adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Oktyabr 2018 20:36
9202
ƏDƏBİYYAT
A- A+

Yazan əliniz var olsun

Azərbaycan romantik ədəbi məktəbinin görkəmli nümayəndəsi Hüseyn Cavid yaradıcılığının tədqiqində, əsərlərinin nəşrində mühüm xidmətləri olan filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın böyük xidmətləri var. "Cavid minilliklərin yazarıdır. Cavid kimi sənətkarlar bəşəriyyət üçün doğulanlardır. Bəşəriyyət üçün doğulanların isə hər zaman nəşrə, öyrənilməyə ehtiyacı var" söyləyən xanım tədqiqatçı bu sahədə bir çox işlər görmüşdü. Belə ki, "Kaspi" qəzetinin təşəbbüsü ilə Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında 2013-cü ildə "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri) kitabı İstanbulda nəşr olunmuş və oxucuların ixtiyarına verilmişdi. 2015-ci ildə isə "Hüseyn Cavid. Vətənə qayıdış" məqalələr toplusunun və eyni adlı fotoalbomun yüksək nəfisdə çapı həyata kecirildi. Bütün bunlar tərtibçi, redaktor və ön sözün müəllifi olan S.Vəliyevanın H.Cavid yaradıcılığına, şəxsiyyətinə olan sevgisindən, sayğısından irəli gəlir və xanım tədqiqatçının "Müasirləri Hüseyn Cavid haqqında" adlı bu günlərdə işıq üzü görən kitabı da bu sayğının nəticəsidir.
Əsərin elmi redaktoru görkəmli cavidşünas, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevdir. Əsərdə H.Cavidin müasirlərinin onun haqqında olan məqalələri, xatirələri, şeirləri, məktubları və eyni zamanda ədibin müasirləri ilə bağlı mülahizələri toplanıb.
Bildiyimiz kimi, müasirləri, tədqiqatçıları, məsləkdaşları müxtəlif illərdə, müxtəlif aspektlərdən H.Cavidin ömür yolunu, yaradıcılığını araşdırmış, dəyərləndirmişlər. Buna baxmayaraq bu gün də, sabah da korifey sənətkarın həyatının, yaradıcılığının tədqiqinə ehtiyac duyulur. Sona xanım Vəliyevanın təbirincə desək "həmişə yeni forma, və məzmun axtarışı ilə müasirlərindən fərqlənmiş" ədibin sənəti hər an yeni söz, yeni fikir deməyə imkan verir. Müasir cəmiyyətimiz üçün böyük əhəmiyyət və dərin məzmun kəsb edən bu yaradıcılığa qaydış "bir millətin soy-kökünə qayıdışı deməkdir".
Xanım tədqiqatçı "Hüseyn Cavid müasirlərinin gözü ilə" ön sözündə qeyd edir ki, "H.Cavid irəli sürdüyü möhtəşəm ideyalarla həmişə bizim müasirimizdir və əsərlərindəki türkçülük, turançılıq ideyalarını çağdaş düşüncəli soydaşlara elmi-fəlsəfi təhlillərlə çatdırmaq milli kimliyin dərkinin ideoloji səviyyədə əxzi deməkdir".
"H.Cavid bütün dövrlərin ədəbi şəxsiyyəti olmaq gücündədir" -söyləyən Sona xanım çox haqlıdır. Əksər cavidşünasların fikrincə H.Cavid "yaradıcılığı yalnız ədəbiyyat hadisəsi deyildi, o, dahiyanə əsərləri ilə digər nəhəng ədiblərimiz kimi bütövlükdə milli-ideoloji düşüncəyə nüfuz etməyi və hər cür ideologiyanın, ədəbi zövqlərin, süni izmlərin fövqündə dayanmağı bacaran, insani sifətə malik olan, saf ədəbiyyat yaradan bir ədib idi". Ona görə də tədqiqatçı xanım cəkinmədən ədibin yaradıcılığının "nadir bədii keyfiyyətlərə malik" olduğunu söyləyir. Milli-mənəvi dəyərlərə, müstəqillik ideyalarına, vətənə, müqəddəs torpağa, böyük türkçülük və azərbaycançılığa söykənən, onun təbliğinə yönələn bu keyfiyyətlər bugünümüz üçün də zəruridir.
Ölkəmizdə böyüməkdə olan gənclərin milli ruhda, milli zəmində tərbiyə olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğu indiki şəraitdə H.Cavidin şəxsiyyəti və yaradıcılığı bir tərbiyə məktəbidir. Bu məktəbin təlim-tərbiyəvi əhəmiyyətinin acıqlanmasında "Müasirləri Hüseyn Cavid haqqında" kitabın da "mühüm rol oynayacağına inanırıq".
Müəllif əsərində romantiklərin ədib və ədibin onlar haqqında fikir və mülahizələrinə yer verib. İlk olaraq M.Hadinin ədibin "Pəmbə carşaf" şeirinə cavab olaraq yazdığı "Əlvani-nəfasət" sərlövhəli şeiri yer tutub.
Yeri gəlmişkən, qeyd edək ki, romantiklər arasında məfkurə baxımından bir-birinə daha çox yaxın olan da elə M.Hadi və H.Cavid olmuşdur. Hətta illər sonra sovet dövründə tənqidci M.K.Ələkbərli "Aprel ədəbiyyatı" məqaləsin də belə bir fikiri vurğulanmışdır ki: "...Hüseyn Cavid və Məhəmməd Hadi də bir məktəbin məhsuludurlar". Cavidşünas M.Cəfər isə yazırdı: "H.Cavidin də əsas yaradıcılıq ideyaları, baş mövzusu, ruhu, məzmunu etibarı ilə M.Hadiyə çox yaxın idi".
"Şəlalə jurnalındakı mübahisələr" bölməsində şairin "Sevinmə, gülmə quzum!" şeiri haqqında mübahisəli fikirlər və bu mübahisələrə ədibin münasibəti açıqlanır. 1913-cü ildə Bakıda çap oluan "Şəlalə" jurnalda romantiklərin ən fəal üzvlərindən M.Ə.Rəsulzadə, M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid və S.Hüseynin şeirləri, məqalələri ilə yanaşı ədəbi-tənqidi diskussiyaları da çap olunub. Onlardan biri də dövrü mətbuatda mübahisələrə səbəb olan H.Cavidin "Sevinmə, gülmə, quzum!" adlı şeiridir. "Şəlalə"nin redaktoru X.X.Səbribəyzadənin H.Cavidin bu şeirinə mənasız müdaxiləsi və sonra da özünə haqq qazandırması ədibin etirazına səbəb olmuşdur.
X.X.Səbribəyzadənin "İqbal"ın 17 mart 1913-cü il tarixli sayında "Açıq cavab" sərlövhəli "Hüseyn Cavid Əfəndiyə..." məktubu verilib. Məzmunca çox uzun olan bu məktubda "Şəlalə"nin redaktoru şairin şeirinə müdaxiləsində haqlı olduğunu cəhdlə oxucusuna inandırmağa çalışır.
H.Cavid də öz fikirlərini, ədəbi mülahizələrini məktub və cavab formasında bildirərək, burada da klassik üsluba sadiq qalmışdı. (Məsələn, M.F.Axundovun "Əkinçi" qəzeti haqqında H.Zərdabiyə məktubları, F.Köçərlinin, M.Cəlilin, M.Ə. Sabirin, A.Şaiqin və başqalarının dövrün digər ziyalılarına məktubları). Bu həm də ondan irəli gəlirdi ki, dövrün ziyalıları bu məsələlərə daha ciddi yanaşmış və ədəbi əməkdaşlıq etmiş, fikirlərini ədəbi mübahisələrlə bildirmişlər.
Ədib də bu məsələyə münasibətini "İqbal" qəzetinin 12 may 1913-cü il tarixli sayında "Cavablara cavab, yaxud ikinci rica" adlı publisistik məqaləsində mübahisənin nəzakət və hörmətlə bağlanmasına xitam vermişdir.
Deməli, H.Cavidə qarşı ilk qərəzli tənqid "Şəlalə"nin redaktoru tərəfindən edilmişdir. Bu qərəzli çıxışa dövrün bir çox qələm əhli ilə yanaşı Məhəmməd İbn Abdulla da münasibətini bildirmişdi. "Məhəmməd İbn Abdulla" imzası ilə çap olunan bu məqalənin müəllifi tədqiqatçı alim Q.Məmmədlinin fikrincə, H.Cavidin "böyük qardaşı Şeyx Məhəmməd Rasizadədir".
Əsərin "Siyasi düşüncə və Hüseyn Cavid" bölməsi M.Ə.Rəsulzadənin "Hüseyn Cavid haqqında" sərlövhəli məqaləsi ilə başlanır. H.Cavidi türk dünyasında ilk təbliğ edən M.Ə.Rəsulzadə olub. Ədib "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində bu haqda bəhs etmiş və sovet tədqiqatçılarının ədibin əsərləri haqqında söylədikləri fikirlərə də münasibət bildirmişdir.
M.Ə.Rəsulzadə ilə yanaşı, bir çox mühacir ədəbiyyatşünaslarımız, o cümlədən M.B.Məhəmmədzadə, H.Baykara, S.Təkinər, M.H.Türkəqul da mütəfəkkir şairin əsərlərindəki siyasi-ideoloji görüşlərini araşdıraraq təhlil edib dəyərləndirmişdilər.
Xanım tədqiqatçı M.B.Məhəmmədzadənin 1924-cü ildə "Yeni Qafqasiya" jurnalının 20, 21, 22-ci saylarında çap etdirdiyi "Azəri türk ədəbiyyatının dünəni və bugünü" adlı iri həcmli məqaləsindən bir parcanı oxucularına təqdim etmişdir. H.Cavid yaradıcılığına xüsusi diqqət yetirən M.B.Məhəmmədzadə məqaləsində onu "Azərbaycanın müqtədir şairi" adlandırırdı.
Bir oxucu kimi deyərdim ki, əsərdə daha çox diqqətimi cəlb edən "Sovet dövrü yazıçıları və Hüseyn Cavid" adlanan bölmə oldu. "Ədəbi prosesi ədəbi qanunlarla yox, siyasi göstərişlər, mülahizələr əsasında" "idarə" edən sovetlər məhz 1920-26-cı illərdə H.Cavid yaradıcılığında "ziddiyyət" axtarışında olub.
Kimi 1926-cı ildən sonra H.Cavidin yaradıcılığında "ciddi dönüş olduğunu" iddia edib, kimi də "yeni quruluşa qarşı biganəliyindən" şikayətlənib. Əqidəsinə sona kimi sadiq qalan ədib əsərlərində bolşevik hakimiyyətinə nifrətini açıq-aşkar nümayiş etdirdiyi üçün tənqidçilər onu əsasən "türkçüdür, islamçıdır" deyə günahlandırır, romantikliyini isə "panislamist", "pantürkist" kimi adlandırdılar. "Günün nəbzini tuta bilməməkdə" günahlandırılan H.Cavid əsrin nəbzini tuta bilmişdir" ki, bu gün o, həm bir qələm sahibi, həm də bir pedaqoq kimi şəxsiyyəti, sənəti, yaradıcılığı ilə gənc nəslə örnəkdir.
Bu bölmədə ilk yazı Cəfər Cabbarlının "Şeyx Sənan" məqaləsi ilə başlayır. Bu məqalələr sil-silə şəklində əsasən "Cim" imzası ilə "Kommunist" və "Zəhmət" qəzetlərindfə çap olunan yazılardır və burada H.Cavidin tamaşaya qoyulan əsərlərindən (əsasən "Şeyx Sənan"dan) bəhs edilir. Daha çox tənqidi xarakterdə yazılan bu məqalələr də C.Cabbarlı marksist tənqidin vulqar təsiri altında H.Cavid yaradıcılığına eyham və tənqidi münasibətdə yanaşır. "Bakıda oturub İstanbuldan yazan", Azərbaycanda "təsvir üçün bir həyat və bir şəxs tapmayan, Azərbaycan həyatından bir mövzu ala bilməyən" -deyərək kəskin şəkildə fikrini bildirirdi. Lakin müəllif unudurdu ki, özü də bir neçə il əvvəl qələmə aldığı "Trablis müharibəsi" və "Ədirnə fəthi" əsərlərinin mövzusunu məhz Türkiyə tarixindən götürmüşdü.
Bir faktı da qeyd edim ki, o zaman yazılmış ədəbi-tənqidi məqalələrin böyük əksəriyyətində H.Cavidin dramlarındakı obrazların mühakiməsi əsas rol oynayırdı. Müəlliflər sanki ittihamçı rolunda çıxış edərək, obrazları canlı bir insan kimi qarşılarına qoyub onu ittiham edirdilər. Bəzən də bu ittihamlar çox kəskin şəkildə dramaturqun özünə qarşı çevrilirdi.
C.Cabbarlı kimi, M.K.Ələkbərli də H.Cavid haqqında yazdığı məqalələrdə çox kəskin tənqidi fikirlər bildirməklə yanaşı, ədibi "İran və Turan saray həyatının pozğun varlığını" təbliğ etməkdə günahlandıraraq yazırdı: "Hüseyn Cavid 1932-33-cü illərdə bizim səhnəmizə "Səyavuş" kimi əsər vermişdir ki, burada eski İran və Turan saray həyatının pozğun varlığını açıb göstərmiş...".
Bölmədə Əkrəm Cəfərin "H.Cavidə açıq məktub" şeri də yer alıb. 1930-cu ildə Əkrəm Cəfərin "İnqilab və mədəniyyət" jurnalında çap olunan bu şeir də H.Cavid yaradıcılığı ciddi tənqidə məruz qalır.
Əsərdə "Ədəbi tənqid və Hüseyn Cavid" bölməsi həcim baxımından daha genişdir. Burada dövrün tanınmış ədəbi tənqidçilərindən Hənəfi Zeynallı, Əli Nazim və Xəlil İbrahimin məqalələri verilib. Unutmaq olmaz ki, H.Cavid yaradıcılığının düzgün qiymətləndirilməsində və inkişaf etdirilməsində ilk olaraq o dövrün gənc, istedadlı tənqidçilərindən H.Zeynallının, Ə.Nazimin, M.Quliyevin müəyyən xidmətləri olmuşdur.
H.Zeynallının həmin illərdə dövrü mətbuatda çap etdirdiyi "Hüseyn Cavidin yazdığı "Peyğəmbər" haqqında mülahizələrim" və "Şeyx Sənan" haqqında mülahizələrim" adlı elmi məqalələri, əksər cavidşünasların fikrincə "sanballı tədqiqat xarakteri daşıyan elmi əsərlərdir".
Dövrün görkəmli publisisti Xəlil İbrahim "Ədəbiyyat şəcarələri" adlı irihəcmli məqaləsində Cavidi "dəyərli şair" adlandırırdı: "İşçilər ədəbiyyatını zinətləndirən əsərlərdən birisi dəyərli şairimiz Hüseyn Cavidin "İblis" hailəsidir. "Şeyx Sənan" və "İblis" səhnəmizin birər zinətidir"-söyləyən müəllif sonralar sanki öz fikirlərini təkzib edərək ədibə qarşı amansız tənqidə keçir.
Əsərin sonuncu bölümü "Xatirələr, məktublar və Hüseyn Cavid" adlanır. Burada ədibin ən yaxın dostu Əziz Şərifin H.Cavid və əsərləri haqqında fikirləri, xatirələri yer alıb. Daha çox təsirli H.Cavidin ömür-gün yoldaşı Müşkinaz xanıma ünvanladığı məktublar və Müşkinaz xanımın ədib haqqında xatirələridir. Bu məktubları və xatirələri sakit oxumaq qeyri mümkündür...
Cavidsevərlər üçün ən qiymətli hədiyə olan bu əsər bir daha sübut etdi ki, ədəbin irsi hər zaman aktualdır və əhəmiyyətlidir. Ona görə də bu zəngin irs daha da ətraflı öyrənməli, elmi tədqiqatlar səmərəli, müntəzəm aparılmalı, intensiv şəkildə araşdırılmalı və gələcək nəsillərə çatdırılmalıdır. Bu işdə hər bir cavidşünasa, o cümlədən Sona xanım Sizə də uğurlar arzulayırıq. Yazan əliniz var olsun, görən gözünüz nurla dolsun!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist