adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Oktyabr 2018 17:15
15467
ƏDƏBİYYAT
A- A+

Pampaq adamın gündəliyi

Hamı onu ələ salırdı. Qəhqəhə ilə müşahidə olunan zarafatlar onun gündəlik həyatının bir hissəsi idi. Belə demək mümkünsə ayrılmaz bir hissəsi idi. Bu hissələrin ən yaddaqalanlarını, fəlsəfi yük daşıyanlarını xüsusi həvəs və zövqlə öz dəftərçəsinə qeyd etmək pampağın sevdiyi işlərdən idi. Hər gün dayancaqda, metroda, piyada keçidində, işdə, hətta jekdə də onu ələ salırdılar. Natamamlıq kompleksini özündə hiss etdikcə, bu haqda yazılan fikirləri, məqalələri oxuyur, oxuduqca bədbinləşir, yekun və qəti bir nəticəyə gəlib çıxa bilmirdi. Hər müəllif də məsələyə ayrı cür yanaşır, tamam fərqli baxışları ortaya qoyurdular.

Bir gün maaş köçürən Tahir dayı onu görüb var gücü ilə qışqırmağa başladı. Əcaib səslər çıxarandan sonra hırıldayıb: "Ayə, pampaq! Bu gün maaşını alarsan, sənə yardım da yazmışam a qıvlasız!” Tahir dayı çox kefcil adam idi, qarnı böyük qlobusu xatırladırdı, ixtisasca baytar olsa da, idarənin baş mühasibi işləyirdi. Bütün günü içki məclislərində mənasız sağlıqlar müəllifi olmaqdan yorulmurdu. Dostları ona "Rumka Tahir” deyirdilər. İndi hardansa ağlına gəlib ki, pampağın yardıma ehtiyacı var... Pampaq donmuş halda, qorxa-qorxa başını tərpədib ehmalca gülümsədi. Dişləri qarğıdalı dənələri kimi sıra ilə düzülmüşdü. Elə bil süd dişləri hələ tökülməyib. Pampağın işi həm vacib, həm də ağır idi. İdarəyə gələn yüklərin boşaldılmasına və aidiyyatı üzrə yerləşdirilməsinə cavabdeh idi. Bir dəfə yoxlama vaxtı ona 1945-ci ilin qaz peçlərinə maddi məsul şəxs kimi qol çəkdirmişdilər. Heç onda pampağın atası da dünyaya gəlməmişdi. Bu işi ona kim tapşırmışdısa adama elə gəlirdi ki, pampaqla məzə vurmaq istəyibmiş. İnsafən pampaq işinin ustası idi. İşində çəyirtkə kimi cəld idi. Baxmayaraq ki, həyat yolunda tısbağa kimi ləng və astagəl təəssüratını bağışlayırdı. Qadınlarla bağlı isə lap tənbəlin yekəsi idi. Qırx yaşına çatsa da bir xanıma göy gözünün ucu ilə də baxmamışdı. Bəlkə də nə vaxtsa baxıb, amma hələ onu bir xanıma baxan yerdə görən olmamışdı.

Nahar fasiləsində pampağın dəyişməz menyusu var idi: "İki yumurta, bir az pendir, yanında da soğan.” Elə iştahla yeyirdi ki, elə bil dünyanın ən ləziz nemətini nuş eləyirdi. Sonra uzun zaman fikrə gedirdi. Fikirlər onu köhlən at kimi çapırdı. İçində boy verən dalğalar gözlərinin ağında görünürdü. Axşamlar Fixtenin, Feyerbaxın, Kantın fəlsəfi fikirlərini oxumadan yatmazdı, yatmaq

istəsə də gözünə yuxu getməzdi. Şopenin musiqilərini ana laylası qədər əziz bilir, Dalinin bir rəsmini isə yatağının başına vurmuşdu. O vaxt məktəb kitabxanasında işləyən Flora bibisi Dalinin rəsm əsərini pampağa hədiyyə eləmişdi. Düzdü, rəsm əsəri papmaq üçün anlaşılmaz və naməlum görünmüşdü, amma sonralar bu rəsm əsərini xatirə kimi yatağının baş ucundan asmışdı.

Cümə günü azan səsinə oyanan şəhərin sakinlərinin üzündə qəribə bir təbəssüm, naməlum bir sevinc var idi. Pampaq öz qeydlərini üç cümlə və bir bənd şeirlə bitirmişdi: "Yazmaq istəyirəm, yox yaşamaq istəyirəm, əslində isə...”

Hamı çıxıb gedəndə,

Məni yola salanda...

Sərxoş buludların

Altında xoşbəxtliyim

Bir də ki ümidlərim

Sizə "salam” deyəcək...

Hava qaralırdı. Pampaq morqda işləyən mürdəşirin soyuq baxışları ilə qarşı-qarşıya qalmışdı. Saatın çaqqıldısı qulaq deşirdi.

Sabah hamı maaş alacaq, Tahir dayı yenə sağlıqlar deyəcək, amma bir də pampaq adamın yerinə lağa qoyulmaq üçün namizəd tapılmayacaq...

Tural Cəfərli