Azərbaycanla Meksika DİN-lər arasında əməkdaşlıq haqqında saziş layihəsi hazırlanıb
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.
Qonağı salamlayan nazir Meksikanın respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, son illər ikitərəfli əməkdaşlığın bir sıra sahələrdə genişləndiyini, beynəlxalq arenada qarşlıqlı maraq doğuran bəzi məsələlərin həllində ölkələrimizin biri-birini dəstəklədiyini xatırladıb.
Daha sonra general-polkovnik R.Usubov müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, gərgin ictimai-siyasi və kriminogen durum, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, ulu öndərin kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar, həmçinin cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə məlumat verib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Xuan Rodrigo Labardini Flores ölkəmizdəki dayanıqlı sabinlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə edib, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.