adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MƏN BiLMƏDiM iQDIRDAYAM, YOXSA A?CABƏDiDƏ?

AQİL ABBAS
31992 | 2007-02-06 23:37
Dünən Türkiyə səfərimlə bağlı beş-on kəlmə yazmışdım. Onu da vəd eləmişdim ki, imkan olsa səfər qeydlərimi oxuculara çatdıracam. Qeyd deyəndə ki, mən heç vaxt nəyisə kitabçaya qeyd eləmirəm, beynimdə qalırsa qalır, qalmırsa, qalmır.
   
   Deməli, belə. Azərbaycanın bir qrup jurnalistini İqdıra, Qarsa qonaq dəvət eləyiblər ki, gedək camaatı görək, kəndləri görək, ermənilərin Qarsda (buna diqqət eləyin, sonra deyəcəm), o vaxt Rusiyanın əlində olanda, törətdikləri vəhşilikləri görək və sair və ilaxır.
   
   Mən təyyarədən it kimi qorxuram. Təyyarəyə minib düşənədək Allaha, 124 min peyğəmbərə yalvara-yalvara, Həzrəti Əliyə yalvara-yalvara, İmam Hüseynə yalvara-yalvara uçuram ki, ayağım bir də torpağa dəysin. Hələ ki, qurban olduqlarım məni eşidir, ayağım torpağa dəyir. Sözün düzü, belə qorxduğuma görə həmişə təyyarəyə minəndə bir az vururam ki, yatam, nəsə bir şey olsa bilməyəm, təyyarəyə minən kimi ayılıram, maya batır.
   
   Bu dəfə təyyarəyə minəndə özümü boğdum və içmədim. Uçuruq. Qurbanlar deyə-deyə gedirəm. Təyyarəylə Naxçıvana çatanda elan etdilər ki, duman olduğuna görə Naxçıvana düşə bilməyəcəyik, qayıdırıq Bakıya. İndi gəl də, Aqil Abbas! Bir tərəfdən Allaha yalvarıram, bir tərəfdən kiməsə söyürəm və bir də onu deyirəm ki, ə, day niyə Bakıya qayıdırıq, elə düşək də Gəncəyə. Gəncə yaxındı. Sonra heç ekipaj bizə məlumat vermədən bizi Gəncəyə yendirdi. Düşmüşük, qorxmuş adam, ayıq adam. Və məlum oldu ki, Gəncə aeroportunda sudan, sokdan və şokoladdan başqa heç nə yoxdur. Və ilk dəfə millət vəkilliyimdən istifadə elədim. Qanunlara görə bizə ayrılmış yerdən kənara çıxa bilmərik. Dostlar da mənim kimi dilxordular. Görünür məşhurluğuma görə yox, saçlarıma görə məni tanıdılar, dedilər siz Aqil Abbassınız? Dedim, hə. Dedilər, nə qulluq? Dedim, icazə verin o yasaq olmuş ərazini keçim. Dedilər ki, bir millət vəkili kimi buna hüququnuz var, amma bir Aqil Abbas kimi də sizi buraxırıq. Keçdim o biri tərəfə. Yaxşı bir bazarlıq elədim, bazarlığın gözəlliyi də ondan ibarətdir ki, araq da verdilər. Gətirdim (düzdü, sonra Yunus Oğuzun xətrinə də yumurtadan, qutabdan gətirdilər, adam gərək düzünü desin) bu üzə və sonu məlum. İndi qardaşım, hara istəyirsən uç.
   
   Bu da Naxçıvan. Naxçıvanda heç bir qohumuma telefon açmadım. Amma bu millət hələ də Məmməd Arazı sevir. Məmməd Arazı sevənlər mənə elə bir qayğı göstərdilər ki, elə bil Məmməd Arazın özü gəlmişdi. Hətta bu qayğıdan utandım.
   
   Bu da bizi İqdıra aparacaq avtobus. Bu da sərhəd. Dədəmin goru haqqı, məşhur olmaq çox gözəl şeydi, tanınmaq çox gözəl şeydi. Sərhədçilər, gömrükçülər cavan uşaqlardı, gəlib deyirlər ki, dayı, icazə ver sənlə görüşək. Adama nə ləzzət eləyir, ay can-ay can.
   
   Keçirik millətimizin ikinci dövlətinə, həmin sayğını Türkiyə tərəfdən də gördüm. Kimsə deyir ki, burda millət vəkili var, sayğı birə beş artır (Bu barədə bir qədər sonra). Bizi polis gözləyir və düşür avtobusumuzun önünə, düz İqdıra qədər bizi müşayiət edir.
   
   Bizim Qarsdakı hörmətli baş konsulumuz Həsən Zeynalov dəfələrlə telefon açır, bizimlə maraqlanır. Deyirik ki, hər şey çox gözəldir, amma yenə narahatdı, yenə telefon açır.
   
   Bu da İqdır. Bizi elə qarşılayırlar ki, elə bil ki, hansısa başqa bir dövlətin ən azı hökumət başçısı gəlib. Mənim qəzetçi dostlarım da məni irəli itələyirlər ki, millət vəkilimizdi. Türkiyədə millət vəkili bizdəki kimi deyil ey, Türkiyədə millət vəkili çox böyük adamdı. Lap böyük adamdı ey, cümhur başkanından, baş bakandan sonra millət vəkili gəlir. Nə kef eləməli yerdi, adama ləzzət eləyir. Səni burda adam sayırlar, sənə burda "sayın millət vəkili" deyirlər.
   
   Türkiyədə çox gözəl bir adət var. Onlar Heydər Əliyevə "Sayın Ulu Öndərimiz" deyirlər, İlham Əliyevə "Sayın Cümhur başkanımız" deyirlər, Azərbaycanın millət vəkilinə də "Sayın millət vəkilimiz" deyirlər. Yəni onlar bizi özləri bilirlər.
   
   Bu da İqdır. And olsun Allaha, bilmədim Ağcabədidəyəm, ya Ağdamdayam, yoxsa İqdırdayam. Evimdəydim.
   
   Mən çox xarici ölkələrdə olmuşam. Amma həmişə Türkiyədə olanda elə bilirəm ki, Ağdamdayam. Ürəkli oluram, hətta dalaşa bilirəm, kiməsə söyə bilirəm və bunlar da olub. İndi İqdırda olanda da məni möhkəm bir gülmək tutdu.
   
   Gəlin səmimi olaq də. Məsələn, mən gedirəm Ağdama, Ağcabədiyə, Bərdəyə,Yevlaxa, dəxli yoxdu olsun Şəmkirə, ya Gəncəyə. Camaatla görüşüb-eləyirsən, camaatla bir qismət çörək kəsirsən, amma axşam mütləq sənə bir gözəl qonaqlıq verirlər. Səni oturdurlar başda və bu qonaqlıqlarda da kimlər iştirak edir":: icra başçısı, prokuror, rəis, hərbi komissar, hakim, həmin ərazidəki korpusun komandiri və sair və ilaxır. Bu da İqdır. İndi mən bilmədim bura Ağcabədidi, yoxsa Ağdam.
   
   Bizə ziyafət verirlər. Vali, bələdiyyə başkanı, vilayətin baş prokuroru, vilayətin baş hakimi, vilayət əmniyyət idarəsinin müdiri, vilayət jandar komutanı, bir də təbii ki, vilayətin sayılıb-seçilən ziyalıları. Bir fərqimiz odur ki, biz rayonlara gedəndə vəzifəli adamlar olur, ziyalı təsadüfən olur.
   
   Bu da İqdır. Bələdiyyə başkanı Nurəddin Aras bizi birinci qarşılayandı, sonra sayın baş savçı (baş prokuror) gəlir, əmniyyət müdiri gəlir, yəni polis rəisi, vali gəlir, baş hakim gəlir və sair və ilaxır. İqdırdakı Polis evinin restoranında gözəl bir süfrə açıblar. Polis evləri ilə bağlı bir üç il öncə yazmışdım və çalışacam bu mövzuya bir də qayıdım. Süfrədə quş südü, can dərmanı, kasıbın olanından. Və bizim heç birimiz də ora gözəl yeməklər yemək üçün getməmişdik. Bir az da səmimi deyim, elə bizi Azərbaycanda da ərköyün böyüdüblər (biz deyəndə qələm sahiblərini, ziyalıları nəzərdə tuturam, millət vəkilliyi sonra gəlir), həmişə istəyirik ki, məclisin başında oturaq. Və məni, sayın millət vəkilini, keçirirlər məclisin başına. Sağımda bələdiyyə başkanı Nurəddin Aras oturub, solumda vali Saim bəy. Məclisi keçirirəm ələ. Kimə istəyirəm ona söz verirəm. Vali Saim bəy söz istəyir, ev sahibi mənəm, burası İqdır, o Türkyənin hansısa şəhərindən gəlmiş, söz vermirəm, deyirəm ki, gözlə, vaxtın çatanda sənə də söz verəcəm.
   
   Məclisdə quş südü də var, amma urus it uşağının icad elədiyi araq yoxdu. İki səbəb":: birincisi, türklər alkoqola elə meylli deyillər (siz kinolarda gördüklərinizə fikir verməyin), ikincisi də, Məhərrəmlikdir, yəni əsl müsəlman məclisində oturmuşuq. Yəni məni danışdıran da, özünü ev yiyəsi kimi apartdıran da şərab deyil, elə ev yiyəsi olmağımdı.
   
   Gecə keçir, heç kim qalxmaq istəmir.Çünki burda iki dövlətin bir milləti əyləşib. Və bu bir millətin həm məmurları burdadı, həm də ziyalıları. Qulu Məhərrəmli bir dərdimizi deyir, Elçin Şıxlı başqa dərdimizi, Yunus Oğuz bir arzumuzu, Arif Əliyev başqa bir istəyimizi, Rəşad Məcid ürəyimizdən keçənləri, Əflatun Amaşov mətbuatımızın dərdlərini, Akif Aşırlı Şərqlə Qərbi birləşdirir, Xoşqədəm xanım deyilənlərə üç nöqtə qoyur və sair və ilaxır. Ən gözəl də odur ki, bələdiyyə başkanımız Nurəddin bəy, valimiz Saim bəy, eləcə də digər qardaşlarımız bizim dediklərimizi deyirlər.
   
   İqdırda Heydər Əliyevi çox sevirlər. Elçibəyi də çox sevirlər. Hər kəsin öz yeri var, amma Heydər Əliyevə sevgi bir az da artıqdı. Bunun da səbəbləri var. İqdır Qarsın bir ilçəsiymiş (bizdə qəsəbə), 92-ci ildə Heydər Əliyev Naxçıvanda olarkən Dəmirəllə danışır və bu danışıqlardan sonra İqdırı Qarsdan ayırıb vilayət eləyirlər. Bununla da İqdırın bütün sahələrdə inkişafı başlayır. İqdır adlı bir kənd bir şəhərə çevrilir. Bizim ən böyük şəhərimiz hansıdır, Gəncəmi, neçə oteli var, deyəsən üç, indi İqdırda 51 otel var. 70 min əhalisi olan bir şəhərdə 51 otel var. İndi İqdırda nə qədər sənaye müəssisəsi var, istehsal müəssisələri var və sair və ilaxır. Heydər Əliyevin sayəsində bir kənd bir şəhərə çevrildi. Ona görə də otellərə girirsən Heydər Əliyevin və İlham Əliyevin portretləri var. Bu şəkillər mağazalarda da var, taksilərdə də var, avtobuslarda da var. Bu şəkilləri otellərdən də qopartmaq olar, mağazalardan da, taksilərdən də, avtobuslardan da, amma o şəkilləri insanların ürəyindən qopartmaq olmaz. Ən böyük heykəl, ən böyük şəkil, ən böyük portret insanların ürəyində olanda böyük olur. Küçədəki heykəli sökmək olar, amma insanların ürəyində olan heykəli yox.Yəni Heydər Əliyevin heykəli bu camaatın ürəyindədi, yəni İlham Əliyevə sevgi bu camaatın ürəyindədi. Elçibəyin Bakıda heykəli yoxdu, amma İqdır camaatının ürəyində var.
   
   Bu da İqdır. Bilmirəm Ağdamdayam, ya Ağcabədidəyəm, bilmirəm yanımda oturan Ağdamın icra başçısı Həsən Sarıyevdi, yoxsa Ağcabədinin icra başçısı Şahin Məmmədovdu, yoxsa İqdırın valisi Saim bəydi, ya bələdiyyə başkanı Nurəddin Arasdı. Bir sözlə, evimdəyəm, söz sahibi də mənəm.
   
   Bir sözlə, hamımız evimizdəyik, hamımız söz sahibiyik.
   
   Oxucu, arxasını yazım?!

TƏQVİM / ARXİV