adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Oktyabr 2018 20:30
3201
GÜNDƏM
A- A+

Uğura gedən yol müəllim əməyindən keçir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Sərəncamlar imzalayıb.
Oktyabrın 4-də imzalanan sərəncamlara əsasən, Azərbaycan Respublikasının öncül təhsil işçiləri "Tərəqqi" medalına və "Əməkdar müəllim" fəxri adlarına layiq görülüblər. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən, 63 müəllim "Tərəqqi" medalı ilə, 109-cu maddənin 32-ci bəndinə əsasən, 64 müəllim "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Cənab Prezident hər il təhsil işçilərinin gərgin əməyini yüksək qiymətləndirərək bu səpkili sərəncamlar imzalayır, bununla yanaşı, müəlimlərin həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə dövlət səviyyəsində mütəmadi qərarlar qəbul olunur.
Ölkəmizdə müəllim əməyinə yüksək qiymət verilir. Pedaqoji sahənin təmsilçiləri dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunublar.
İşıqlı gələcəyin məhz müəllimlərin əməyinin nəticəsi olaraq formalaşması sübuta ehtiyacı olmayan aksiomadır. Dövlətimiz müəllimləri daim diqqət mərkəzində saxlayır, onların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən silsilə tədbirlər həyata keçirilir. Bu gün təhsil sahəsində yürüdülən siyasətin əsası Ulu ondər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider müqəddəs peşə sahiblərinin himayədarı idi. "Mən dünyada müəllimdən yüksək ad tanımıram" deyən Heydər Əliyev müəllimləri ən uca zirvədə görürdü. İndi də bu siyasət uğurla davam və inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq, hər il olduğu kimi, bu il də silsilə tədbirlər həyata keçirib.
Şirvan şəhərində təqaüddə olan müəllimlərə, bölgələrdə fəaliyyət göstərən qabaqcıl müəllimlərə "Təşəkkürnamə"lər verilib, Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Veteranları üçün Pansionatda yaşayan təqaüdçü müəllimlərlə görüş təşkil olunub, Tərtərdə yerləşən N saylı hərbi hissədə "Əsgərdən müəllimə məktub" adlı aksiya keçirilib və bir hərbi hissədən ölkənin 20 şəhər və rayonunda çalışan məktəb müəllimlərinə əsgər məktubları ünvanlanıb.
Oktaybrın 5-də Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Xızı rayonunda təhsil ictimaiyyəti ilə görüşüb və fərqlənən müəllimlərə Fondun hədiyyələri təqdim edilib.
Bilik Fondunun 76 rayonda nümayəndəsi fəaliyyət göstərir, onların böyük əksəriyyəti təhsil işçiləridir.
Cənab Prezidentin imzaladığı Sərəncamla Bilik Fondunun Yevlax rayonu üzrə nümayəndəsi Əhmədova Zərxanım Yusif qızı da "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bu hadisə bizə ikiqat sevinc yaşatdı.
Əziz və doğma müəllimlərimiz, böyük uğurlara aparan yol sizin əməyiniz, təcrübəniz, qayğınızdan keçir. Bizim dünənimiz, bugünümüz və sabahımız sizinlə bağlıdır. Gününüz mübarək olsun!
Könül Nuruqızı,
Azərbaycan
Respublikasının
Prezidenti yanında Bilik Fondunun "Gənc jurnalistlər" Klubunun üzvü