adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Oktyabr 2018 18:20
23419
ƏDƏBİYYAT
A- A+

III “MƏMMƏD ARAZ POEZİYA GÜNÜ”NƏ YEKUN VURULDU

Oktyabr ayının 8-də III "Məmməd Araz Poeziya günü” çərçivəsində şairin anadan olmasının 85 illiyinə və respublika üzrə şeir müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə düzənlənən yekun tədbirinə respublikanın görkəmli mədəniyyət, ədəbiyyat adamları, M.Araz şeirinin pərəstişkarları, şairin ailə üzvləri, yaxınları qatılmışdı.

Tədbir ənənəvi olaraq unudulmaz sənətkarın lentə alınmış öz ifasında səslənən şeiri ilə başladı. "Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlı il boyu şairə həsr olunmuş silsilə tədbirlər barədə məlumat verdi. O bildirdi ki, bu layihə çərçivəsində İsmayıllıda, Neftçalada, Bakıda–Xətai payonunun "Zəkalar” liseyində keçirilən ədəbi görüşlərə aprel ayında Qazax rayonundan start verilib. Sairin şeirlərinin ifası üzrə qalib olmuş məktəblilər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun diplomları, təşəkkürnamələri və hədiyyələri ilə rəğbətləndirilib. Bu günki tədbirin əsas məqsədi ustad şairin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin elan edilməsidir. Q.Əzizxanlı vurğuladı ki, şeir müsabiqəsində məktəblilərdən təqaüdçülərədək bir neçə nəslin nümayəndəsi iştirak edib. Ən kiçik iştirakçılar Mingəçevirdən 20 saylı məktəbin 3-cü sinif şagirdləri Məhəmməd Məlikzadə Ayşən Əhmədova olub. O, müsabiqəyə 30 rayondan 50-dək müəllifin 100-dən çox mətn göndərdiyini söylədi.


Sonra filologiya elmləri doktorları Cavanşir Yusifli, Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, AYB katibi şair İlqar Fəhmidən ibarət münsiflər heyətini təmsil edən respublikanın ən gənc elmlər doktoru Elnarə Akimova şeir müsabiqəsi qaliblərinin adlarını açıqladı. 

Xəzər Universitetinin təsisçisi, universitetin Qəyyumlar və Direktorlar Şurasının sədri Hamlet İsaxanlı, millət vəkili, yazıçı Aqil Abbas, şairin qızı "Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncay, şair Dilsuz, Bilik Fondunun təmsilçisi Hacı Abdulla Nərimanoğlu, rəssam Kirman Abidin Prezident yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi diplomları, təşəkkürnamələri eyni zamanda, hədiyyələri şairlərdən Xalid Mahmuda (I yer), Mina Rəşidə (II yer), İbrahimxəlilə (III yer), Ağasəfaya, Mayis Səlimə və "Məmməd Araza yazılmış ən yaxşı şeir” nominasiyasının qalibi Əlizadə Nuriyə, həmçinin ustad şairin şeirlərinin ifası üzrə seçim turunun qalibi olmuş Xəzər Universitetinin tələbələri- Aytən Əsgərova, Aytac Həsənova və Pinar Məmmədzadəyə, Xətai payonu "Zəkalar” liseyinin şagirdləri Nəzrin Ağazadə, Əbülfəz Rzazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva və Şəbnəm Haşımlıya təqdim etdilər.

Daha sonra tədbirin aparıcısı Xəzər Universiteti filologiya fakültəsinin tələbəsi Səkinə Ələkbərova şeir ifası üzrə 2017-ci ilin M.Araz adına "Qartal” mükafatı laureatı Nizami rayonu 12 saylı tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədova söz verdi. 

Balaca məktəblinin özünəməxsus manera ilə şeir söyləməsi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti Əməkdar artist Nuriyyə Hüseynova, Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqova, tanınmış aşıq-müğənni Solmaz Kosayeva, müğənnilərdən İlham Əsgəroğlu və Məhsəti Cabbarovanın ifaları alqışlarla qarşılandı. Moskva Dərviş Teatrının aktyoru Şirzad Pirallahının ifasında M.Arazın "Ayağa dur, Azərbaycan” şeirini bütün salon ayaq üstə alqışladı.

III "Məmməd Araz Poeziya günü” professor Hamlet İsaxanlının yekun çıxışı ilə başa çatdı.