaz bəlkə də sövqi - təbii hiss edir ki, nə qədər sadəlbvh olsa da, İlk dəfə buraya ayağı dəysə də ... mənasız bir rəsmi yerə göndərilmişdir. Üstəgəl, deyiləcək sözlərin siyasi mənasını anlamaq iqtidarından məhrumluğu və yorğunluğunun canından çıxması intizarı: "...qızcığaz ehtiyatla ayaqqabısının bir tayını çıxartdı. İpək corabın içində bir - birinə sıxılmış barmaqlarını oynadıb qırışığını açdı. Elə bil qan dövranı qaydaya düşdü. Yanaqları xəfifcə qızardı, qaşqabağı açıldı. Heç kəsin ona baxmadığını yəqin etdikdən sonra ayaqqabılarının o biri tayını da soyundu və dərindən nəfəs alıb səndəldə yayxandı. Hətta gözlərini yumub dincini aldı: Milli Məclis ənənəvi məcrasını davam etdirir. Deputat nazirlər danışır, lakin bunların qızcığaz deputata heç bir aidiyyatı çatmır. Və kəpənək sakitliyilə, abır - ismət durumuyla öz aləmindədir: "Şalını dizinin üstünə salmışdı ki, baldırları görünməsin... Onun qumral gözləri süzülürdü. Özü burada olsa da, fikiri uzaqlarda idi. Elə hey gözləri yol çəkirdi, heç on dəqiqə çəkməmiş bu yol çəkən gözlər yuxuya getdi". İ.Şıxlı daha başqa bir detala toxunur. 18-19 yaşlı qızcığaz ana uşağı olsa da, yaxşı gün görməsə də "əlləri qaralmışdı, barmaqlarında qabar vardı, dərisi bəzi yerlərdə çat - çat olmuşdu, alnında da güclə seziləcək ağ zehlər nəzərə çarpırdı".
İsmayıl Şıxlı deputat obrazının zahiri və daxili aləmini təsvir edəndən sonra oxucu üçün qaranlıq məqam qoymur və birbaşa sosial - siyasi prosesləri ortaya gətirir: "Nazirlər hey danışır, dövlət büdcəsinin artmasından, güzəranın yaxşılaşmasından, ərzaq bolluğundan, yollar çəkilib, məktəblər, xəstəxanalar tikilməsindən hesabat verirdilər". Bir kiçik ekskursiya edərdim ki, yazıçının böyüklüyü zamanı qabaqlamaq və proqnoz verməkdir; İsmayıl Şıxlının 80-ci illər nazirləri, məmurları "təəssüf ki, hələ də yaşayırlar", hamısı deputat olmasa da, illik hesabatlarında yalan danışır, xalqın başının altına yastıq qoyurlar. Məsələ bundadır, o kənd qızcığaz- deputatın qarşısında yox, savadlı, dünyagörüşlü xanımların gözünün içinə söyləyirlər. Və qəribəsi ondadır, onlar belə yalan - palanları hətta müdafiyə edirlər. Qızcığaz - deputat savadsız idisə, anlayırdı olmayan şeyləri və eşitməmək naminə yatmaqla öz təmizliyini, içəridən ləkələnməməyi üstün tuturdu. Yazıçı müdrikliyi yalnız belə olur! Oxucu heç bir şübhə eləmir qızcığaz deputatın xarakterinə. Və ancaq abır - həyası, aldığı tərbiyə onu danışmağa, sözünü açıq deməyə qoymurdu: "Planlar dolurdu, elə hey irəliləyirik... qızcığaz isə yatmışdı. Deyilənləri eşitmirdi, Başa düşsə nə edəcəkdi?! Durub deməyəcəkdi ki, yalan danışırsız, söylədiklərinizin hamısı uydurmadır... Oyaq olsa hamı kimi o da əl qaldıracaq, beləliklə də müzakirə olunan məsələlər haqqında yekdil qərar çıxarılacaqdı. Əslinə baxsan ağıllısını o edirdi: Nə deyilənləri eşidirdi, nə də səs verirdi. Şirincə yatır, elə bil rahat yer tapıb dincəlirdi".
Bu qısa və şirin dilli hekayə haqqında daha çox danışmaq mümkündü, çünki, Milli Məclis xalqın rifahı üçün qanunlar çıxaran ən ali orqandır. Demək, bu qurumda təmsilçilərimiz Sovet deputatlarındantamamilə fərqli xadimlər olmalıdır... qızcığaz - deputat həyası bəzisində çatışmır: az qala xoruldayır, oturuşuna diqqətsizlik göstərir, ən dəhşətlisi elçisi olduğu camaatı, xalqı yalandan inandırmağa təhrik edir və mütilik psixologiyası aşılamağa çalışır. Mənim aləmimdə bir vaxt həmən salonda (məkan nisbidir) İsmayıl Şıxlı əyləşmiş, bir deputat nüfuzu ilə sözünü kəskin, obyektiv şəkildə demişdir; barı, çağdaş bir sıra deputatlar "Deputat" hekayəsini oxuyub nəticə çıxarsınlar!
Yazıçı İ.Şıxlı yaşasaydı və deputat seçsəydilər onu - nə edərdi, nəyəsə gücü çatardımı? Acizliyilə barışıb yuxuya gedərdimi? Amma Allahın qanunları var ki, müqəddəsləri xar etmək üçün ona intəhasız və kövrək əbədiyyət qismət eyləyir, o dünyasına pak, təmiz ruhuyla köçır. İ.Şıxlı son illərində ölümünə yaxınlaşdıqca ürəyindəkiləri yazıya alırdı. Ölməz hekayələr yazırdı. "Məleykə xala", "Qızıl ilan", "Namus qaçağı", "Namərd gülləsi", "Görüş" və s. işıq üzü gördü. Çünki yazıçı ədəbiyyata da hekayə ilə gəlmişdi. Və ixtiyar yaşında bir daha sübut elədi ki, o, sözün böyük hərfiylə Yazıçıdır. Bir bahar günü fəxri xiyabana yolumu salmışdım. Bu məzarıstana tez - tez baş çəkirəm və hər bir insanın borcudur, barı bir neçə saatlığa içindəki kin - küdurətindən, pisliklərindən və ilaxırından uzaqlaşsın. Xeyli aralıda beş - on cavan oğlan, qızın əllərində gül - çiçək dəstələrinin məzara qoyduğunu gördüm. Sonra bir anlığa əyildilər və yola düzəldilər. İsmayıl Şıxlının qranit abidə - məzarından sanki uzaqlaşmaq istəmirdilər. Onun nurlu baxışlarını və mənalı sifətinin cazibəsini tərk etməyə sanki həvəsləri çatmırdı. Şəksiz bunlar tələbələrdi, Amma İsmayıl müəllimin yox. Hərçənd böyük ədibi unutmamışdılar, bir oxucu kimi Cahandar ağaya baş çəkməyə gəlmişdilər? Bəlkə onun qeyrətli, qədirbilən nəvə - nəticələriydi? Cavanlar beş - altı addım uzaqlaşmışdılar. Bu dəqiqələrimdə İsmayıl Şıxlınının Səməd Vurğun barədə yazdığı xatirə - oçerkinin son cümlələrini pıçıldadım: " Güllərin arxasından, qəbrin baş tərəfindən pərişan ağ saçlar göründü. Mənə elə gəldi ki, qəbir tərpəndi. Səməd Vurğun ayağa qalxdı və öz şəklinin arxasında dayandı. Gözüm alacalandı, sarsıldım. Reallıqla vahimə arasında qaldım. Amma yanıqlı bir səs məni özümə gətirdi. " Əlli yaşı tamam olmuşdu: Əlli birindən isə cəmi altımış beş gün yaşadı, mənim belimi sındıran qardaşım".
Ayıldım, tamam ayıldım. Güllərin arxasından çıxan Mehdixan müəllim idi, şairin böyük qardaşı Mehdixan!"
Mən İsmayıl Şıxlının məzarı önündə qəbrinə səpələnmiş tər ətir saçan gülləri, çiçəkləri görürdüm. Sanki ölməmişdi, adəti naminə qara sıx saçlarını barmaqları ilə daradı, sağanaqlı eynəyini düzəltdi. Adəti namanə sinfə göz gəzdirdi, sağ dirsəyini kürsiyə söykədi. Bal təkin şirin və müalicəvi sözlərinə başladı. Bu dəfə təkdim, bu dəfə böyük insanın, yazıçının daşlaşmış məzarı ilə üzbəüz idim. O, inanmıram bu həqiqətə inansın. Mümkünsüzdü bu.
İsmayıl Şıxlının məzarına baş əyən onun tələbəsiydi.

Allahverdi Eminov,
yazıçı



İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK